Vaxt.Az

“Rusiyanın qəlbindən vurmaq” üçün düyməyə basıldı


 

Kremlin Qərbi enerji ilə şantajı nəticə verə biləcəkmi?

“Rusiyanın qəlbindən vurmaq” üçün düyməyə basıldı Rusiyanın Ukraynaya hücumunun on beşinci günündəyik və görünən odur ki, müharibə hələ bir müddət davam edəcək. Savaş uzandıqca qlobal iqtisadiyyatda, xüsusilə onun əsas hərəkətverici elementləri olan neft və təbii qaz bazarında yaşananlar, artan qiymətlər, tədarük zəncirlərinin öz etibarlığını itirməsi məsələnin iqtisadi tərəflərindən çox, dövlətlərarası siyasi gərilimlərə yol açdığını göstərir. Belə ki, ehtiyacının 35 faizindən çoxunu Rusiyadan qarşılayan Avropa ölkələri təbii qaz axınının kəsiləcəyi təqdirdə alternativ enerji mənbələri axtarmağa başlayıb.

Xüsusilə Avropa siyasi dairələrində, artıq bu qış qitə ölkələrinin təbii qaz anbarlarının boşaldılması və qiymət artımı ilə bağlı problemlərlə üzləşməsi,  Rusiyanın Ukraynaya müdaxiləsi, həmçinin Avropa İttifaqının (Aİ) Moskvaya qarşı iqtisadi sanksiyalarından sonra enerji həlli axtarışları intensivləşib. Xüsusilə Azərbaycan və onun ərazisindən Avropaya uzanan təbii qaz boru kəmərləri, bura Mərkəzi Asiya və İran qazının qoşulması ehtimalları, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) ağla gələn ilk həll yollarıdır. Son vaxtlar Avropa rəsmilərinin Bakıya artan səfərləri, ABŞ və Fransanın dövlət rəhbərlərinin Azərbaycan prezidenti ilə davamlı telefon danışıqları ölkəmizi istər geosiyasi, istərsə də geoiqtisadi planda önə çıxaran mühüm hadisələrdir. Təbii, ölkəmizin bu mənada önəmi az deyil, ancaq nəzərə alaq ki, Avropanın enerji təhlükəsizliyi qlobal məsələdir və Azərbaycan öz məhdud ehtiyatları baxımından açar ölkə sayıla bilməz, ən uzağı tranzit ölkə kimi müəyyən iqtisadi-siyasi dividentləri əlbət olacaq. Başqa yandan, Rusiyadan enerji asılılığından xilas olmaq üçün nəzərdən keçirilən alternativ qaynaq deyəndə ağıla nüvə və bərpa olunan enerji, su elektrik stansiyaları və kömür gəlir.

Putin administrasiyasının Qərbə enerji şantajının davam etdiyi və Ukraynada gedən müharibə fonunda Kremlə ünvanlanan cəhənnəm sanksiyaları indiki halda Moskva ilə dialoqu da mümkünsüz hala gətirib. Bir sözlə, vəziyyət kritikdir. Belə olduğu halda, Almaniya, Böyük Britaniya, Belçika və Fransada, bir müddətlik də olsa, imtina olunan bəzi zərərli enerji qaynaqlarını işə salmaq yenidən gündəmə gələ bilər. Xatırladaq ki, yaşıl enerji inqilabına hazırlaşan Qoca Qitə ölkələrində nüvə enerjisindən istifadə azalmışdı, əksər kömür stansiyaları iqlim hədəflərinə edilən təzyiqlər səbəbindən bağlanırdı. Bununla belə, Avropa bu gün enerjiyə olan ehtiyaclarında müstəqilliyini təmin etmək üçün prinsipial addımlar atmağa başlayıb.  

Beləliklə, Avropa Komissiyası bərpaolunan enerji potensialını artırmaq məqsədilə, Avropa Birliyinin (Aİ) Rusiyadan enerji asılılığını azaltmağı hədəfləyən “enerji müstəqilliyini” təmin edəcək plan dərc edib. Planın həyata keçirilməsi ilə bu ilin sonuna kimi Rusiya qazından asılılığın üçdə iki səviyyədə azaldıla biləcəyi nəzərdə tutulur.

Bu planla Avropa Komissiyası 2030-cu ilə qədər Rusiyadan alınan neftdən, ilk növbədə isə qazdan tamamilə imtina edəcəyini təxmin edir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu barədə çox əmin danışıb. 

Adam açıq şəkildə ifadə edib ki, Avropa Rusiyanın neftindən, kömüründən və qazından asılı vəziyyətdə qala bilməz. Onun sözlərinə görə, Avropanı açıq mətnlə təhdid edən təchizatçıya etibar etmək olmaz: “Biz enerji qiymətlərinin artmasının təsirini yumşaltmaq, qarşıdan gələn qış üçün qaz təchizatımızı şaxələndirmək və təmiz enerjiyə keçidi sürətləndirmək üçün indi hərəkətə keçməliyik”.

Avropa Birliyinin Yaşıl Sövdələşmə üzrə vitse-prezidenti Frans Timmermans isə daha cəsarətli danışıb: “Zəifliklərimizlə mübarizə aparmağın və enerji seçimlərimizdə daha tez müstəqil olmağımızın vaxtı gəldi. Gəlin, ildırım sürətində bərpa olunan enerjiyə keçək. Bərpa olunan enerji ucuz, təmiz və potensial olaraq sonsuz enerji mənbəyidir. Dünyanın başqa yerlərində tükənən yanacaq sənayesini maliyyələşdirmək əvəzinə, biz burada yeni iş yerləri yarada bilərik. Putinin Ukraynadakı müharibəsi bizim təmiz enerjiyə keçidimizi sürətləndirməyin aktuallığını nümayiş etdirir”.

“REPowerEU” adlanan planda Aİ-nin Rusiyaya məxsus enerji qaynaqlarından imtina etmək üçün atacağı ilk addımlardan biri qaz təchizatının diversifikasiyasıdır. Bunun üçün Rusiyadan kənar təchizatçılardan Mayeləşdirilmiş Təbii Qaz (LNG) və boru kəmərilə qaz idxalını artırmaq, daha böyük həcmdə biometan və bərpa olunan hidrogen istehsal edib idxal etmək planlaşdırılır. Bundan əlavə, planda enerji səmərəliliyini artıracaq və bərpa olunan enerjiyə keçidi sürətləndirəcək addımlar da var. Hazırda Aİ 2030-cu ilə qədər istixana qazı emissiyalarını 30 faiz azaltmağı planlaşdırır. 

Bunu gələcək üçün nəzərdə tutulan planın başlanğıcı hesab edib, gələk indiki zamana. Bəllidir ki, Ukrayna-Rusiya müharibəsi fonunda start götürən enerji müharibəsində kimin qalib, kimin məğlub çıxacağı, daha doğrusu, kimin karlı, kimin müflis olacağı ən çox müzakirə olunan məsələdir. 

Təbii qazdan fərqli olaraq, nefti dünya birjaları vasitəsilə fərqli mənbələrdən əldə etmək daha rahat olduğu üçün, Qərbin bu gün Rusiya neftindən imtina etməsi elə də problem yaratmaya bilər. 

ABŞ-ın Rusiyadan neft və neft məhsulları idxalı ümumi tələbatının sadəcə 3,6 faizini təşkil edir ki, bu da amerikalıların bundan rahatlıqla imtina edəcəyi anlamına gəlir. Artıq ABŞ-ın sanksiyaları altında inləyən Venesuela ilə danışıqlar gedir, bu Cənubi Amerika ölkəsi “gözü çıxmış rus qardaşı”nın gününə düşməmək üçün çox ehtiyacı olduğu hasilatı qaldırmaq imkanını nəzərdən keçirə bilər. Neftin artan qiymətləri fonunda Maduro ölkəsinə əlavə kapital qazandırmağa daha çox üstünlük verəcək, məncə. Bu minvalla Venesuela gündəlik hasilatı 3-3,5 milyon barelə qaldırsa, ABŞ yaranan defisiti kompensasiya edə biləcək. 

Avropanın isə Rusiya neftindən asılılığını (37 faiz) azaltmaq üçün indiki mərhələdə Ərəbistan Yarımadası ölkələri, xüsusilə də İranla təmaslara keçməkdən savayı, fikrimizcə, yolu yoxdur, çünki həcm olaraq Rusiya neftinə alternativ ancaq İran nefti ola bilər. Xatırladaq ki, neftlə zəngin qonşu İranın gündəlik 4-5 milyon barel hasilat potensialı var. Son vaxtlar uzun illərin iqtisadi sanksiyalarından dolayı ciddi maliyyə yastıqlarına ehtiyacı olan İranın rəsmi şəxslərinin nüvə danışıqlarında Qərblə danışıqlarda, diplomatik təmaslarda yumşaq davranışı, “yola gələ biləcəkləri” siqnalları cənub qonşumuzun öz xeyrini Putin administrasiyası ilə kövrək əlaqələrə qurban verməyəcəyi ehtimalı yaradır. Doğrudur, ən son İranın yeni prezidentinin Moskva səfəri zamanı dünyaya Kremldə namaz qılaraq diplomatik qiblə olaraq Rusiya paytaxtına yönəlik seçim elədiyini göstərmiş olsa da, şimal ölkəsinə qarşı tətbiq olunan cəhənnəm sanksiyaları İranı da ehtiyatlı davranışa məcbur edir. Bu mənada İranın böyük bazar və kapital sahibi Avropaya üz çevirəcəyi az inandırıcıdır. 

Çinlə məsələ isə aydındır. Xüsusilə Qərbin Ukrayna böhranı üzərindən Rusiyanı bütün sahələr üzrə ağlasığmaz dərəcədə cəzalandırma proqramı ABŞ-la nüfuz davasına çıxmış Çin üçün də bir gözdağı hesab oluna bilər. Məncə, Çin yaxın 15 il ərzində geri çəkildi və ən son Çin banklarının Qərb maliyyə təşkilatları ilə əməkdaşlıq etməkdə qərarlı olmaları, bir sıra Rusiya banklarını blok etmələri Putinin bütün cəbhələrdə təkləndiyini şərtləndirdi. 

Baş verənləri qısa olaraq belə şərh edək ki, nüvə silahı hədə-qorxuları ilə dünyada yeni güc balansı yaratmağa cəhd edən, bundan ötrü illərdir hər kəsin hörmət elədiyi beynəlxalq hüququ tapdalamaqdan belə qalmayan Putin administrasiyasının ətrafında çənbər daraldıqca, onun Qərbə qarşı enerji şantajı da öz effektini itirmiş olacaq və bununla da ABŞ prezidenti Baydenin sözü olmasın, “Rusiyanı qəlbindən vurmaq” planı baş tutacaq.

 





09.03.2022    çap et  çap et