O bildirib ki, “McDonald's” Rusiyadakı bütün restoranlarını müvəqqəti olaraq bağlayır və bazardakı bütün fəaliyyətini dayandırır.
Kempçinski bunu da deyib ki, şirkət Ukraynadakı işçilərinə dəstəyi davam etdirir və işçiilərə yardım fonduna 5 milyon dollar vəsait köçürüb.
Onun sözlərinə görə Ukraynadakı 108 restoran da müvəqqəti olaraq bağlanıb.
“McDonald’s” Rusiyada 62 min işçisinə maaş verəcəyini bildirib. Həmin işçilərin ““McDonald’s” brendinə ürəyini və qəlbini qoyduğu” vurğulanır.
Rusiyadakı digər fast-fud brendləri – “KFC”, “Pizza Hut”, “Starbucks” və “Burger King” frençayzilərə məxsusdur. “McDonald’s” isə Rusiyadakı obyektlərinin 84 faizinə özü sahiblik edir.
“KFC” və “Pizza Hut”ın təsisatçı şirkəti Yum Brands martın 7-də bildirib ki, Rusiyadakı 1050 restoranından gəlirinin hamısını humanitar işlərə ayırır. Şirkət Rusiyada yeni restoran açmağı da dayandırıb.
Digər korporasiyalar
Starbucks martın 8-də Rusiyada biznes fəaliyyətinə, yük göndərilməsinə və kafe əməliyyatlarına fasilə verdiyini açıqlayıb.
“Coca-Cola” və “PepsiCo” da martın 8-də Rusiyada biznesi müvəqqəti dayandırdığını açıqlayıb.
“PepsiCo” şirkəti “Pepsi”, “7Up” və “Mirinda” içkilərinin satışını dayandırdığını, bütün reklam kampaniyalarını, onlara kapital qoyuluşunu kəsdiyini açıqlayıb. Amma şirkət süd məhsullarının, uşaq qidasının çatdırılmasını dayandırmayacağını bildirib.
Artıq bir çox korporasiyalar Ukraynanın işğalına etiraz olaraq Rusiyada əməliyyatları dayandırıblar. Onların sayının 250-yə çatdığı bildirilir.
“Unilever” martın 8-də bəyan edib ki, Rusiyaya bütün idxalı və bu ölkədən ixracı dayandırır, daha Rusiyaya sərmayə qoymayacaq.