1. Ötən bir-iki ildə Belarusda yaranmış siyasi mühit, iqtisadi azadlıqların məhdudlaşdırılması, İT şirkətlərə olan basqılarla bağlı xeyli sayda İT şirkətlər, İT mütəxəssislər Belarusu tərk edərək Ukrayna, Polşa və digər ölkələrə köç ediblər.
Belarusun 70 000 İT mütəxəssisi vardı. İT sahəsində ixrac 4 milyard dollardan çox idi
2. Hazırda Rusiyanın 500 0000 –dən çox İT mütəxəssisi Ukraynaya təcavüzlə bağlı texnoloji sanksiyalar ucbatından işsiz qalmaq təhlükəsi ilə üzləşiblər.
Bu ölkədəki bütün qlobal İT şirkətlər fəaliyyətini dayandırıb. Hazırda on minlərlə İT mütəxəssislər, İT şirkətlər Ermənistan, Gürcüstan, Dubay, Mərkəzi Asiya ölkələrinə köç etməyə maraq göstərirlər və müxtəlif yollarla ölkəni tərk etməyə başlayıblar.
3. Ukraynada isə müharibədən öncə 250 000 İT mütəxəssis vardı. Hazırda onların bir çoxu Ukraynanın qərbinə sığınıblar. Bir çoxları da ya kiber müharibədə, yaxud da klaviaturanı Javelin və ya NLAW-la əvəz edərək, silaha sarılıb Rusiyaya qarşı vuruşurlar.
Güman etmək olar ki, bu ölkədəki bəzi İT şirkətlər Polşa, Avropa və Baltikyani ölkələrə maraq göstərəcəklər. Bu ölkədə İT məhsul ixracı 7 milyard dollar idi
Belə baxanda görünür ki, MDB məkanında yaxın perspektivdə
bir milyonadək İT mütəxəssisin miqrasiyası gözlənilir.
Azərbaycan üçün bu proseslərdə hansı gözləntilər var, baş verənlərdə bizim milli maraqlarımza təhdidlər varmı ?
Biz bu proseslərdən necə fayda götürə bilərik?
Məncə ki, bu suallar hökuməti ciddi olaraq düşündürməlidir. Hələlik mənim diqqətimi cəlb edən odur ki, Rusiyadakı İT mütəxəssislərin və İT şirkətlərin böyük bir hissəsi Gürcüstan və Ermənistana üz tutub.
Fikrimcə, qlobal şirkətlərdə təcrübə qazanan, uzun illər təcrübə toplamış peşəkar İT mütəxəssislərin adı çəkilən bu ölkələrdə məskunlaşması, orada dəyər formalaşdırması bu ölkələrin İT mühitini hədsiz yaxşılaşdıracaq. Ən yaxın müddətdə bu ölkələrin İT ixracı milyardlarla ölçüləcək, büdcələrinə xeyli vəsaitlər gələcək.
Ən təhlükəlisi isə odur ki Gürcüstan və Ermənistan Rusiya üçün İT sahəsində bir HUB-a çevrilə bilər.
Düşünürəm ki, bütün bunlar bizim üçün, çox ciddi siqnaldır. Aidiyyəti qurumları bunun fərqində olmalıdır.
Eyni zamanda fikrimcə təcili olaraq bizdə bu məsələlərlə məşğul olan xüsusi komissiya, əlaqələndirici qurum yaratmaq lazımdır.
Bu qurum Ukraynadan, Rusiyadan, Belarusdan köç edən qlobal İT şirkətlərin, həmçinin miqrasiya təhlükəsi ilə üzləşən yüz minlərlə İT mütəxəssislərin və şirkətlərin ölkəmizə gəlişi üçün şərtləri , kvotaları hazırlamalıdır.
Bu məqsədlə təcili olaraq ölkənin biznes mühitinin, vergi mühitinin, ödəniş mühitinin liberallaşmasını gücləndirmək lazımdır. Ciddi , cəlbedici güzəştlər hazırlamaq lazımdır.
Qlobal ödəniş sistemləri, “PayPal”, “Stripe” və s. ölkəmizə dəvət olunmalıdır, onlara şərait yaradılmalıdır.
Fikrimcə, müəyyən şərait formalaşdıqdan, kvotalar və tələblər müəyyənləşdikdən sonra hökumət, adını çəkdiyim əlaqələndirici qurum qlobal İT şirkətlərin, miqrasiyaya məruz qalan İT mütəxəssislərin ölkəmizə dəvət edilməsi üçün müraciətlər qəbul etməlidir.