Vaxt.Az

Ukrayna hadisələrinə baxış


 

Bundan böyük dərd və məhrumiyyət olarmı?

Ukrayna hadisələrinə baxış Ukraynada hadisələr gərgin müstəvidə davam edir. Fikrimcə, Ukraynada yaşanan hadisələrə birbaşa Ukraynanın öz içindən qaynaqlanan bir hadisə kimi yanaşmaq düzgün deyil.

Ukraynanı qazanmaq uğrunda bir tərəfdə Rusiya, o biri tərəfdə Avropa Birliyi və ABŞ olmaqla mübarizə gedir. Onlar Ukraynanı öz orbitlərinə salmaq uğrunda mübarizə aparırlar. 

Əgər, Ukrayna prezidenti Yanukoviç bir neçə ay sonrakı hadisələrin gedişini real görə bilsəydi, heç düşünmədən Assosiativ Sazişə qol çəkərdi. O həm hakimiyyətini, həm var-dövlətini, həm də nüfuzunu itirdi. Üstəlik şəxsiyyətini də itirdi və Ukrayna xalqı üçün xain bir şəxsə çevrildi. O, mart ayının 1-də Rusiya prezidenti Putinə Ukrayana hərbi müdaxilə etməyi xahiş edib. Artıq o Ukraynalıların gözündə xaindir və bundan sonra da ölkəyə yolu birdəfəlik bağlanıb. O daha keçmiş prezidentlər Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko ilə bir sırada otura bilməyəcək. 

 

İNQİLAB NECƏ BAŞ VERDİ?

 

Avropa Birliyi və ABŞ-ın dəstəyi olmadan Ukraynada növbəti inqilab baş verə bilməzdi. Düzdür, Ukrayna xalqı siyasi yetginliyini bir daha sübut etdi, amma beynəlxalq dəstək olmadan inqilab beşiyindəcə boğulacaqdı. 

Yanukoviç hakimiyyəti itirdi. Yanukoviçin hakimiyyəti itirməsi Putinin də Ukraynanı itirməsi ilə nəticələnmək təhlükəsini ortaya qoydu. Rusiya Ukraynanı əldə etmək üçün bütün mühum variantlardan istifadə etmişdi. Ukraynaya 15 milyard xərcləmək niyyətindəydi. 3 milyard dollar da artıq vermişdi. Belə demək olar ki, bunu rəsmi Kiyevə yox, Yanukoviçin siyasi hakimiyyətinə -  Regionlar Partiyasına vermişdi.

Bu gün reallıq budur ki, Ukraynanı Avropa Birliyi ilə ABŞ qazandı. Putin həm özünün təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqının prestijini qorumaq, Rusiyanın beynəlxalq aləmdə sovetlər birliyindən sonra yaranan digər bir güc qütbü olduğunu sübuta yetirmək cəhdini ortaya qoymalı oldu və bunun da nəticəsində Krımı və Ukraynanın Şərq vilayətlərini zəbt etmək çabaları göstərməkdədir.  

Görünən odur ki, bu il ərzində Ukraynanın yeni hakimiyyəti təbii ki, Avropa Birliyi ilə yeni saziş imzalayacaq. Ukraynanın NATO-ya qəbulu məsələsi çox ciddi şəkildə müzakirə olunur və yəqin ki, Ukraynanın NATO-ya tamhüquqlu üzv olması üçün proseslər daha da sürətləndiriləcəkdir. Bu isə NATO-nun Rusiyanın burnuna qədər gəlib çıxması deməkdir. 

 

NATO XOXANDIRMI?

 

Rusiya NATO-dan qorxur, yoxsa prestij və güc davası aparır? Soyuq müharibə artıq arxada qalıb. İnanmaq olmaz ki, ABI və Rusiya arasında klassik anlamda müharibə baş versin. Rusiya cəmiyyəti də kifayət qədər yetgin bir cəmiyyətdir, insanları mədənidir, oxumuşdur və təhsillidir. Milyonlarla ruslar mədəni dünyaya inteqrasiya edib və onlar Putinin imperialist siyasətini bəyənmirlər. Digər tərəfdən, Vladimir Putin də, haqqı demək lazım ki, müharibə etmək istəməz. Putin çox gözəl bilir ki, Rusiya hazırda nə iqtisadi, nə də siyasi cəhətdən bu imkanlara malik deyil. Hərbi cəhətdən güclü olsa da, ordusu tam olaraq müasir silahlarla təmin edilməyib.

Rusiya Çeçenistanla müharibə aparan zaman minlərlə qurban verdi və Şimali Qafqazda baş verən azadlıq hərəkatlarını (həm də terrorizm, qaçaqmalçılıq, adam oğurluğu və müxtəlif qanunsuzluqlar) boğmaq üçün 10-12 il zaman sərf etdi. Bütün dünya gördü ki, Rusiya əvvəlki gücünə malik deyil.

NATO Rusiyanın sərhədlərinə yaxınlaşsa da bu o demək deyil ki, NATO Rusiyaya hücum edəcək və Rusiyanı dağıdacaq. Dünya əvvəlki dünya deyil. Əgər dünya bilsəydi ki, Rusiya demokratik quruluşdur və demokratik cəmiyyətə malikdir, bəlkə də heç NATO-nun belə genişlənməsinə ehtiyac qalmazdı.

Rusiya öz davranışları və siyasəti ilə AB və ABŞ ehtiyatlı tədbirlər görməyə vadar edir. Əgər Putin Qərblə düzgün oyun qaydaları üzrə hərəkət etsəydi, keçmiş sovet PR və texnologiyalarından əl çəksəydi, bu gün Rusiyanın iqtisadi və siyasi quruluşu daha mütərəqqi və daha inkişaf etmiş olardı.

Rusiya gərək unutmasın ki, o zor gücünə bir yerə yığılan və assimilyasiya edilən xalqların birliyindən ibarətdir. Bu gün Ukraynanı parçalamaqla gələcək üçün özünə qəbir qazır. Çünki, Rusiyanın tərkibində olan federativ respublikalar bir gün Rusiyadan ayrılmaq qərarı verəcəklər və o milli-etnik zəmində baş verən mübarizə meydanına çevriləcək.

Rusiya əlində olanı saxlamaq əvəzinə, öz ərazilərini işğal vasitəsilə genişləndirmək niyyətinə düşür. Bu isə ona problemlərdən başqa heç nə qazandıra bilməz.

 

GÜRCÜSTAN VARİANTI TƏKRARLANA BİLƏRMİ?

 

İstənilən halda, hesab etmək olmaz ki, hal-hazırda ikinci bir Gürcüstan variantı yaşanır. Oxşarlıqlar var. Bu barədə bir az geniş təhlil aparacağıq. Amma, Qərb təsirli addımlar atmazsa, Gürcüstan variantı təkrarlana bilər.

Rusiya daha ciddi addımlara gedərək Krımın hətta Rusiyaya birləşdirilməsi haqqında qərar qəbul edə bilər. Yaxud Krım parlamenti bununla bağlı qərar qəbul edər və yaxud Krımın ayrıca bir Respublika kimi Ukraynadan ayrılması məsələsini gündəmə gətirib Krımın ayrıca bir dövlət kimi tanınmasını da həyata keçirə bilər. Amma, təsirli imkanlar ondan ibarətdir ki, dünya ictimaiyyəti də Rusiyanı cəzalandırmaq üçün kifayət qədər mövqe ortalığa qoymaq imkanına malikdir. Bu Çeçenistanla, Şimali Qafqazla, Tatarıstanla bağlı məsələdir. Təbii ki, Rusiya bütün dünya ictimaiyyətindən izolyasiya oluna və İranın gününə düşə də bilər. 

Hələ ki, sərt mövqeni ABŞ sərgiləyir. ABŞ o gücə malikdir ki, Rusiyanı bir ay içində fəlakətə sürükləsin. Amma, ABŞ-ın qəti addım atmasını şərtləndirən reallıqlar zəifdir. Ərəb inqilabları gözlənilən müsbət nəticələrə gətirib çıxara bilmədi. Bundan əlavə, ABŞ Suriyada Rusiya və Çin tandeminə ilişib qaldı. Bu problemlər çözülməmiş Rusiya ilə ciddi cəbhənin açılması ABŞ üçün də çətinliklər yaradır.

Amma, ABŞ Dövlət katibi Con Kerrinin də anonsunu verdiyi iqtisadi təzyiq və embarqolar tətbiq edilməmiş artıq Rusiya birja bazarında təlatüm yaradıb və rubl dəyərini itirib. ABŞ iqtisadi embarqolar tətbiq edərsə isə, Rusiyada daha ciddi sosial təlatümlər baş qaldıra və sosial partlayışın baş verməsi üçün zəmin də yarana bilər. Rusiyada Putini yıxmaq üçün pusquda yatmış milyonlarla insan və onlarla siyasətçilər də vardır.

Rusiyanın hazırda vəziyyəti o qədər də yaxşı deyil. Çünki, Soçidə olimpiadanın baş tutmasına Rusiya 55-60 milyard dollar pul xərcləyib. Bu, çox böyük bir məbləğdir. Rəsmi Moskva 60 milyard dollar xərcləməklə həm özünün super güc olduğunu ortalığa qoymaq istədi, eyni zamanda dünyaya digər simalı bir Rusiyanı təqdim etməyə çalışdı. Buna nail də oldu. Təsadüfü deyil ki, dünya bunu Putinin Olimpiadası adlandırmışdı. 60 milyard dollar xərcləyərək nail olduğu müsbət imicini bu gün Kreml demək olar ki, itirib. Yaxın günlərdə 60 milyard dollar sərmayədən ancaq və ancaq abadlaşdırılmış Soçi qalacaq. 

Yəqin ki, dünya ölkələri də bundan sonra Soçidə keçiriləcək digər yarılara da qatılmaqdan imtina edəcəklər. Artıq bunun da təzahürləri var. “Böyük Səkkizlər” Soçidə düzənlənəcək Zirvə Toplantısının ləğv olunması çağırışı etməkdədirlər. Tezliklə “Böyük Səkkizlər” “Böyük Yeddilik” variantına da qayıda bilər.

Qayıdaq Gürcüstan variantının təkrar olunma ehtimalına. Ukrayna bir dərsdir. Bu dərs həm Rusiyanın caynağından qurtarmaq istəyən ölkələr üçün bir dərsdir, həm də ABŞ və Avropa Birliyi üçün böyük bir sınaq və dərsdir.

Əgər Qərb 2008-ci ildə qətiyyətli olsaydı, Kreml ikinci dəfə başqa bir ölkənin ərazisini işğal etmək cəsarətinə malik olmazdı.

Belə çıxır ki, Azərbaycan AB-yi ilə Assosiativ Saziş imzalasa, o zaman daha 20 faiz torpaqlarını itirmək təhlükəsi ilə üzləşəcəkmi?

Ermənistan Rusiyadan imtina edərək, AB-yə çevrilsə, acından, susundan və soyuqdan öləcəkmi?

Belarusun ömürlük lideri Lukaşenko bir gecədə yuxu görüb, sabah demokratik açılım elan edərək Şərq Tərəfdaşlığın çərçivəsində əməkdaşlığa başlayarsa, qarantiyası varmı ki, Belarus dövləti bir gecədə Rusiyanın əyalətinə çevrilməyəcək?

Məsələ burasındadır ki, Səddam Hüseyn 1991-ci ildə Kuveyti işğal edən zaman ABŞ Kuveyti bir günə azad etdi. Bu dünya üçün ciddi bir dərs oldu. Heç bir ölkənin ixtiyarı yoxdur ki, digər dövlətin ərazisini işğal etsin.

Dövlət katibi Con Kerri demişkən, dünya keçən əsrin əvvəlindəki kimi idarə oluna və o tip əsaslandırmalara da inana bilməz. 21-ci əsrin qaydaları başqadır.

 

QƏRB NƏ ETMƏLİDİR?

 

Birinci növbədə, Qərb sözdən işə keçməlidir. Yəni Assosiasiya Sazişinə ciddi dəyişikliklər edərək, Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün onu daha cəzbedici etməlidir. Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle də Münxen Təhlükəsizlik Konfransında da çıxışında ŞT üzv ölkələrinə gələcəkdə AB-nin üzvü olmaq imkanı verilməsini istəmişdi.

Avropa Birliyi Ukraynanı qoruya bilməsə, o zaman digər ölkələri də itirəcək. Bu gün bütün Avropa “Hamımız Ukraynalıyıq” devizi altında mübarizəyə qoşulmalıdır. Bu baş verməyəcəksə, ŞT iflasa uğraya bilər.

Bu gün ŞT ölkələri assosiasiya sazişini imzalayan zaman və bundan sonrakı inteqrasiya dövründə sərhədlərinin toxunulmazlığı və stabilliyin saxlanılması zəmanətinə malik olmalıdırlar. Bu məsuliyyəti ABŞ və AB üzərinə götürməlidir. Əks halda, heç bir ölkə istəməz ki, Rusiya Ukraynanın başına gətirdiyini onun da başına gətirsin.

Demək ortaya vacib bir məsələ çıxır: ABŞ və AB birinci növbədə Rusiya ilə problemlərini həll etməli və ondan sonra ŞT ölkələrinə inteqrasiya ilə bağlı təzyiqlərini artırmalıdır. Əks halda, demokratikləşmə istəməyən ölkələr də əlavə bəhanə əldə edərək assosiasiya sazişindən imtina edəcəklər.

 





04.03.2014    çap et  çap et