ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərdən birinin sualına cavab verərkən Rusiyadan neft alışının dayandırılması üzərində çalışdıqlarını bildirib. Bu açıqlamadan sonra neftin bir barelinin qiyməti 130 dollara qədər artıb. Bu 2012-ci ildən bu yana neftin bir barelinin ən yüksək qiymətidir. ABŞ öz rezervlərindən dünya bazarına daha çox neft çıxarmağı planlaşdırır. Söhbət əlavə 30 milyon bareldən gedir. Ancaq müharibə və Rusiya neftinə embarqo davam edərsə neftin qiymətini aşağı salmaq çətin olacaq.
Rusiya ümidini yenə Çinə yönəldib. Bu ilin ilk iki ayında Rusiya ilə Çin arasındakı ticarətinə həcmi 26 milyard dollardan çox olub. Bu ötən ilin eyni iki ayı ilə müqayisədə 38 faiz çoxdur. Ümumilikdə 2021-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 149 milyard dollara yaxın idi. Bu gedişlə bu il ticarət mübadiləsinin həcmi 200 milyard dollara çata bilər. Rusiya Avropaya sata bilməyəcəyi nə varsa Çinə satmağa çalışacaq. Ancaq Çin hər məhsulu almağa maraq göstərməyəcək. Çinin özü dünya ölkələrinə müxtəlif mallar satır. Rusiya neft satışında problemlərlə üzləşdikdə neftini Çinə daha ucuz qiymətə satmağa çalışacaq. Qiyməti Pekin diktə edəcək.