Pyotrla başlayan böyük köç
Ukraynalıların Azərbaycana gəlişi 18-ci əsrin əvvəllərinə, I Pyotrun İrana qarşı yürüşləri dövrünə təsadüf edir. Sonralar II Yekaterinanın Zaporojye Seçinin ləğvi qərarı da kütləvi köçə səbəb vermişdi. XX əsrin bir sıra hadisələri – I Dünya Müharibəsi, 1917-ci il inqilabı, Vətəndaş Müharibəsi, Ukraynadakı aclıq və repressiyalar, II Dünya müharibəsi, və SSRİ-nin xalq təsərrüfatının müharibədənsonrakı bərpa prosesi də ukraynalıların Azərbaycana axınına rəvac vermişdi. Ukraynalı mütəxəssislər Sumqayıt Boruprokat Kombinatının, Gəncə Alüminium Zavodunun, Mingəçevir Su Anbarı və Su Elektrik Stansiyasının tikintisi, Azərbaycanın kimya sənayesinin qurulması, Samur-Dəvəçi kanalının çəkilişi, Xəzər dənizinin neft ehtiyatlarının mənimsənilməsində iştirak edərək böyük töhfələrini veriblər. Onların bir hissəsi işlərini bitirdikdən sonra ailələri birlikdə Azərbaycanda qalmağa, ya da elə burada öz ailələrini qurmağa qərar veriblər. Qafqazdan ən çox ukraynalı məhz Azərbaycanda yaşayır və sayları 30 min civarındadır. Bakı ilə Kiyev, Gəncə ilə Dnepropetrovsk, Sumqayıtla Çerkassı, Şəki ilə Jmerinka qardaşlaşmış şəhərlərdilər. Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur, ölkəmizdə Taras Şevçenko adına icma fəaliyyət göstərir, həmçinin Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi təşkil olunur. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq və tərəfdaşlıq əlaqələri var. Azərbaycanın milli qəhrəmanları arasında Ruslan Polovinka və digərlərinin adları da var. Bir sözlə, Ukrayna ilə iç-içəyik. İdmanda isə bu yaxınlıq daha yüksək səviyyədədi.
Hər 5 medaldan biri
Ukrayna bayrağı altında mübarizə aparmış və uğurlar qazanmış azərbaycanlıların sayı az deyil. Elə ən son Tokio Olimpiadasında gümüş medalla fərqlənmiş Pərviz Nəsibovun adını qeyd etmək yetərlidi. Ancaq bu - azərbaycanlıların Ukrayna idmanındakı imzaları barədə növbəti yazımızda söhbət açacağıq. Bu dəfə ukraynalıların bizim bayrağımız altında çıxışını analiz edəcəyik.
Azərbaycan idmanın uğurlarında xüsusi Ukrayna imzası var. Onlarla ukraynaəsilli idmançı müxtəlif idman növlərində yüzlərlə beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış ediblər və bu proses indi də davam edir. Futboldan güləşə, cüdodan ağır atletikaya, digər növlərdə qazanılan çempionluqlar və medallar məhz bu qardaş xalqın nümayəndələrinin aktivindədi. Ən sadə və göz qabağında olan bir fakt hər şeyi ortaya qoyur: Azərbaycanın müstəqillik dövründə Olimpiya Oyunlarında qazandığı 49 medaldan 9-nu məhz Ukrayna əsilli idmançıları əldə ediblər. Bu isə orta hesabla hər 5 medaldan biri demədir. Nəhəng rəqəmlərdir. Mariya Stadnik, Valentin Demyanenko, İnna Radomska, Natalya Sinişin, İrina Zaretska və İrina Kindzerska qazandıqları 4 gümüş və 5 bürünc medalla Azərbaycan idman tarixinə ciddi töhfə verə biliblər.
Bizim Mariya
Ukraynalı idmançılardan bir neçəsini yada salaraq miqyasın necə böyük olduğunu görməyə çalışa bilərik. Ondan başlayaq. Ondan. Ayrıca abzası haqq edən qadından. Qadın güləşində Azərbaycanın şərəfini qorumuş və uğurlar qazanmış Alyona Kolesnik, Nataliya Sinişin, İrina Netreba, Tatyana Omelçenko və digərləri var. Ancaq şübhəsiz, Azərbaycan, Ukrayna və idman deyiləndə ağıla gələn ilk şəxs gözəl qadın, səmimi, böyük ürəkli, mərd insan, möhtəşəm idmançı olan Mariya Stadnikdi. Onun əldə etdiyi uğurlar, həmçinin ölkəmizə nümayiş etdirdiyi sevgi onu Azərbaycan xalqının ən sevimli idmançılarından birinə çevirməyə imkan verib. O, bizlərdən biri, bizim Mariyadı. Stadnik bütün zamanların ən yaxşı Azərbaycanlı qadın güləşçisidi. 2008-ci il Pekin və 2021-ci İl Tokio Olimpiadalarında bürünc, 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Olimpiadalarında gümüş medalçısı, 8 qat Avropa, 2 qat dünya çempionu və dünya çempionatının üçqat gümüş və bir bürünc mükafatçısı, Avropa Oyunlarının ikiqat qalibi, İslam Oyunlarının qalibi, 10-larla müxtəlif digər beynəlxalq yarışların qalibi və mükafatçısıdır. Azərbaycana ardıcıl dörd Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı kimi tarixə düşən Mariya, dövlət tərəfindən “Tərəqqi” medalı, "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu, “Şöhrət” ordeni”, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Əminliklə söyləmək olar ki, Lvovlu Mariya Stadnik Azərbaycan-Ukrayna dostluğunun idmanda yüksək təcəssümünü tapmış ən ideal nümunədir.
Komandalarımızın komanda üzvləri: Skazka və Banişevski
Azərbaycanda ən çox sevilən komanda idman növlərindən biri voleyboldu ki, burada Ukraynanın təsiri ən yüksək səviyyədədir desək, yanılmarıq. Qadınlardan ibarət millimizin ən məşhur üzvləri məhz qardaş slavyan dövlətindən gəlmədirlər. Adlara baxın: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Natalya Məmmədova-Skazka, Yekaterina Jidkova, Yelena Həsənova, Lidiya Maksimenko... Bunların üzərinə Bakıda doğulmuş Valeriya Korotenko, Oksana və Yelena Parxomenko bacıları və başqalarını da əlavə etsək, əlavə şərhə ehtiyac qalmır. Bu idmançılarla Azərbaycan çox sayda böyük qələbələr qazanıb. 2001-ci ildə Bakıdakı finalda qazanılan tarixi “Top komandalar kuboku”ndan başlayaraq, Çempionlar Liqasında dördlər finallarına, klublararası dünya çempionluqlarına, İslam Oyunlarında qələbəyə, Avropa çempionatlarında yarımfinallara, çox sayda fərdi titul və mükafatlara qədər əksər zəfərlərdə ukraynəsilli voleybolçularımızın imzası var.
Komanda deyəndə yada həm də futbol düşür. Müstəqillik dövründə müxtəlif vaxtlarda Azərbaycan yığmasının şərəfini qorumuş və hazırda da qoruyan, həmçinin Azərbaycan çempionatından güclü klublarda oynayaraq uğurlar qazanmış Aleksandr Çertoqanov, Volodimir Levin, Andrey Popoviç, Anton Krivotsyuk, Rüstəm Əhmədzadə, Dmitri Nağıyev, Pavel Paşayev, Aleksey Stukas, Vladislav Poşexontsev, Vladislav Nosenko və digərləri yerli azarkeşlərə yaxşı tanışdı. Son aylara qədər milli komandanın qapıçılarla işləyən məşqçisi, hazırda Moskva ÇSKA-sında çalışan məşhur sabiq qolkiperimiz Dmitri Kramarenkonun özü Bakıda, atası Gəncədə anadan olsa da, əslən ukraynalıdı.
Ancaq Azərbaycan futboluna Ukraynanın bir qədər dolayı da olsa, ən böyük töhfəsi şübhəsiz, əfsanəvi, tariximizin ən yaxşısı olan Anatoli Banişevskidi. Daima özünü bakılı hesab edib, cazibədar təkliflərə yox deyərək onu tərk etməyən dahi “9 nömrə” 1946-cı ildə, kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində Bakıda anadan olub. Banişevski yadımızda mlyonların sevimlisi, böyük futbolçu, tarixi uğurların sahibi və böyük qələblərdə imzası olan əsl azərbaycanlı vətənpərvər kimi qalıb.
Bayrağımız üçün fərdi mübarizə
Güləşlə bərabər digər fərdi idman növlərində də ukraynalı idmançılar öz növlərinə damğa vurmağı bacarıblar. Kanoe və avarçəkmədə bu adların önündə Valentin Demyanenko gəlir. Çerkassıda anadan olan və 2007-ci ildən ölkəmizin şərəfini qoruyan idmançının aktivində 4 dünya və 4 Avropa çempionluğu, həmçinin 2016-cı il Rio Olimpiadasının gümüş medalı var. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordenə layiq görülüb. Xersonda anadan olan İnna Osipenko-Radomska da Rioda bayrağımızı bürünc medalla yüksəltməyi bacarıb. Müxtəlif zamanlarda avarçəkənlərdən Olşankalı Andrey Kraytor (yeniyetmələr arasında Avropa və dünya birinciliklərinin qalibi, böyüklər arasında dünya çempionatında komanda estafetdə 4x200 metrdə gümüş medal), Nikolayevdən Maksim Prokopenko və Sergey Bezuqlı (dünya çempionatlarında hərəyə 5 gümüş medal) da uğurları ilə fərqləniblər.
2021-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış edən 9 cüdoçudan yalnız biri medal qazana bilmişdi ki, o da +78 çəkidə mübarizə aparan İrina Kindzerska idi. O, üçüncü yer uğrunda döyüşdə çinli rəqibi Hu Şinyana ipponla qalib gələrək bürünc medalı təmin etmişdi. Həyat yoldaşı azərbaycanlı keçmiş cüdoçu Həmid Əliyev olan İrina Ukraynanın Xmelnitski vilayətində anadan olub. 2017-ci ildən Azərbaycan millisində çıxış etməyə başlayan Kindzerska İslam Həmrəylik Oyunları (2017) və Avropa çempionatında (2020) 2-ci, dünya çempionatı (2017) və Avropa Oyunlarında (2019) isə 3-cü yeri tutub. İrina müsahibələrinin birində Olimpiya medalının Azərbaycanın Vətən Müharibəsindəki tarixi qələbəyə həsr etdiyini deyib. Rusların son hücumu nəticəsində evi dağılan İrina bu səbəbdən idmançı karyerasını başa vurduğunu açıqlayıb.
Yaponiyada Azərbaycana daha bir medal (+61 kq çəki dərəcəsində gümüş) qazandıran ukraynalı qadın idmançı İrina Zaretska da ukraynalıdı. Çernovidskayadan olan karateçi I Avropa Oyunları və IV İslam Oyunlarında qızılla yanaşı, iki qat Avropa və ikiqat dünya çempionluğu ünvanına da sahibdi. Zaretska Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.
Ukrayna təmsilçiləri atletikamızda da az deyilllər. Rio və Tokio Olimpiya Oyunlarının iştirakçısı, luqansklı Anna Skidan çəkicatmada Avropa Oyunlarında gümüş, İslam Oyunlarında bürünc, Universiadada qızıl, Avropa çempionatında bürünc medal qazanıb. Xarkovlu Rostislav Pevtsov triatlonda I Avropa Oyunlarında, Yeni Zelandiyadakı dünya kubokunda bürünc, Çendudakı dünya kubokunda gümüş medal qazanıb. Rio Olimpiya Oyunlarında da iştirak etmiş Pevtsov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Üzgüçülükdə 2012-ci il London Olimpiya Oyunlarında iştirakı ilə fərqlənən Oksana Hətəmxanovadan sonra Tokio Olimpiadasında çıxış etmiş Maksim Şemberyov ön plana çıxıb. O, İslam Oyunlarında 4 qızıl medal, Qətərdəki dünya kubokunda 200 metr məsafədə brassda qızıl, 400 metr kompleks üzmədə gümüş medal qazanıb, Azərbaycan tarixində dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı olub.
Zərifdən ağıra...
Gimnastikasız olmaz. İdman gimnastikasında qısa müddət ərzində bayrağımız altında çıxış etmiş, Rio Olimpiadasının da iştirakçısı olmuş Oleq Stepko I Avropa Oyunlarına bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. Bu uğuruna görə “Şöhrət” ordeni ilə təltif edilib. Kiyevli Petro Paxnyuk da Olimpiadada Azərbaycan adına mübarizə aparıb. O, həmçinin 2014-cü ildə “Bosfor Kuboku” və “Batumi Kuboku” turnirlərinin hər birində üç qızıl medal, 2015-ci il I Avropa Oyunlarında кomanda yoldaşları Eldar Səfərov və Oleq Stepko ilə birgə bürünc medal qazanıb, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Bədii gimnastikada isə Marina Durundanın adını çəkmək lazımdır. Sevastopoldan olan zərif cinsin nümayəndəsi dəfələrlə Azərbaycan çempionu, Avropa çempionatının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır. Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Digər növlərdən velosiped idmanında Maksim Averin, Yelena Pavluxina, Olqa İsmayılova, ağır atletikada Yuliya Dovqal, Kseniya Vişnitskaya, Alyona Kiriyenko, Yuliya Derkaç, Tatyana Varlamova Azərbaycanın üçrəngli bayrağını müxtəlif uğurlu periodlarda müxtəlif nəticələrlə qaldırmağı bacarıblar.
İkinci və birinci Vətən!
Siyahı uzundu. Bu yazıda sizə ən üzdə olan, ictimaiyyətin tanıdığı, əsasən Olimpiya idman növlərində müəyyən uğurlarla fərqlənmiş idmançıları seçərək təqdim etməyə çalışdıq. Ulduzu parlamamış, nisbətən aşağı səviyyələrdə mübarizə aparan onlarla digər komanda və fərdi idman növlərində, müxtəlif klub və cəmiyyətlərin heyətində bəlkə də yüzlərlə ukraynalı çıxış edib, səssizcə gəlib, səssizcə də gediblər. Hələ 70 il birgə yaşadığımız sovetlər dönəmində assimilyasiya olmuşları da bura əlavə etsək, saylar minlərlə ölçülər. Hər halda, bu da bir taledir. Özünü və özünə dost və yaxşı həyat tapmaq, arzularını çin etmək üçün Şərqi Avropanın düzənliklərindən Cənubi Qafqazın dağlarına qədər gəlmiş bu insanlar burada qərib olmayıblar. Azərbaycan bu səmimi və gözəl insanları böyük məmnuniyyətlə ağuşuna alıb, onlara ikinci, sonra da birinci Vətənə çevrilib. Onlar da bunun əvəzini yeni vətənlərinə qələbələr qazandırmaqla veriblər. Çox sağ olsunlar!
Слава Україні!