Vaxt.Az

Hər sonucda Ukrayna qalibdir


 

SSRİ-nin 115 ayda itirdiyini, Rusiya 15 gündə üstələdi

Hər sonucda Ukrayna qalibdir Açığı Ukrayna hadisələrinə dərhal, ilk gündən münasibət bildirsəm də, son günlər baş verənlər barədə tanınmış rus, ukraynalı ekspert və politoloqların fikirlərini paylaşmağı üstün tuturam, çünki onların bizdən daha çox məlumatlı olmaları düşüncəsindəyəm.

Vətən savaşı dövründə öz məntiqli müsahibələri, rəvan nitqi ilə gündəmə gələn və sonra mətbuatın diqqətindən düşməyən Türkiyə hərb, NATO təhsilli, ehtiyatda olan baş zabitimizin ekspert qismində məlum olay mövzusundakı müsahibəsini dinlədim.

Hərbçimiz ordumuzda polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Söylədikləri bugünkü Türkiyə telekanalları ekspertlərinin ruhundadır, təbii ki, buda obyektiv deyil. Cənab zabit heç olmasa Türkiyə təhsilinə görə rus hərb tarixini düzgün tərəfdən qiymətləndirməli idi. Halbuki biz sovet təhsili alanlar bunu daha obyektiv dəyərləndirməyə çalışırıq.

Birinci dünya savaşında Rusiya uduzub, elə bugünkü Ukrayna ərazisini təhvil verməklə, Almaniya ilə biabırçı Brest sülhü imzalayıb. Onun müttəfiqləri (Antanta) qalib olduğu üçün verdiklərini, (o cümlədən Qafqazı) geri ala bilib.

İkinci dünya savaşında təbii ki, yenə əvvəlki müttəfiqlərlə birlikdə qalib olub. Amma bu qalibiyyət ona 30 milyon qurbana başa gəlib. Müharibənin ilk aylarında, Qərb cəbhəsində 3 milyondan çox hərbiçisi əsir düşüb. Tam iflas olan Almaniya isə 9 milyon insan itirib. 

Sən Ukrayna ordusunu görmədiyini deyirsən, bildirirsən ki, onlar açıq müharibə, yəni mövqe döyüşü aparmırlar, ortada yoxdurlar. Amma əziz akademik təhsilli hərbiçim, Ukrayna müdafiə tərəfi olaraq, düşmənin həmləsinə uyğun taktika seçib. Düşmənin bu günə qədər olan taktikası isə manevr taktikasıdır. Əfqanıstan və Gürcüstanda olduğu kimi. Ruslar yel buraxıb 15 gündən sonra anlayıblar, bu gündən mövqe döyüşləri ilə Kiyev üzərinə hücuma keçirlər. Təbii ki, o zaman Ukrayna ordusunun şəraitə müvafiq yeni taktikasını görəcəyik. Nəticə ortada. Dünyanın altıda bir ərazisinə malik, əhalisi Ukraynadan 3,5 dəfə çox olan, qüdrətli bir dövlətin ordusu, öz rəqibi üzərində, itkilərinə rəğmən bir ciddi qələbə belə qazana bilməyib. Deməli VSU komandanlığını tənqidin yersizdir.

Əfqanıstanda 9 il, bir ay, bir həftə mövcud olan 40-cı sovet ordusu (Ukraynada isə 41-ci ordu, tarixin ironiyası) bu müddət ərzində cəmi 13833 hərbiçi itirib. 343 nəfər itkindir. Döyüşdə yaralanan və sair xəsarət alanların dayı 50056 nəfər.  Texnika itkiləri:

- tank-147

- BTR, BMP, BRDM -1314

- top və minaatanlar - 233

- hərbi təyyarələr - 114

- helikopterlər - 332

Şəxsi heyətin ən çox itki verdiyi vaxt 1984-ci il olub. Bir il ərzində 2343 nəfər.

1979-cu ildə Əfqanıstana daxil olan kontingentin şəxsi heyəti təxminən 150 min nəfər olub. (Bu dəfə də rus ordusunun hücuma keçən heyətinin sayı haqqında uyğun rəqəm səslənir) bir neçə aydan sonra bəzi hissələr çıxarılıb, 130 min heyət qalıb. 

Ukraynada cəmi iki həftəlik döyüşlərdə rus ordusunun itkiləri barədə kifayət qədər bitkin məlumat almaq olar. İtkinin bütün əfqan kompaniyası qədər olmamasını iddia etsələr də, hər halda onun bir ilində olan itkilərdən çoxdur. Bunlar faktlardır, mənim uydurmam deyil, tapıb yoxlamaq olar.

Obyektiv araşdırma yapmaq üçün yalnız Türkiyə telekanalları kifayət etmir,  çünki onların məlumatı Rusiya mediasından az fərqlidir. İsrar etmirəm ki, Ukrayna tərəfinin informasiyası quran ayəsidir,  müharibədir, şişirtmələr ola bilər. Amma Rusiya tərəfi ümumən nağıl söyləyir. Hələ ki, ciddi bir uğuru da  görünmür, görünən yalnız qəddarcasına mülki insanların başına bomba yağdırmasıdır. Dözə biləcəkmi Ukrayna,  bu qorxaq, ədalətsiz dünyanın seyriçiliyi ilə başına gətirilən faciəyə? Bilmirəm, amma o dəqiqdir ki, Putin, fərsiz generallarının qarşısına qoyduğu tapşırığa yetişsə belə, qalib deyil. Hər bir sonucda qalib Ukrayna xalqdır.

 





11.03.2022    çap et  çap et