Buna Rusiya XİN rəhbəri Sergey Lavrovun Ukrayna və Türkiyə XİN rəhbərlərinin görüşündən sonra verdiyi bəyanatından bir daha əmin olduq.
O, deyib ki, “biz başqa ölkələrə hücum etməyi planlaşdırmırıq, biz heç Ukraynaya da hücum etməmişik”! Bunu Kiyevi, Xarkovu, Umanı, Sumını, Mariupolu bombalayan dövlətin rəsmisi deyir.
Bu bəyanat Rusiya ordusunun Ukraynanın uşaq bağçaları, doğum evləri, yaşayış kompleksləri, müxtəlif şəhərlərinin məhv edilməsindən sonra verilib. Bu bəyanat Rusiya tanklarının, “İskəndər”lərinin və digər texnikasının məhv edilməsindən, çoxsaylı Rusiya işğalçılarının əsir düşməsindən, həlak olan rus işğalçılarının sayının 12 mini ötməsindən sonra verilib.
Rusiyadan bundan artığını gözləmək olmaz.
Uzun illər ərzində o, nümayişkaranə olaraq beynəlxalq hüququ qulaqardına vurub, törətdiyi cinayətlərin bədəlini ödəməyib. 2008-ci ildə Gürcüstanda da belə oldu. Gürcüstanın çoxsaylı şəhər və yaşayış məntəqələri bombardmana məruz qaldı. Amma Rusiyaya qarşı törətdiyi cinayətə görə cəza tədbirləri görülmədi.
Kremldə belə bir möhkəm fikir formalaşıb ki, Qərb zəif və qorxaqdır. Məhz belə bir əminlik Rusiyanı Krımın ilhaqına, Donbasda separatçılığı və terrorçuluğu dəstəkləməsinə, nəhayət, qondarma qurumların tanınmasına gətirib çıxardı. Putin əmin idi ki, bu dəfə də yüngül sanksiyalarla canını qurtaracaq, ona görə də Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaq əmri verib.
Amma o, yanılıb. Rusiyaya qarşı elə sərt sanksiyalar tətbiq edilib ki, onlar ölkəni Avropanın ən yoxsul ölkəsinə çevirəcək. Lakin bu sanksiyaların nəticələrinin nə qədər ağrılı olmasını rusiyalıların hiss etməsi üçün zaman lazımdır.
Bu arada Ukrayna şəhərləri hər gün və hər saat bombardman edilir. ABŞ və NATO Ukrayna üzərində səmanı bağlamır. Baxmayaraq ki, bütün dünyaya inanılmaz şəxsi igidlik nümayiş etdirən prezident Zelenski dəfələrlə bu barədə xahiş edib. Əslində bu, ukraynalıların həyatını qorumaqdan imtina edilməsi deməkdir.
Ukraynanın qələbə qazanmasına heç kim, o cümlədən Azərbaycan da şübhə etmir. Azərbaycan təkbaşına təkcə Ermənistana qarşı deyil, onun müttəfiqi Rusiyaya qarşı müqavimət göstərib.
44 günlük Vətən müharibəsində erməni tərəfindən qənimət kimi ələ keçirilən texnikanın Bakıdakı hərbi paradda nümayişini xatırlayın.
Bu texnika Rusiyaya məxsusdur. Azərbaycana atılan “İsgəndər” raketi də Rusiyaya məxsusdur. Hazırda bu raket Bakıda hərbi qənimətlər parkında nümayiş etdirilir.
Elə Rusiya işğalçılarının ələ keçirilən silahları da Kiyevdə belə bir parkda nümayiş etdiriləcək.
Ukrayna və Ukrayna xalqına qarşı törədilən cinayətləri heç kimin və heç zaman unutmaması üçün...