Vaxt.Az

Putin Ukraynaya niyə nifrət edir?


 

Demokratikləşmənin Rusiya və Belarus cəmiyyəti üzərində ciddi təsirləri var

Putin Ukraynaya niyə nifrət edir? Bəziləri Kremlin başladığı müharibəni Rusiyanın geopolitik marağı, milli təhlükəsizlik strategiyası və ya NATO-nun ekspansiyasına reaksiya kimi qələmə verir. Bu yazı məhz bu cür düşünən şəxslər üçündür.

Yeltsin Putini Rusiya cəmiyyətinə təqdim edəndə nüfuzu və yüksək siyasi krediti olmayan adi bürokrat və keçmiş DTK zabiti idi. Amma ikinci Çeçen müharibəsində artan reytinqi və inzibati resursların köməyi ilə 2000-ci ilin prezident seçkisində 53 faiz səs toplayıb ölkənin başına keçdi. Ukraynada isə az öncə - 1999-cu ilin noyabrında Leonid Kuçma 56 faiz səslə ikinci dönəm Ukraynanın prezidenti seçilmişdi. Bu iki seçkinin arasında fərq vardı – Küçma bu qələbəsini əvvəlki seçkidə olduğu kimi ikinci turda qazanmışdı. Yəni siyasi plüralizm və rəqabətli siyasi mühitlə bağlı Ukraynanın durumu Rusiyadan daha yaxşı idi.

***

Kuçmanın ikinci dönəmi rahat keçmədi. Sosialistlər onu jurnalist Qonqadzenin qətlində ittiham edirdilər. Mediada güc strukturu rəhbərlərinin bu qətlə bağlı söhbətinin audioyazısı yayılmışdı. Ardınca tələbə və gənclər qrupları, ictimai fəalların iştirakı ilə “Kuçmasız Ukrayna” hərəkatı başladı. Əsas tələblər Kuçma başda olmaqla güc strukturları rəhbərlərinin istefası idi. Bir il ərzində Kiyev etiraz aksiyalarına səhnə oldu. Kuçmanın legitimliyi sarsılmışdı. Komandasında parçalanma başladı. Onunla il yarım çalışmış Yuşenko baş nazir vəzifəsindən getdi. 2001-ci ilin mayında isə iki güc strukturu rəhbəri istefa verməyə məcbur oldu. Kuçma ilə münasibətləri isti olan Putin baş verənlərdən rahatsız idi.

***

Yuşenko 2001-ci ildə sağ-mərkəzçi və liberal-millətçi partiyalarla birgə “Bizim Ukrayna” blokunu yaratdı. Bu alyans 31 mart 2002-ci seçkilərində Ali Radada yerlərin 23 faizini qazanaraq, Ukraynanın müstəqillik tarixində ilk dəfə kommunistləri məğlub etdi. Ali Radada 6 fərqli siyasi partiya təmsil olunurdu və ölkənin əsas siyasi mərkəzinə çevrilmişdi.

Ancaq 2003-cü ildə Putin dövründə keçirilən ilk Duma seçkilərində onun de-fakto rəhbəri olduğu Vahid Rusiya inzibati resurslar və medianın dəstəyi ilə deputat yerlərinin mütləq çoxluğunu əldə etdi, demokratik qüvvələr isə Dumada azlığa çevrildi.

***

2004-cü il prezident seçkilərində Yuşenko cüzi fərqlə Rusiya yönümlü Yanukoviç üzərində qələbə qazandı. Yuşenkonun gəlişi ilə Ukraynada demokratik institutların möhkəmlənməsi prosesi daha sürətləndi.

Beləliklə, 2002-2010-cu illərdə Rusiyadan fərqli olaraq, Ukraynada siyasi fəaliyyət imkanları daha da genişlənir, parlamentarizm ənənəsi və siyasi plüralizm güclənir, media və birləşmək azadlığına təminat artırdı. Bu dönəmdə yerli idarəçilikdə demokratiya, qanunun aliliyi sahəsində islahatlar Ukraynanı sürətlə postsovet məkanından uzaqlaşdırırdı.

***

Putin demokratik Ukraynanı həzm edə bilmirdi. Bu nə Qafqazdakı kiçik Gürcüstan, nə Rusiya cəmiyyətinə zəif təsiri olan Baltikyanı respublikalar, nə də iqtisadi çətinliklər altında çökən Qırğızıstan idi. Ukraynada demokratikləşmənin Rusiya və Belarus cəmiyyəti üzərində ciddi təsirləri vardı. Məhz buna görə Putin Ukraynanın daxili siyasi həyatına dair sərt reaksiyalar verir, vaxtaşırı müdaxilələri ilə yadda qalırdı.

Şəxsi müşahidələrimə görə, Ukrayna 2004-cü ildən bəri rusdilli ictimai məkanı öz siyasi cazibəsinə alınmışdı. İndi bombalanan Kiyev, Xarkov, Çerniqovda keçirilən tədbirlərdə Rusiya və Belarusdan gələn dissident yazıçıları, siyasiləri, ictimai fəalları və jurnalistləri tez-tez görmək olurdu.

Rusiya və Belarus müxalifəti ilə Ukraynanın demokratik qüvvələri arasında sıx siyasi əlaqələr qurulurdu. Bu “qardaş” ölkəni öz rejiminə təhlükə sayan Putin açıq və gizli şəkildə Ukraynanı qaz təchizatı ilə şantaj edir, rusdilli əhalinin diskriminasiyaya məruz qaldığını iddia edir, öz mediasında Kiyevdəki siyasi elitanı məsxərəyə qoyurdu. Onları Qərbin kukla rejimi adlandırır, yaxud millətçi və banderçi olmaqda ittiham edirdi.

***

2006-cı ilin parlament seçkilərində Xarkovda çalışarkən, bizim missiya üçün qısamüddətli müşahidəçilər Rusiya və Qazaxıstandan gəlmişdilər. Onları Ukraynada faşizmin olmadığına inandıra bilmirdim. Təxminən 80 nəfər müşahidəçidən kiçik bir qrup Xarkovda 3 gün qalandan sonra mənimlə həmrəy olduğunu bildirdi. Xarkov kimi 2 milyon yarım əhalisi olan vilayətdə müstəqil TV-lərin sayı Rusiyadakı müstəqil kanallardan çox idi. Partiyalar və QHT-lərin ofisləri, ictimai məkanlar və azad seçki mühiti onları heyrətə gətirmişdi. Bu qrupdakı samaralı alimin fikrincə, Rusiyadakı bəzi liberallar və solçular Ukraynada siyasi plüralizmi, demokratik inkişafı görmək istəmirlər. “Onlar Rusiyada məhrum olduqları azadlıqların Ukraynada mövcud olmasına həm milli natamamlıq kompleksi, həm də sovet nostalgiyası üzündən qısqanclıqla yanaşırlar”. Təbii ki, Boris Nemtsov, Xakamada və Qaydar kimilər istisna idi. Yadınızdadırsa, Krım işğal olunanda Rusiyanın demokratik düşərgəsi iki yerə parçalandı. Navalnı başda olmaqla bir dəstə Putinin addımını dəstəklədi.

***

Putinin Ukrayana əleyhinə təbliğat maşını 2004-cü ildən bəri dayanmadı. Kreml Ukraynada siyasi qütbləşməni kəskinləşdirməyə çalışırdı. Və bunun üçün Kreml öz müttəfiqlərinə həm maddi, həm də siyasi dəstək verirdi. Məsələn, rusdilli əhali və Şərqi Ukraynada aparılan dezinformasiya və manipulyasiya nəticəsində Yanukoviçin Regionlar Partiyası 2006-cı ildə Ali Radada siyasi çoxluğa çevrildi. 2010-cu ildə prezident seçkilərinin ikinci turunda isə cüzi səs faizi ilə Timoşenkoya qalib gəlib prezident seçildi..

2010-cu ildə ukraynalı sosioloq deyirdi ki, əgər ikinci turda Timoşenko nəticələri tanımasa, ölkədə vətəndaş müharibəsi başlayacaq. Amma Timoşenko siyasi etirazlara başlamadı, çünki ciddi qanun pozuntuları qeydə alınmamışdı. Dinc yolla iqtidara gələn Yanukoviçin öz siyasi ömrünü prezident kimi davam etdirməyə hər cür imkanı vardı...

***

Amma Putin Yanukoviçi rahat buraxmırdı. Rusiyalı ekspertlər və dissidentlərin hər gün örnək gətirdiyi Ukrayna demokratiyasını zədələmək üçün Yanukoviç avtoritarizmi gücləndirməyə başladı. Ölkədə siyasi azadlıqları boğulması, jurnalistlər və vətəndaş cəmiyyətini sıxışdırılması halları çoxaldı. Artıq dövlət mediasında senzura tətbiq edilirdi. Mərkəzi icra hakimiyyəti yerli idarəçilik orqanlarının qərarlarına və məhkəmələrə təzyiq edirdi, rüşvətxorluq yenidən çiçəklənirdi. Ən acınacaqlısı Ukrayna demokratiyasının episentri olan parlamentin səlahiyyətlərini azaltmaq üçün yeni qanunlar qəbul edildi. Qanunlara mənfi rəy vermək istəyən Konstitusiya Məhkəməsi hakimləri şantaj və təhdid edilirdi. Amma Ukrayna kimi qütbləşmiş cəmiyyət üçün ən səs-küylü addım Narıncı inqilabın bəzi liderlərinin siyasi repressiyalara məruz qalması oldu - Lutsenko və Timoşenko həbs edildi. Ölkədə demokratiya böhran başladı...

***

Şübhəsiz ki, Kreml Yanukoviçin bu addımlarından məmnun idi. Bu proses 4 il südü. 2013-cü ildə Yanukoviç Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaqdan imtina edəndə Kiyevdə etiraz aksiyaları başladı. 2004-cü ildən bəri ilk dəfə Kiyevdə dinc etirazçılara qarşı polis vəhşilik etdi. Polisin davranışı etirazçıları daha da qəzəbləndirdi və ölkədə vətəndaş itaətsizliyi başladı. Avromeydan adlanan bu hərəkatı Yanukoviç Kremlin dəstəyi ilə yatırmağa çalışdı, amma istədiyinə nail olmadı. Əvvəlcə istefa verəcəyi bildirdi, sonra fikrini dəyişərək, xəlvətcə Kiyevi tərk elədi. Nəticədə Ukrayna tarixində ilk dəfə Ali Rada hüquqi baxımdan mübahisəli impiçment qərarı verdi. Ardınca Krımın işğalı, Donetsk və Luqanskda vilayət mərkəzlərində separatist rejimlərin qurulması prosesi başladı.

***

Ötən 8 ildə Şərqi Ukraynada müharibə vəziyyətində olan Ukrayna nə Poroşenko, nə də Zelenskinin dönəmində demokratiyaya keçid prosesindən vaz keçib. Əksinə hazırda azadlıqlarla bağlı bəzi göstəriclərinə görə Ukrayna postsovet məkanında yalnız Baltik respublikalarından geri qalır.

Və bu cür transformasiya prosesinə görə Ukrayna postsovet məkanı ilə yanaşı dünya tarixi üçün unikal siyasi trayektoriyası olan ölkədir. Məsələn, bu ölkə 2014-cü ildə 40 min kv km ərazi itirsə də, suverenliyi və demokratikləşməni bu əraziləri geri qaytarmaq üçün Kremlə bazarlığa çıxarmadı.

Əksinə, həm demokratik institutlar inkişaf elədi, həm suverenliyini qorudu, həm də ərazi bütövlüyünün müdafiəsi üçün güclü ordu qurmağa başladı. Bu da azmış kimi bütün rusdilli dünyaya göstərdilər ki, yaxşı sistem quranda tanınmış aktyoru da seçib yaxşı prezidentə çevirmək olar.

Zelenski kimi aktiv siyasətdən uzaq olmuş birinin prezident seçilməsi Putinin 22 illik iqtidarının “müqəddəsliyinə” ukraynalıların vurduğu növbəti zərbə idi. Və Putin Rusiya cəmiyyəti üzərində Ukrayna cəmiyyətinin zərif təsirini dağıtmaq üçün həyatının ən emosional və ən ağılsız qərarını verdi – bu zərif gücə qarşı müharibəyə başladı. Amma müharibə başlayandan bəri şahidi olduq ki, Putinin yaratdığı əzəmətli Rusiya mifi zərif Ukrayna qarşısında hər gün daha əzilir, bu mif günbəgün dağılır...

 





15.03.2022    çap et  çap et