Rusiya defolt elan olunacağı halda bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq. Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi.
Rusiya defolt olarsa ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 trilyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Təbii ki, Rusiya defolt olmamağa çalışır. Ödənişlər ilə bağlı digər vasitə borcun rubl ilə qaytarması versiyası ola bilər. Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır. Bütün borcların rubl ilə qaytarılması real və inandırıcı görünmür.
Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa da belə sanksiyalar davam edərsə növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu sadəcə başlanğıcdır.