Vaxt.Az

«Demirəm ki, AZAL çempion olacaq, amma...»


 

Vaqif Qasımov: «Neftçi»nin futbolçuları bizdə olsaydı...»

«Demirəm ki, AZAL çempion olacaq, amma...» Qış fasiləsindən sonra 6 oyunda cəmi 2 xal qazanan AZAL-da vəziyyət bir o qədər də ürəkaçan deyil. Futbolinfo.az xəbər verir ki, «təyyarəçilər»in son turda «Rəvan»a məğlub olması komandada işlərin bir o qədər yolunda getmədiyindən xəbər verir. Bəs görəsən bu nəticələrə görə klub rəhbərliyi hansı tədbirlər görəcək? AZAL-ın vitse-prezidenti Vaqif Qasımov saytımızın bəzi suallarını cavablayıb:

- Vaqif müəllim, AZAL-ın son turlarda qeydə alınan uğursuz nəticələrini nə ilə əlaqələndirmək olar?

- 15 gündü səhhətimdə problemlər var. İşə gedə bilmirəm. Yaxşı futbolçularımız yoxdu. Vaxtında bir sıra lazımlı futbolçuları ala bilmədik.

 

- Həmin lazımlı futbolçuların alınmasına nə mane oldu?

- Səbəb maliyyə problemləri ilə bağlıdır. Maraqlıdır ki, bura gələn futbolçular çox pul istəyirlər. Məşqçi də əlində olan futbolçular ilə kifayətlənməli oldu.

 

- Bu uğursuzluqlara görə, futbolçularla bağlı hansı tədbirləri görmək fikrindəsiz?

- Hər oyundan sonra matçlar təhlil olunur. Futbolçularla söhbət aparılır. Mən xəstə olduğum üçün işə gedə bilmirəm. Bu haqda nəsə deməyim düz çıxmaz.

 

- Bəlkə, futbolçular komandaya can yandırmırlar?

- 1-2 komanda var ki, oyunun sonuna qədər vuruşur, mübarizə aparır. Onlardan biri də AZAL-dı. Mən deməzdim ki, futbolçular ürək yandırmırlar. «Rəvan»la oyunda rəqibin ilk hissədə elə də ciddi qol epizodu olmadı. İkinci hissədə vurduqları qol futbolçulara toxunaraq qapıya daxil oldu. Onunla da matç bitdi. Gərək bir az da bəxtin olsun. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik.

 

- Bu uğursuzluqlardan sonra demək olar ki, AZAL-ın heç bir iddiası qalmayıb...

- AZAL-ın öz gücü var. Komanda axıra qədər mübarizə aparmalıdır. Xalları elə-belə paylamamılıdı. Komanda rəqibin kimliyindən asılı olmayaraq, hər oyun meydana qələbə üçün çıxır. AZAL-dan elə-belə xal alan olmayıb.

 

- Növbəti turlarda da uğursuz nəticə qeydə alınsa, baş məşqçinin istefası müzakirə oluna bilərmi?

- Baş məşqçinin bizimlə hələ müqaviləsi var. O düzgün deyil ki, müqavilə ola-ola nəsə addım atasan. Müqavilə başa çatdıqdan sonra son sözü klub prezidenti deyir. O, işləməlidir. Qarşıda hələ 12 tur var. Baş məşqçini ruhdan salmaq olmaz. Baxın, «İnter» və «Bakı» turnir cədvəlində olduqca irəlilədilər. Mən demirəm ki, AZAL gəlib çempion olacaq. Ancaq bu, futboldu, hər şey ola bilər.

 

- Azərbaycanda müqaviləsi ola-ola baş məşqçilərin göndərilməsi elə də çətin məsələ deyil...

- Müqaviləsi ola-ola bu haqda baş məşqçi ilə söhbət aparmaq düzgün deyil. Bir-iki oyun uduzan kimi baş məşqçi göndərmək yanlış addımdı. Görürsünüz də «Neftçi» nə vəziyyətdədir? Onu gətirirlər, bunu çıxarırlar, bunu gətirirlər, onu çıxarırlar. «Neftçi»də olan futbolçular bizim komandada olsaydı, tamamilə fərqli nəticələr qazanardıq. Bu cür addım atmaq qeyri-peşəkarlıqdı.

 





04.03.2014    çap et  çap et