Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və NATO ölkələrinin kəşfiyyat xidmətləri Rusiya qüvvələrinin hücumlarının intensivliyinin azaldığını bildirirlər. Əvvəl təhlilçilər Rusiyanın Kiyevi mühasirəyə alacağını deyirdilər. İndi isə, Ukrayna tərəfin məlumatına görə, itkilər Rusiya qüvvələrinə paytaxta hücuma keçməyə imkan vermir.
ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) gündəlik hesabatında qeyd edir ki, Kiyevin şimal-qərbində Ukrayna qüvvələri Rusiyanın böyük itki verməsinə səbəb olub, həmçinin Xarkova hücum dəf edilib.
***
Martın 18-də Putinin fransalı həmkarı Emmanuel Makronla da telefonla danışacağı gözlənir. Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba isə Aİ-nin xarici siyasət rəhbəri Jozef Borrel ilə qaçqına çevrilmiş ukraynalılara köməyi müzakirə etdiyini deyir. Kulebanın “Twitter”də yazdığına görə, Borrel ilə Aİ-nin Rusiyaya qarşı beşinci sanksiya paketini götür-qoy ediblər.
Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücumu dayandırmağa, diplomatik həllin tapılmasına imkan yaratmağa, eyni zamanda humanitar fəlakəti önləməyə çağırıb.
Şoltsun ofisinin martın 18-də yaydığı bəyanata görə, iki lider “Ukraynada davam edən müharibə və onu saxlamaq cəhdləri ilə bağlı” iki saatadək danışıblar.
Əlavə açıqlama verilməsə də, Kreml ayrıca bəyanatında qeyd edib ki, “Rusiya tərəf geniş yayılmış prinsipial yanaşmalara uyğun olaraq həll yollarının axtarışını davam etdirməyə hazırdır”.
Almaniyanın Daxili İşlər Nazirliyi Moskvanın fevralın 24-də Ukraynaya səbəbsiz hücumu başlayandan 187 mindən çox adamın bu ölkəyə getdiyini bildirir. Ekspertlərsə bu rəqəmin daha çox olduğunu deyirlər. Artıq 2 milyondan çox insan qonşu Polşaya keçib və onların çoxunun Almaniyaya gedəcəyi gözlənir.
Polşa və Almaniya Şengen ərazisinə daxildir, bu isə həmin ölkələrdə sərhəd nəzarətinin olmaması deməkdir.
***
Rusiya qüvvələri Ukraynanın digər şəhərlərinə, o cümlədən Kiyevə hücumu intensivləşdirib. Kiyev ətrafının atəşə tutulduğu bildirilir.
Lvova raketlər Qara dənizdən buraxılıb, altı raketdən ikisi vurulub. Məlumatı Ukrayna hava qüvvələrinin qərb komandanlığı “Facebook”da yayıb.
Dünya liderləri Kremlin mülki hədəflərə dəfələrlə hücum etməsinin araşdırılmasına çağırır. Əməliyyatlar başlayandan məktəblərə, xəstəxana və yaşayış məskənlərinə hücumlar olub.
Mariupolda isə teatrın dağıntıları arasında xilasetmə işləri davam edir. Sığınacaq kimi istifadə olunan teatr Rusiyanın hava zərbəsi nəticəsində dağılıb. Hadisədən bir gün keçməsinə baxmayaraq, ölənlər barədə məlumat yoxdur, dağıntılar altından sağ çıxanın olub-olmadığı haqda ziddiyyətli xəbərlər gəlir.
***
Ukraynanın qərbindəki Lvov şəhərinin meri martın 18-də aeroport yaxınlığındakı zavoda Rusiya raketləri düşdüyünü bildirir. Bu arada Yaponiya və Avstraliya Rusiya qurumlarına yeni sanksiyalar tətbiq edib. ABŞ Prezidenti Co Bayden isə çinli həmkarı Tsi Tsinpinqlə danışmalıdır.
Lvovun meri Andrey Sadovıy təmir zavoduna bir neçə raket düşdüyünü, havada qatı tüstü yarandığını deyib.
Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko daha öncə deyirdi ki, səhər saatlarında Lvovda bir neçə partlayış törədilib. “Şəhər ətrafında yanğınlar baş verib”, – o, “Telegram” kanalında yazıb.
Sadovıy rəsmilərin aeroport ətrafında vəziyyəti aydınlaşdırmağa çalışdığını söyləyib.
***
Baydenin Si ilə telefon söhbəti Pekinin “Rusiyaya Ukraynada istifadə üçün birbaşa hərbi avadanlıq yardımını nəzərdən keçirməsi” sarıdan narahatlıq fonunda baş tutacaq. Dövlət katibi Entoni Blinkenin jurnalistlərə dediyinə görə, Bayden Tsiyə aydın şəkildə deyəcək ki, Pekin “Rusiyanın təcavüzünü dəstəkləyəcək istənilən addımlara görə məsuliyyət daşıyacaq”.
Çin Rusiyanın Ukraynaya hücumunu pisləməyib. Pekin Ukraynanın suverenliyini tanıdığını, amma eyni zamanda Rusiyanın legitim təhlükəsizlik maraqlarının yoluna qoyulmalı olduğunu bildirir.
Martın 17-də Rusiya və Ukrayna arasında videoəlaqə vasitəsilə danışıqların dördüncü günündə də razılaşma əldə olunmayıb. Açıqlamanı Kreml yayıb.
BMT-nin Cenevrədəki İnsan haqları ofisi Ukraynada müharibədə 2032 dinc qurbanın qeydə aldığını bildirib. Onlardan 780 mülki şəxs öldürülüb, 1252 nəfər yaralanıb.
BMT 3.2 milyon dinc sakinin qonşu ölkələrə qaçdığını bildirir.