Sözsüz ki, çempionluq yarışında hər iki komandanın iddiası böyükdü. «Qəbələ»nin «Qarabağ»dan 6, «Neftçi»nin isə 10 xal geridə olması bu matçın prinsipiallığını bir qədər də artırır. «Qarabağ»ın da «Bakı» ilə oyunu olduğunu nəzərə alsaq, görüşdən 3 xalla ayrılmaq həm «Qəbələ», həm də «Neftçi» üçün göydəndüşmə olacaq.
Bu komandaların qarşılaşmasında sözsüz
ki, diqqəti çəkən məqamlardan biri də qəbələli azarkeşlərin «Neftçi»li Mahir
Şükürovla münasibətinin qaydasında olmamasıdır. Belə ki, Qəbələdə baş tutan
oyunlarda yerli azarkeşlər Şükürovu xoşagəlməz ifadələrə «qonaq edirlər».
Düzdü, Mahirin təkcə qəbələli azarkeşlərlə bağlı problemi yoxdu. Ona qarşı «Xəzər
Lənkəran» azarkeşləri də oxşar şüarlar səsləndirməyə adət ediblər. Təsadüfi
deyil ki, bir müddət öncə keçirilən «Böyük oyun»da azarkeşlərin bu təhqirlərinə
Şükürov xüsusi jestlə cavab verdiyi üçün 3 oyunluq cəzaya da layiq görülmüşdü.
Lənkərandakı oyunda buraxdığı peşəkar futbolçuya yaraşmayan səhvinə görə 3
oyunluq cəzalanan Mahir buna görə hətta yığma komandadan da uzaq qaldı. Belə ki,
baş məşqçi Berti Foqts çox güman, məhz bu hərəkətlərinə görə onu yığmamızın
Dubay toplanışına aparmağa ehtiyac duymadı. Şükürovun bu intizamsızlığının «Neftçi»nin
uğursuz nəticələrində də xüsusi rol oynadığını qeyd etmək olar.
Məhz bu üzdən cəzası ötən turda bitən Şükürov qarşıdakı oyunda həm öz peşəkarlığını, həm də «Neftçi»nin uğursuz çıxışını nəzərə alaraq, azarkeşlərin hər hansı bir ifadəsinə qarşılıq verməməlidir. Artıq güman etmək çətin deyil ki, «Qəbələ» azarkeşləri bu dəfə də Mahirə xüsusi şəkildə «xoş gəlmisən» deyəcək. Ona görə Şükürov bir qədər əsəblərini cilovlamalı, oyuna köklənməli, tribunalarda baş verənlərə, deyilənlərə fikir verməməlidir. Əks halda AFFA İntizam Komitəsinin kəsdiyi cəza bu dəfə daha ağır olacaq. Hər halda paytaxt klubunun rəhbərliyi də bu yöndə Şükürova bir sıra məsləhətlər verməlidir. Elə həmçinin «Qəbələ» də öz azarkeşlərini sülhə dəvət edib, təlimatlandırsaydı, pis olmazdı. Axı əsl futbolsevərləri azarkeşlərlə Mahir arasındakı bu «söyüş dueli» yox, meydanda gedəcək mübarizə maraqlandırır.