Vaxt.Az

“Həqiqət sızacaq”


 

“Onlara ənənəvi və köklü medianı dağıtmaq lazım idi”

“Həqiqət sızacaq” ABŞ qanunvericiləri bu həftə Rusiya prezidenti Vladimir Putinin Rusiya mediasının Ukraynadakı müharibə haqqında məlumatlarının qarşısını almaq üçün azad mətbuatı ləğv etməyə çalışdığı barədə xəbərdarlıq edib.

Moskva fevral ayında Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiya daxilində xəbər saytlarına girişi bloklayıb, müstəqil medianı bağlanmağa məcbur edib. Hökumət ordu ilə bağlı “yalan” xəbər yayana 15 ilə qədər həbs cəzası ilə hədələyən yeni qanun qəbul edib. Dövlət RİA xəbər agentliyinin verdiyi məlumata görə, artıq azı üç bloger ordu haqqında “yalan xəbərlər” yaymaqda ittiham olunub.

Çərşənbə axşamı verdiyi bəyanatda senator Bob Menendez və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş Rusiyanın mediaya qarşı addımlarını pisləyib.

Bəyanatda “Putin həyasızcasına diqqətini Rusiya daxilində azad mətbuatı və ifadə azadlığını son zərrəsini də aradan qaldırmağa yetirib” deyilib.

“Rusiya qeyri-qanuni və əsassız müharibəsi haqqında həqiqəti Rusiya xalqından gizlətmək üçün “Exo Moskvı” radiostansiyası və Dojd televiziya kanalı da daxil olmaqla, bir çox kanalı bloklayıb” - deyə, bəyanatda bildirilib.

Putin çərşənbə günü etdiyi çıxışda sosial şəbəkələr və qərb mediasının iştirakı ilə “görünməmiş informasiya kampaniyasına start verildiyini” deyib.

O əlavə edib ki, qərb Rusiyanı məhv etmək üçün “satqınlardan” beşinci kolon kimi istifadə etməyə çalışacaq.

“Qərb hərbi itkilər, sanksiyaların sosial-iqtisadi nəticələri haqqında spekuliyasiya edərək cəmiyyətimizi parçalamağa və kollektiv şəkildə Rusiyada vətəndaş qarşıdurması yaratmağa çalışır” -deyə, Putin bildirib.

“Exo Moskvı”ya 24 il rəhbərlik edən baş redaktor Aleksey Venediktov hesab edir ki, hakimiyyət onun xəbər və tok-şousunu, eləcə də bəzi media şəbəkələrini müharibə ilə bağlı müzakirələrin qarşısını almaq üçün bilərəkdən bağlayıb.

Venediktov “Ölkədə total təbliğat hazırlanırdı. (Onlara) ənənəvi və köklü medianı dağıtmaq lazım idi” deyib.

“Exo Moskvı”nı insanlar, qərarverənlər dinləyirdi. Biz şübhələri ortaya qoyur və baş verənlərə vahid nöqteyi-nəzərin, vahid düzgün cavabın olmadığını deyirdik. Ona görə də bütün mövcud qayda və qanunlara məhəl qoymayaraq (bizi) tez, dərhal dağıtmaq qərarı alındı”, - deyə o bildirib.

Lakin dövlətin nəzarətində olan medianın da bəzi jurnalistləri etiraz edir.

Bazar ertəsi dövlətə məxsus Birinci Kanalın əməkdaşı canlı yayıma müdaxilə edərək işğala etirazını bildirən Marina Ovsyannikova saxlanılıb. O, 14 saat dindirilib və cərimə olunaraq sərbəst buraxılıb.

BBC-nin məlumatına görə, işğaldan sonra Rusiya dövlət qurumlarının ən azı üç jurnalisti istefa verib.

 





19.03.2022    çap et  çap et