Beləliklə, gənc futbolçu növbəti turda «Qəbələ»yə qarşı forma geyinə biləcək. Bəs, «Qəbələ»nin bu məsələyə münasibəti necədi?
Futbolinfo.az saytına açıqlama verən «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov qərarın obyektiv olmadığını düşünür: «Araz Abdullayevin qırmızı vərəqəsinin ləğv olunmasına münasibətim çox pisdi. Belə şeylər gərək olmasın. Vallah, bu, bir daha qeyri-peşəkarlığın göstəricisidi. Düzdü, epizoda mən də baxmışam, Araz Abdullayevə orada qırmızı vərəqə düşmür. Onda gərək Erik Ramosun boks yarışına çıxmasını da cəzasız qoymayaydılar. Riçard Almeydaya gərək qırmızı versinlər. Elədisə, hamısına versinlər. Yox, əgər bunlar Araz Abdullayevin «Qəbələ»yə qarşı oynamasını istəyirlərsə, bu, başqa məsələdi. Oyunun yazısına baxıb, qərar qəbul edirlərsə, gərək hamısını cəzalandırardılar. Bu cür işlər görülən bütün yaxşı işləri gözdən salır. Bir daha qeyd edirəm ki, bu cür addımlara münasibətim çox pisdi. «Qəbələ» əgər «Neftçi»ni udacaqsa, elə Araz Abdullayevlə bir yerdə udacaq. Bu, bəyənilməyən haldı. İstər orada «Qəbələ»nin, ya «Qarabağ»ın futbolçusu olsun - fərq etməz. Verilən qərar hansı klubun olmasından asılı olmayaraq, gərək dəyişilməsin. AFFA İntizam Komitəsinin verdiyi qərar xoşagəlməz haldı və mənə elə gəlir ki, dünyanın heç bir yerində belə bir şey yoxdu. Ondan əvvəl 3 futbolçuya qırmızı vərəqə verilməli idi, ancaq verilməyib. Hamısı da videoda öz əksini tapıb. Onda o epizodlara da münasibət bildirsinlər də. Yox, əgər təkcə Arazın epizoduna münasibət bildirirlərsə, deməli, burada nəsə var. İstənilən halda bu, obyektiv qərar deyil».