Bu çox mürəkkəb dəhlizdir. Bu dəhlizin işə düşməsi bölgə ölkələrinin uğuru sayıla bilər. Birincisi, Hindistanla Pakistan arasında münasibətlərdə illərdir gərginlik hökm sürür. İkincisi Əfqanıstanda Taliban qruplaşması hakimiyyətdə olması əlavə suallar yaradır.
Buna baxmayaraq, Özbəkistan bu ölkələrdən keçən dəhlizi işlək vəziyyətə salmağa müvəffəq olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyev mart ayının əvvəlində İslamabadda Pakistan prezidenti İmran Xanla görüşüb. Prezidentlər bir neçə ölkəni birləşdirən dəmiryolu xəttinin tikintisini müzakirə ediblər. Özbəkistan bu dəmiryolu vasitəsilə Pakistan və Hindistanın limanlarına çıxmağı hədəfləyir. Bu baş tutarsa Özbəkistanın dünya bazarlarına çıxışı şaxələnəcək.
Özbəkistan zəngin ölkədir, yalnız Rusiya və Çin bazarından asılı olmaq istəmir. Daşkənd Rusiyanın Ukraynada apardığı işğalçı siyasəti dəstəkləmir, tam əksinə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq Özbəkistan Rusiyaya müxtəlif məhsullar ixrac edir, vətəndaşları Rusiyada ən ağır işlərdə çalışırlar, bu əlavə gəlir mənbəyidir. Daşkənd Kremlin ona təzyiqini artıracağından ehtiyatlana bilər. Bu məqsədlə Özbəkistan iqtisadi imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyub.
Çin müttəfiqi Pakistan üzərindən keçən dəhlizlərdən istifadə edir. Çin Əfqanıstanla da əməkdaşlıq edir. Hindistan Taliban hakimiyyətə gəlmədən əvvəl Əfqanıstana xeyli investisiya qoymuşdu. Dehlinin radikal Talibana qarşı münasibəti mənfi idi. Əfqanıstanın Pakistanla ittifaqı heç zaman Hindistanın maraqlarına cavab verməyib. Taliban qruplaşmasının isə bir sıra hallarda Pakistanla münasibətlərində suallar yaranıb. Bu Hindistanın maraqlarına cavab verir. Ona görə də Dehli Talibanla bağlı siyasətini dəyişib və bu qruplaşma ilə təmaslara başlayıb. Digər tərəfdən Dehli Əfqanıstan üzərindən Mərkəzi Asiya ölkələrinə dəhliz imkanı əldə edib.
Dehli Pekinin “bir kəmər, bir yol” layihəsi ilə rəqabət aparmaq istəyir. Hindistanla Mərkəzi Asiya ölkələri arasında mütəmadi dialoq formatı 2018-ci yaranıb. Bu ölkələrin xarici işlər nazirlərinin ilk sammiti Özbəkistanın Səmərqənd şəhərində keçirilib. Dehlinin məqsədi aydındır, Çinin bölgədə tək hakim olmasını istəmir. Ancaq Çin bölgə ölkələrinə böyük yatırımlar qoyur. Əgər Hindistan da Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsini istəyirsə, Çin kimi bölgəyə yatırımlarını artırmalıdır.