Rusiyanı tərk edənlər içərisində tanımış artistlər və müğənnilər də var. Ancaq Rusiyanı tərk edənlər içərisində ranqına görə ən tanınmışı Anatoli Çubaysdır. O Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi idi. Putin vaxtilə Çubaysın təcrübəsindən istifadə edərək onu Rusiyada nano texnologiyaların inkişafı üzrə rəhbər təyin etmişdi. Çubays SSRİ dağıldıqdan sonra Rusiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb, keçmiş prezident Boris Yeltsinin dövründə kütləvi özəlləşdirməyə rəhbərlik edib. Çubays təcrübəli idarəçi olmaqla yanaşı liberal baxışlara malikdir. O qatı anti-kommunist və sağ ideologiyanın təmsilçisidir. Bu baxımdan Çubaysın Putinin qərarıyla razılaşmayacağı gözlənilən idi. Çubaysdan bir neçə gün əvvəl Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç “Skolkovo Fondu”nun sədri vəzifəsini tərk edib. Dvorkoviç eyni ilə Çubays kimi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyatın” əleyhinə idi.
Rusiya Prezident Administrasiyasının rəhbər müavini Sergey Kiriyenkodan da oxşar addım gözləyirəm. Kiriyenko Çibays kimi liberal baxışlara malikdir. O vaxtilə Çubaysla birgə sağ təmayüllü partiyanın qurucuları sırasında yer almışdı. Kiriyenkonun müharibəyə qədər aparılan daxili islahatlarda rolu böyük idi. Məhz onun təlimatıyla Putin son illərdə yerlərə gənc kadrları təyin edir, bürokratik aparatı təkmilləşdirirdi. Xarici və təhlükəsizlik siyasəti Kiriyenkonun məsuliyyət dairəsinə aid deyil. Ancaq Kiriyenkonun Ukraynada aparılan işğalçı müharibəyə dəstək vermədiyi və baxışları ilə üst-üstə düşmədiyi fikrindəyəm. O Putinin bugünkü cinayətlərinə şərik olmaq istəmədiyinə görə istefa barədə düşünə bilər. Bu bir fərziyyədir. Sadəcə Rusiyada ağlı başında olan insanların az olmadığına inanmaq istəyirəm. Bu müharibə Ukraynanı dağıtmaqla yanaşı Rusiyanın gələcəyinə də böyük zərbə vurur.