Rusiya müstəqilliyini əldə etdiyi 30 il ərzində Kuril adalarıyla bağlı Yaponiya ilə danışıqlar aparıb. 1990-cı illərin ortalarında Kreml Tokio ilə razılaşmaya yaxın idi. Ancaq daha sonra hakimiyyətə gələn Vladimir Putin şifahi razılaşmalardan imtina edib. Kremlin bəhanəsi bu idi ki, Yaponiya Amerikadan asılı dövlət olduğuna görə, Kuril Yaponiyaya verilsəydi orada ABŞ-ın hərbi bazaları yerləşdirilə bilərdi. Əgər Rusiya Kuril adaları sahibinə qaytarmağa razılaşsaydı, Tokio Kremlə Kurl adalarında hərbi bazaların yerləşdirilməyəcəyinə dair yazılı təminat verəcəkdi. Kremllə danışıqlar nəticə vermədi. Bu o deməkdir ki, Yaponiya Rusiya ilə sülh sazişi imzalamayacaq. Belə bir sazişin imzalanması Kuril adalarının gələcək taleyindən asılıdır. Görünür, Kremlin Tokio ilə sülh sazişinə ehtiyacı yoxdur. Onsuz da Kremlin siyasəti beynəlxalq aləmdə ona dost və tərəfdaş qazandırmır.
Maraqlıdır ki, Kremlin Tokio ilə dialoqdan imtina etməsi Pekində narahatlıq yaradıb. Çin Xarici İşlər Nazirliyi açıqlama verərək Moskva ilə Tokio arasında dialoqun davam edəcəyinə ümid etdiyini bildirib. Ancaq bu açıqlamada Moskva ilə Tokionun hansı addımlar atmaları barədə fikir yoxdur. Əslində Pekinin də Tokio ilə münasibətlərində suallar var. Tokio Çinin bölgədə hərbi gücünü artırmasından narahatdır.