Vaxt.Az

Madlen Olbrayt dünyasını dəyişdi


 

ABŞ-ın ilk qadın dövlət katibi Azərbaycana da səfərlər etmişdi

Madlen Olbrayt dünyasını dəyişdi ABŞ-da ilk qadın dövlət katibi olmuş Madlen Olbrayt 84 yaşında vəfat edib. Olbrayt ailəsinin sosial şəbəkə postlarında deyilir ki, qocaman siyasətçi dünyasını yaxınlarının və dostlarının əhatəsində dəyişib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi xanım Olbraytın xərçəng xəstəliyindən vəfat etdiyini bildirib: “Biz onun üzərimizdəki təsirini Allahın verdiyi hər bir gün hiss edirik. O ilklərdən biri idi və bizim həmkarlarımızın xeyli hissəsi üçün sözün əsl mənasında qapı açıb”.

Madlen Olbrayt (Mariya Yana Korbelova) 15 may 1937-ci ildə Praqada çex diplomatının ailəsində doğulub. Onun atası Çexoslovakiyanı nasist Almaniya tərəfindən işğalına görə tərk etmişdi. Müharibədən sonra isə ölkənin sovetlərin nüfuz dairəsinə keçməsi ucbatından vətəninə qayıda bilməyib. Olbraytın atası 1948-ci ildə ABŞ-dan siyasi sığınacaq istəmişdi. Madlen 1957-ci ildə ABŞ vətəndaşlığı alıb.

Tarixçilər yazırlar ki, ABŞ-dan xaricdə doğulması sonralar Madlen Olbraytın prezidentliyə namizəd olmasını mümkünsüz edib.

Lakin siyasətçi kimi parlaq karyerası onu ABŞ siyasi hakimiyyətinin zirvələrindən birinə çıxarıb.

Olbrayt 1997-2001-ci illərdə, prezident Bill Klintonun dövründə dövlət katibi olub. O bundan əvvəl, 1993-1997-ci illərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuşdu.

Olbrayt hər iki vəzifədə Azərbaycana da səfərlər edib.

O Azərbaycanda demokratik prosesləri dəstəkləyir, Bakı və Vaşinqton arasında strateji bağların inkişafına çalışırdı.

 





23.03.2022    çap et  çap et