Vaxt.Az

Ərəb ölkələrində qıtlıq


 

“Supermarketlər əsas malları yığırlar, sonra da baha qiymətə satırlar”

Ərəb ölkələrində qıtlıq Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanı işğalından sonra ərzağın bahalanmasını kompensasiya etmək üçün kasıb ailələrə xüsusi talonlar verməyi nəzərdən keçirir. Məlumatı “Reuters” yayıb.

Təkrar seçilmək üçün kampaniya aparan Makron martın 22-də “France Bleu” radiosuna deyib ki, dünyada əsas kənd təsərrüfatı istehsalçılarından olan iki ölkənin müharibəsi qlobal ərzaq böhranına səbəb olacaq.

***

“The Financial Times” qəzeti isə Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin ərəb ölkələrində yaratdığı ərzaq qıtlığından yazır.

Livanda universitetdə dərs deyən Fadiya Hamiyə onsuz da çətinliklə dolanırdı, müharibədən dolayı həyatı daha da ağırlaşıb. Belə ki, martın əvvəlindən mağazalarda un qəhətə çıxıb, çörək 70 faiz bahalanıb. “Supermarketlər əsas malları yığırlar, sonra da baha qiymətə satırlar”, – Hamiyə deyir.

***

Qəzet Livanın Ukrayna müharibəsindən öncə də maliyyə çətinliyi içində olduğunu qeyd edir, 2019-cu ildən milli valyuta 90 faizdən çox dəyər itirib. Ölkəyə idxal edilən buğdanın 70 faizindən çoxu Ukraynadan gəldiyindən qıtlıq istehlakçılara böyük zərbə vurub.

“Financial Times” Ukrayna və Rusiyadan gələn buğda və bitki yağının ərəb dünyasında vacib məhsullar olduğunu qeyd edir. Rusiya fevralın 24-də Ukraynaya səbəbsiz müharibə başlayanda rekord həddə bahalanan buğdanın qiyməti indi nisbətən düşüb. Amma yenə də hər iki ölkədən ixracla bağlı qeyri-müəyyənlik buğdanın bir il öncəylə müqayisədə 30 faizdən çox baha olması deməkdir.

BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu artıq Yaxın Şərqdə və şimali Afrikada ərzağın bahalanmasının və məhsul qıtlığının hiss olunduğunu bildirir. Qurumun prezidenti Gilbert Hunqbo bunun aclıq və səfaləti gücləndirəcəyini söyləyib.

***

Neft ixrac edən Körfəz ölkələrini çıxmaqla, ərəb ölkələrinin çoxunun iqtisadiyyatı zəifdir, büdcə defisitləri var, subsidiyalı ərzaq və enerjidən asılıdırlar. Ukrayna Livandan savayı, Tunis, Liviya, Suriyaya da əsas buğda təchizatçısıdır. Dünyada ən böyük buğda idxalçısı Misir buğdanın 80 faizini Rusiya və Ukraynadan idxal edir.

Qəzet iqtisadçılara istinadla yazır ki, Misir, Tunis və Mərakeş idxala və subsidiyalara daha çox pul xərcləməli olacaq və büdcələrinin yükü artacaq.

Rusiya Ukraynanın işğalına başlayandan sonra Qərbin sərt maliyyə sanksiyaları ilə üzləşib. Rusiya və Ukraynanın müharibə arasında bitirməyi hədəfləyən danışıqlarda hələlik, nəticə əldə olunmayıb.

 





22.03.2022    çap et  çap et