Dünyaca məşhur bədən dili mütəxəssisi Cudi Ceyms (Judi James) Putinin məlum tədbirdə bədən dilini şərh edib.
Mütəxəssis qeyd edib ki, Putin özünü “duyğusal, məntiqli və vətənsevər insan” kimi təqdim etməyə çalışıb. Ceyms, Putinin şüarlar səsləndirilən zaman çıxışını saxlamasını duyğusal vəziyyət yaratmaq istəməsi ilə əlaqələndirib.
Qurban rolunda
Putinin “İncil”dən iki dəfə sitat gətirdiyini deyən Cudi Ceyms, Rusiya liderinin az qala göz yaşlarına boğularaq danışdığını vurğulayıb. Putinin özünü qurban rolunda göstərdiyini və bunun işə yaradığını bildirən bədən dili mütəxəssisi fikirlərinə belə davam edib: “Dramatik anlarda üz ifadəsi üzgün bir hal alır və qaşları çatılırdı. Dodaqlarını geri çəkir və hüznlü görünürdü. İştirakçılardan istədiyi cavabı almış kimi görünürdü, çünki onu dəstəkləyir və “Rusiya” deyərək şüarlar səsləndirirdilər”.
İtalyan gödəkcəsi
Rusiyalı liderin geyindiyi “Loro Piana” markasından olan gödəkcə həm qiymət, həm də İtaliya brendi olmasına görə tənqid olunub. 1,5 milyon rubl (12 min dollar) dəyərində olan gödəkcənin qiymətinin orta statistik bir Rusiya vətəndaşının gəlirinin 25 qatı olduğu bildirilir.
Kütləyə hakim
Ceyms Putinin səhnədə sabit durmadan irəli-geri hərəkət etməsini və mikrofonu tutaraq əlini yumruq vəziyyətində saxlamasını kütləyə hakim olması kimi dəyərləndirib.