Vaxt.Az

Jurnalistin qapısına donuz başı atılıb


 

“Bu, faşizmi məğlub etmiş ölkəmdə baş verir”

Jurnalistin qapısına donuz başı atılıb Rusiyada hakimiyyətin qapatdığı “Exo Moskvı” radiostansiyasının baş redaktorunun mənzilinin qapısına kəsilmiş donuz başı atılıb.

Əslən yəhudi olan Aleksey Venediktov mənzilinin kandarına atılmış donuz başının fotosunu “Telegram”da yerləşdirib və yazıb: “Bu, faşizmi məğlub etmiş ölkəmdə baş verir. Niyə mənzilimin qapısına altıguşəli David ulduzu çəkilməyib?”

Naməlum vandallar mənzilin qapısına Ukrayna tridentinin üstünə qırmızı hərflərlə “Judensau” (yəhudi donuzu) sözləri yazılmış stiker yapışdırıb, donuzun başını isə qıvrım ağ saçlı parikin içində qoyublar. Görünür, bununla Venediktovun saç düzümünə işarə ediblər.

Rusiyanın aparıcı media orqanlarından olan “Exo Moskvı”nın efiri martın 1-də kəsilib. Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan sonra ölkədə müstəqil medianı sıxışdırıb.

Baş Prokurorluq “Exo Moskvı”nın “ekstremist fəaliyyətə, zorakılığa çağırış, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı haqda məqsədli saxta informasiya” yaydığını bildirib.

“Roskomnadzor” ölkənin media qurumlarına Rusiyanın Ukraynaya hücumunu müharibə, yaxud işğal adlandırmamaqla bağlı xəbərdarlıq edib, “Ukraynada xüsusi hərbi əməliyyat” ifadəsini işlətməyi tələb edir.

Martın 5-də Prezident Vladimir Putin Rusiya ordusu haqda “saxta xəbər” yayanlara qarşı 15 ilədək həbs nəzərdə tutan qanun imzalayıb.

 





25.03.2022    çap et  çap et