Vaxt.Az

Rusiya qazını rublla satarsa...


 

“Gazprom”a kontraktlara yenidən baxmaq göstərişi verilib

Rusiya qazını rublla satarsa... Rusiya Prezidenti Vladimir Putin dünən – martın 23-də deyib ki, “qeyri-dost” ölkələrə qaz rublla satılacaq. “Reuters” bu tələbin əsasən avropalı qaz alıcıları üçün yeni əngəllər yaratdığını yazır. Avropa qazın 40 faizini Rusiyadan alır. Artıq “Gazprom” dövlət qaz şirkətinə kontraktlara yenidən baxmaq göstərişi verilib.

ABŞ, Britaniya və Kanada Rusiyanın mərkəzi bankına və enerji idxalına sanksiyalar açıqlayıb. Məqsəd fevralın 24-də Ukraynanı işğal etməyə başlamış Rusiya iqtisadiyyatına zərbə vurmaqdır.

Rusiya qaza görə rubl əldə edərsə, maliyyə sanksiyalarının bir qismindən yayına bilər. “Rystad Energy” konsaltinq şirkəti Rusiyanın demək olar bütün qaz kontraktlarının avro, yaxud ABŞ dolları ilə bağlandığını bildirir.

***

Rusiya Ukraynanın işğalına başlayandan rubl ABŞ dollarına qarşı 85 faiz dəyər itirib. Putinin dünənki açıqlamasından sonra isə nisbətən özünə gəlib.

Hüquqşünasların fikrincə, Rusiya kontraktların şərtlərini birtərəfli dəyişə bilməz. “Kontraktlar iki tərəf arasında, adətən, ABŞ dolları, yaxud avroyla bağlanır. Tərəflərdən biri birtərəfli qaydada desə ki, “yox, indi bununla ödəməlisiniz”, onda artıq ortada kontrakt olmur”, – Sidney Texnologiya İnstitutundan Tim Harkurt deyir.

“Bu tələbin nə dərəcədə ciddi olduğu aydın deyil”, – Hyuston Universitetinin hüquq professoru Suzan Sakmar söyləyir.

***

Putinin açıqlamasından sonra təkcə rublun dollara qarşı məzənnəsi qalxmayıb, Avropada qazın topdansatış qiyməti də bahalanıb. Sakmar əsas məqamı burada axtarır. “Bunun baş verməsi çox çəkəcək. Bu arada Putin qiymətləri yüksək səviyyədə saxlaya bilər. Bu onun maraqlarına uyğundur”, – o söyləyib.

Bolqarıstanın Enerji naziri Aleksandr Nikolov Sofiyada bir maliyyə şirkətinin rublla tranzaksiyalar apara biləcəyini deyib.

“Bu ssenari müzakirə edilib, mövcud kontrakt çərçivəsində ödənişlərə heç bir risk yoxdur”, – nazir vurğulayıb.

“Rystad”ın aparıcı vitse-prezidenti Klaudio Galimberti Rusiyanın rublla ödəniş tələb edən yeni kontraktlar hazırlamasını mümkün sayır. Bu halda hökumətlər ya mərkəzi banklarında rubl saxlamalıdırlar, ya da onu açıq bazardan almalıdırlar.

***

Uzunmüddətli təsirlərə gəlincə, Rusiya, Çin, İran, digər ölkələr zaman-zaman qlobal ticarətdə ABŞ dollarının dominantlığını tənqid ediblər.

Rusiya üçün ödənişləri rublla olunması xarici borcunu ödəmək və idxalı azaltmaq qabiliyyətinə təzyiqi artırar, iqtisadiyyatını daha da sıxar, “Capital Economics Emerging Europe” xidmətinin iqtisadçısı Liam Piç bildirir.

Birləşmiş Ştatlar üçünsə dolların qlobal ticarətdə rolunun azalması, rubl, yuan və digər valyutaların payının yüksəlməsi demək olar. Bu isə uzunmüddətli perspektivdə ABŞ-ın borclanma və maliyyə xərclərinə təsir göstərər.

 





24.03.2022    çap et  çap et