Vaxt.Az

İki hədəfli təşəbbüs


 

Birləşmiş Ştatlarla Avropa İttifaqı LNG razılaşması əldə edir

İki hədəfli təşəbbüs Avropa İttifaqı (Aİ) ilə ABŞ-ın əldə etdiyi razılaşmaya görə, blok ildə azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. Məqsəd Aİ-nin Rusiyadan qaz idxalını azaltmaqdır.

ABŞ Prezidenti Co Baydenlə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 25-də bu məqsədlə işçi qrupun yaradıldığını elan ediblər.

“Bu gün biz həmin məqsədlə birgə plan razılaşdırdıq, təhlükəsiz, təmiz enerji gələcəyimizə doğru proqresi sürətləndiririk”, – Bayden von der Leyenlə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, onların təşəbbüsü bərpaolunan enerjidən istifadəni genişləndirmək və enerji tələbatını azaltmağa çalışacaqlar.

“Bu təşəbbüsün iki əsas hədəfi var, birincisi, Avropanın Rusiya qazından asılılığını mümkün qədər tez azaltmaq, ikincisi, Avropanın qaza tələbatını ümumiyyətlə azaltmaq”, – prezident vurğulayıb.

“Rusiya mədən yanacağından asılılığı azaltmaq, bundan canımızı qurtarmaq istəyirik. Bu yalnız LNG çatdırılmaları daxil olmaqla, əlavə qaz təchizatı ilə mümkündür”, – von der Leyen deyib.

Tərəflər 2030-cu ilədək təchizatı ilə 50 milyard kubmetrə qaldırmağı hədəfləyirlər.

Aİ 2020-ci ildə 378 milyard kubmetr qaz istehlak edib, bunun 40 faizi Rusiyadan gedib.

***

Mariupol şəhər rəsmilərinin martın 25-də şahidlərə istinadla bildirməsinə görə, ötən həftə Rusiyanın tarixi teatra zərbəsi nəticəsində 300-dək dinc sakin həlak olub. Yüzlərlə insanın həmin teatra sığındığı bildirilirdi.

Mariupol şəhər şurası martın 25-də Telegram-da yazıb ki, “heç kəs nəyin baş verdiyinə inanmaq istəmir, amma terror aktı vaxtı binada olanların dedikləri əksini göstərir”.

Mariupol Dram Teatrına martın 16-da zərbə endirilib. O vaxtdan Ukrayna hökuməti ölü sayı açıqlamırdı, rəqəmləri dəqiqləşdirdiyini deyirdi. Rusiyanın ətrafı atəşə tutması isə işi çətinləşdirirdi.

Teatrın qarşısına, arxasında böyük hərflərlə “DETİ” (“UŞAQLAR”) sözləri yazılmışdı. Yerli hakimiyyət bina bombalananda orada 1200-dək dinc sakinin olduğunu deyir.

“Mariupolun ürəyindəki Dram Teatrı həmişə şəhərin vizit kartı olub. İndi isə Dram Teatrı artıq yoxdur. Onun yerində Mariupol əhalisi üçün yeni ağrı nöqtəsi yarandı, yüzlərlə günahsız insanın son sığınacağının yerində xarabalıq qaldı”, – Şəhər Şurası postunda yazıb.

Həmin hücum bütün dünyanın qəzəbinə səbəb olub, Rusiyanın Ukraynaya səbəbsiz hücumda hərbi cinayətlər törətməsi haqda iddialar səslənib.

Çoxsaylı dəlillərə baxmayaraq, Rusiya Ukraynada mülki hədəfləri vurmadığını deyir.

***

Martın 25-də Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin ikinci ayı başlanıb.

Bir gün öncə Prezident Vladimir Zelenski NATO və Avropa İttifaqına Ukraynanı dəstəkləmək üçün birgə işə, Rusiyaya sanksiya tətbiqinə görə təşəkkür edib, amma bu addımların daha öncə atılmamasını tənqid edib. Onun fikrincə, bu halda Rusiya işğalla bağlı bir daha düşünərdi.

Martın 24-də NATO-nun 30 ölkəsinin liderləri, Böyük Yeddilik və Aİ-nin 27 üzvü sanksiyalar və Ukraynaya əlavə yardımı açıqlayıblar.

***

ABŞ Prezidenti Co Bayden Ukraynaya 1 milyard dollarlıq yardım paketi açıqlayıb. O, martın 25-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək, daha sonra danışıqlar üçün Varşavaya yollanacaq, Polşa liderləri ilə enerji və qaçqın məsələlərini müzakirə edəcək.

Bayden Polşa-Ukrayna sərhədində, Ukraynanın 80 km-də yerləşən Rzeszov şəhərinə də gedəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsi 4 milyondan çox insanın ölkədən qaçmasına səbəb olub, onminlərlə insan şəhərlərdə ərzaqsız, vacib xidmətlərsiz qalıb.

Baydenlə von der Leyen ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) nəqlinin artırılması ilə bağlı razılaşmaları müzakirə edəcək. Məqsəd blokun Rusiyadan enerji asılılığına son qoymaqdır.

Ukraynanın cənubdakı Mariupol şəhəri Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanın şərqində dəstəklədiyi separatçılar arasında yerləşir. Həftələrdir minlərlə insan su, yemək, dərman, elektrik çatışmazlığı ilə üzləşib.

***

Ukrayna martın 25-də dinc sakinlərin şəxsi maşınlarla Mariupoldan təhlükəsiz çıxışına imkan yaranacağına ümid edir. Bunu ölkənin baş nazir müavini İrina Vereşçuk deyib.

Ukrayna qüvvələri paytaxt Kiyev ətrafında bəzi yerlərdən Rusiya qüvvələrini çıxardığını, Mariupol yaxınlığında lövbər salmış Rusiya donanma gəmisini vurduğunu bildirir.

Britaniyanın müdafiə nazirliyi martın 25-də Ukraynanın şəhərləri, Kiyevdən 35 km şərqdə müdafiə mövqelərini geri aldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, Ukrayna qüvvələri qarşı tərəfi Kiyevdən şimal-qərbdə yerləşən Qostomel aerodromuna doğru sıxışdırmağa çalışacaqlar.

“Logistik məsələlər və Ukraynanın müqaviməti” Rusiyanın cənubdakı Mikolayev şəhərini mühasirəyə almasını çətinləşdirir, nazirlik qeyd edir.

Martın 24-də axşam Rusiya qüvvələri Ukraynanın Dnepr şəhəri ətrafındakı hərbi hissəsinə iki raket atıblar. Zərbələrdən binalar dağılıb, iki yanğın başlanıb. Ölənlərin və yaralıların sayı hələ müəyyənləşdirilməyib.

Region qubernatoru Valentin Rezniçenko sosial mediada zərbələrin “ciddi dağıntı”ya səbəb olduğunu yazır.

Zelenski ötən gecəki müraciətində ukraynalılara ümid və qətiyyət mesajı ötürməyə çalışıb.

“Müdafiəmizin hər günündə bizə gərəkən sülhə daha da yaxınlaşırıq. Qələbəyə yaxınlaşırıq... Bircə dəqiqə də dayana bilmərik. Hər bir dəqiqə taleyimizi, gələcəyimizi, yaşayıb-yaşamayacağımızı müəyyənləşdirir”, – o deyib.

“Biz sülhü axtarmalıyıq. Rusiya da sülh axtarmalıdır”, – Zelenski vurğulayıb.

 





25.03.2022    çap et  çap et