Vaxt.Az

“Nə baş verir?”


 

Müdafiə Nazirliyi hərbçilərimizin növbəti uğurunu PR etmək istəmir

“Nə baş verir?” Azərbaycanın Müdafiə Nazirliyi təfərrüatlı, detallı açıqlama vermir və bu, anlaşılandır. Hətta təqdir edirəm. Nazirlik hərbçilərimizin növbəti uğurunu PR etmək niyyətində deyil. İndi ən çox səslənən sual “Nə baş verir?” formasındadır.

Bu ilin fevralında Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı bəyannamə imzalandı. 

Təbii, sənədlə bağlı rəsmi açıqlamalar bol olmadı.

Amma bəllidir ki, bəyannamə ilə bağlı razılaşdırma, müzakirə və danışıqlar prosesi aylarla davam edib.

Rusiya Ukraynaya hücum etməyə qərar vermişdi və bu baxımdan ölkəmiz Kremlə postsovet məkanındakı mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş ümumi planının ən önəmli elementlərindən biri kimi vacib idi.

Moskva həm də Ukraynada müharibəyə başlayan kimi Qərbin sanksiyaları və təcridi ilə üzləşəcəyini təxminlədiyindən Azərbaycandan məhz həmin sanksiyalar çəmbərini dəf edərək dünya bazarlarına çıxmaq üçün etibarlı plasdarm qismində yararlanmaq niyyətində idi.

Bakı bunu gözəl bilirdi və anlayırdı. Elə həmin səbəbdən də Moskvanın gedişinə əks-gediş etdi, ölkə ərazisindəki erməni separatizmi və terrorizmi ilə mübarizədə Moskvanın dəstəyini tələb etdi.

Dəstək dedikdə situasiya sadə, trivial idi: Moskva ordumuzun antiterror əməliyyatlarına qarışmamalı, müdaxilə etməməli idi.

Xatırladım ki, bəhs etdiyim müttəfiqlik bəyannaməsindəki önəmli bəndlər arasında erməni terrorizmi və separatizmi ilə mübarizənin aktiv fazaya keçirilməsinə imkan verən iki bənd var:


1. Separatizmə qarşı birgə mübarizə;

2. Tərəflərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığını qarşılıqlı şəkildə bir daha tanıyaraq bəyan etmələri.


Sözügedən bəndlər bilavasitə Bakının tələbi ilə sənədə daxil edilib və bizim maraqlarımıza cavab verir.

Bəyannamə imzalananandan sonra bir qədər keçdi, Qarabağda ermənilər təşvişə düşdülər, isterikaya qapıldılar ki, “azərbaycanlılar irəliləyirlər”.

Separatizmlə mübarizə və rusiyalı sülhməramlıların nəzarət arealında olan qanunsuz erməni silahlı birləşmələrin tərksilah edilməsi məsələsi ötən həftə Bakıda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirə olundu.

Daha sonra müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışıqları apardı.

Bu gün isə Ukrayna Ali Radası “Qarabağda azərbaycanlıların uğurlu əməliyyatı” barədə məlumat yaydı.

Bir daha təkrarlayım: Müdafiə Nazirliyimizin indiki situasiya ilə bağlı bəyanatlar verməməsi anlaşılandır, məntiqidir.

Proseslər Azərbaycanla Rusiya arasındakı müttəfiqlik anlaşması çərçivəsində gedir.

Tələsməyək.

Soyuqqanlı, emosiyasız davranmalıyıq.

 





26.03.2022    çap et  çap et