Martın 24-də NATO-nun 30 ölkəsinin liderləri, “Böyük Yeddilik” və Aİ-nin 27 üzvü sanksiyalar və Ukraynaya əlavə yardımı açıqlayıblar.
***
Zelenski ötən gecəki müraciətində ukraynalılara ümid və qətiyyət mesajı ötürməyə çalışıb.
“Müdafiəmizin hər günündə bizə gərəkən sülhə daha da yaxınlaşırıq. Qələbəyə yaxınlaşırıq... Bircə dəqiqə də dayana bilmərik. Hər bir dəqiqə taleyimizi, gələcəyimizi, yaşayıb-yaşamayacağımızı müəyyənləşdirir”, – o deyib.
“Biz sülhü axtarmalıyıq. Rusiya da sülh axtarmalıdır”, – Zelenski vurğulayıb.
***
Xəbər verdiyimiz kimi, Mariupol şəhər rəsmilərinin martın 25-də şahidlərə istinadla bildirməsinə görə, ötən həftə Rusiyanın tarixi teatra zərbəsi nəticəsində 300-dək dinc sakin həlak olub. Yüzlərlə insanın həmin teatra sığındığı bildirilirdi.
Mariupol şəhər şurası martın 25-də “Telegram”da yazıb ki, “heç kəs nəyin baş verdiyinə inanmaq istəmir, amma terror aktı vaxtı binada olanların dedikləri əksini göstərir”.
Mariupol Dram Teatrına martın 16-da zərbə endirilib. O vaxtdan Ukrayna hökuməti ölü sayı açıqlamırdı, rəqəmləri dəqiqləşdirdiyini deyirdi. Rusiyanın ətrafı atəşə tutması isə işi çətinləşdirirdi.
Teatrın qarşısına, arxasında böyük hərflərlə “DETİ” (“UŞAQLAR”) sözləri yazılmışdı. Yerli hakimiyyət bina bombalananda orada 1200-dək dinc sakinin olduğunu deyir.
“Mariupolun ürəyindəki Dram Teatrı həmişə şəhərin vizit kartı olub. İndi isə Dram Teatrı artıq yoxdur. Onun yerində Mariupol əhalisi üçün yeni ağrı nöqtəsi yarandı, yüzlərlə günahsız insanın son sığınacağının yerində xarabalıq qaldı”, – Şəhər Şurası postunda yazıb.
Həmin hücum bütün dünyanın qəzəbinə səbəb olub, Rusiyanın Ukraynaya səbəbsiz hücumda hərbi cinayətlər törətməsi haqda iddialar səslənib.
Çoxsaylı dəlillərə baxmayaraq, Rusiya Ukraynada mülki hədəfləri vurmadığını deyir.
Ukrayna martın 25-də dinc sakinlərin şəxsi maşınlarla Mariupoldan təhlükəsiz çıxışına imkan yaranacağına ümid edir. Bunu ölkənin baş nazir müavini İrina Vereşçuk deyib.
Ukrayna qüvvələri paytaxt Kiyev ətrafında bəzi yerlərdən Rusiya qüvvələrini çıxardığını, Mariupol yaxınlığında lövbər salmış Rusiya donanma gəmisini vurduğunu bildirir.
Ukraynanın cənubdakı Mariupol şəhəri Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanın şərqində dəstəklədiyi separatçılar arasında yerləşir. Həftələrdir minlərlə insan su, yemək, dərman, elektrik çatışmazlığı ilə üzləşib.
***
Britaniyanın müdafiə nazirliyi martın 25-də Ukraynanın şəhərləri, Kiyevdən 35 km şərqdə müdafiə mövqelərini geri aldığını açıqlayıb.
Nazirliyin məlumatına görə, Ukrayna qüvvələri qarşı tərəfi Kiyevdən şimal-qərbdə yerləşən Qostomel aerodromuna doğru sıxışdırmağa çalışacaqlar.
“Logistik məsələlər və Ukraynanın müqaviməti” Rusiyanın cənubdakı Mikolayev şəhərini mühasirəyə almasını çətinləşdirir, nazirlik qeyd edir.
***
Martın 24-də axşam Rusiya qüvvələri Ukraynanın Dnepr şəhəri ətrafındakı hərbi hissəsinə iki raket atıblar. Zərbələrdən binalar dağılıb, iki yanğın başlanıb. Ölənlərin və yaralıların sayı hələ müəyyənləşdirilməyib.
Region qubernatoru Valentin Rezniçenko sosial mediada zərbələrin “ciddi dağıntı”ya səbəb olduğunu yazır.