Vaxt.Az

“Qara qutu” İrəvanda peyda olub


 

Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır

“Qara qutu” İrəvanda peyda olub Ukraynada dalana dirənmiş Rusiya ətrafında çəmbərin daraldığını yaxşı dərk edir. Kreml başbilənləri bu situasiyada ölkənin Qərbdə yaranmış böhranın Cənub sərhədlərində də yaranması ehtimalını heç vaxt unutmur. Buna görə də lazımı previntiv addımlar atmağa cəhd edir.

Sözsüz ki, hazırkı durumda Rusiyanın Cənub sərhədində ön önəmli aktor Azərbaycandır. 44 günlük müharibədə öz mövqelərini möhkəmlədən və hətta bölgədə Rusiyanın özünün də təəccübünə səbəb olan yeni reallıqlar yaradan Azərbaycanı ram etmək üçün müxtəlif kombinasiyalar qurmağa cəhd edir. 

İndi Kreml hər vasitə ilə Azərbaycanı Qərblə üz-üzə qoymaqda maraqlıdır. Qarabağda yaranmış eskalasiya bu istəyin reallaşdırılması üçün yaxşı vasitədir. 

Bu gün Rusiya Federasiyası Müdafiə Nazirliyi Azərbaycan tərəfini təqsirləndirən rəsmi məlumat yayıb. Məlumatda deyilir:  

“Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurdu. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı FURUX yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib.

Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.

Bu informasiyada Rusiya tərəfi -


Azərbaycanı ittiham edir;

Mövcud olmayan Dağlıq Qarabağ haqqında danışır;

Üçtərəfli bəyanatın şərtlərinə görə Qarabağdan çıxarılmalı olan silahlı birləşmələri himayə edir;

Azərbaycan Respublikasının suveren ərazisində Azərbaycan Silahlı Qüvvələrinin dislokasiya yerinin dəyişdirilməsi kimi səlahiyyətinə aid olmayan tələb irəli sürür.


İnformasiyadakı bu fikir xüsusi diqqət tələb edir: “qoşunların ilkin mövqelərinə qaytarılması”.

Bu fikirdə diqqət çəkən məqam bu fikrin Rusiyadan əvvəl ABŞ və Fransa tərəfində səsləndirilməsidir. Qəribə situasiya yaranıb. Ukrayna böhranında ABŞ-Rusiya və Fransa-Rusiya bir-birinə qarşı düşmən mövqe tutub. Amma Qarabağda yaranan eskalasiyada Rusiya ABŞ və Fransanın mövqelərini təkrar edir. 

İndi isə gəlin bir başqa məqama diqqət yetirək- eyni mövqe sərgiləyən ölkələrə: ABŞ, Fransa, Rusiya. Minsk Qrupunun həmsədr ölkələri. 

Bütün bunlar baş verən zaman Qarabağ münaqişəsinin “Qara qutusu” Anjey Kaspşik İrəvanda peyda olur və Ermənistanın xarici işlər naziri ilə görüşür.

Sözsüz ki, Ermənistanın Minsk Qrupunu diriltmək cəhdi bəlli həqiqətdir. Azərbaycanlı ekspertlər bunun mümkünsüzlüyünü bildirir. Çünki bu ölkələr arasında Ukrayna böhranı səbəbindən müharibə şəraiti mövcuddur. Amma görünən odur ki, Qarabağ məsələsində onlar eyni fikirləri bölüşürlər. 

Bəs Rusiya üçün bu oyun nə verir?

Cavab çox sadədir:


1. Rusiya Azərbaycanı Qərblə üz-üzə qoyur;

2. Rusiya hətta öz düşmənlərinə də qəbul etdirir ki, Qarabağda sabitliyin təminatı məhz odur;

3. Bununla da Qarabağda və dolayısı ilə Qafqazda mövcudluğunun ömrünü uzadır.


Bütün bunlara Azərbaycanın Ermənistana təqdim etdiyi 5 bəndlik sülh sazişi təkliflərini və bu təkliflərə Ermənistanın cavabını da əlavə etsək mənzərə tam aydınlaşır.

 





26.03.2022    çap et  çap et