Vaxt.Az

“Maslow”un ehtiyac piramidası ...


 

... Yaxud xoşbəxt ölkə modeli

“Maslow”un ehtiyac piramidası ... Məşhur Amerika psixoloqu Abraham “Maslow” “Ehtiyac piramidası” teoriyasını irəli sürmüşdü, dünyada xalqın, toplumların davranış qaydalarını öyrənmək üçün ““Maslow” piramidası” çox maraqlı istinad yeridir.

Bu nəzəriyyə haqqında geniş yazmaq istəmirəm, İnternetdə kifayət qədər məlumatlar var, məqsədim ““Maslow” piramidasına” Azərbaycan pəncərəsindən baxmaq, toplumun davranış qaydalarını analizinə cəhd etməkdir. 

Abraham “Maslow” insanların ehtiyaclarını belə sıralayıb: 1) Fizioloji (physiological) ehtiyaclar: Hava, su, qida, istilik, sığınacaq, yuxu, 2) Təhlükəsizlik (security) ehtiyacları: Təhlükəsizlik, sağ qalma, sağlamlıq, iş, haqq və hüquqlar, 3) Aid olma, sevgi (belonging, love/social) ehtiyacı: Dostluq, ailə, ünsiyyət, aid olma, sevgi, yaxınlıq, 4) Hörmət (esteem) ehtiyacı: Özünə hörmət, özünə inam, hörmət edilmək, uğur qazanmaq, tanınmaq, status sahibi olmaq, 5) Özünü reallaşdırma (self-actualization) ehtiyacı: Şəxsi inkişaf, şəxsi potensialını reallaşdırma, istedadının fərqinə varma və onu istifadə etmə, yaradıcılıq, həqiqətləri qəbul etmə, qərəzsiz olma. 

Azərbaycanda toplumun davranış qaydalarını öyrənmək üçün nəzəriyyədə göstərilən ehtiyacların analizinə lüzum var:

1. Fizioloji ehtiyaclar demək olar ki, məmləkətdə ödənilir, içməli su, hava qida, sığınacaqla bağlı ciddi problemlər yoxdur, az-çox bu ehtiyaclar ödənilir. Amma bu tək dövlətin atdığı addımlarla, sosial dövlət modeli ilə alınmayıb, fizioloji ehtiyacların ödənilməsində çox vacid institut ailə institutudur. Bizdə ailədaxili, nəsildaxili əlaqələr fizioloji ehtiyacların ödənilməsində heç də az rol oynamır, dövlətin sosial yükünün böyük bir hissəsinə ailə-nəsil öz üzərinə götürür, bu da dövlətə güvənsizlikdən doğur: Ata-ana övladını yanından buraxmaq istəmir ki, qocalanda təqaüdü ilə dolana bilməyəcək, uşaqları ona dayaq olacaq, uşaqlar da ata-ananın yanından ayrılmağa can atmırlar, çünki gənc yaşlarında öz qazancları ilə özlərinə ev ala, ailə qura bilmirlər – bütün bunun adına da “ailə dəyəri” qoyub, hələ bir tərifləyirik də, əslində isə bu “dəyərlər” iqtisadi vəziyyətdən doğur. Qısası, fizioloji ehtiyaclar yarıdövlət, yarıailə tərəfindən ödənilir deyə, bu insanların davranışına ciddi təsir edir,

2. Təhlükəsizlik ehtiyacı da ölkədə ödənilir, yəni Azərbaycan xarici düşmən, işğal faktını nəzərə almasaq kifayət qədər təhlükəsiz ölkədir – bu da insanların davranışına təsir edir. Amma işlə təminat yenə çox zaman ailə-nəsil institutu vasitəsi ilə həll olunur, dövlətin də rolu var, amma o qədər də institutlaşmayıb. Yenə də iş məsələsi yarıailə, yarıdövlət iştirakı ilə həll olunur. Ən bərbad vəziyyət isə haqq və hüquqlarla bağlıdır – Burada ailə institutu artıq gücsüz qalır, ya da haqqarama yollaerı qeyri-qanuni çalarlar alır: Rüşvət, tanışlıq, tapşırılma və s., deməli bu məsələ ölkədə həllini tapmayıb deyə ən aktual məsələlərdən biri, insanları hərəkətə gətirə biləcək potensial ehtiyacdır,

3. Aidolma və sevgi məsələsi də çox qəlizdir – Ölkədə ciddi sevgi qıtlığı var, buna mane olan səbəblər həm sosial məsələlərdir, həm də “psevdo-dəyərlərdir”. Aidolma məsələsi isə həm də siyasidir – ölkədə ciddi idioloji boşluq var deyə, aidiyyat məsələsi həll olunmamış qalıb. Ünsiyyət məsələsi də problemdir, sosiallaşma virtuallaşır, virtuallaşdıqca da insansızlaşır,

4. Hörmət ehtiyacı ödənişsiz qalmış və tam tərs “dəyərlər” üzərinə otutuşmuş məsələdir. Uğur qazanmağın yolları siyasi və iqtisadi sistemin eybəcərliyinə görə insanları simasızlaşmağa sövq edir. Hörmət biliyə-bacarığa, dürüstlüyə bağlı məsələ olmaqdan çıxıb, vəzifə və pula bağlanıb. İstənilən toy-yas məclisində yuxarı başa məmur-rəis otuzdurulur, onlara hörmət göstərilir, halbuki həmin adamların əksəriyyəti rüşvətxor və qanunpozanlardır və uğur hekayələri fərdi yaxşı xüsusiyyətlərinə görə yazılmayıb, 5) Özünürealizə ehtiyacı ən ümdə ehtiyaclardan biri, xoşbəxt olmağın açarıdır. Bu məsələdə də ölkədə vəziyyət xoş deyil, sistemin oyun qaydaları özünürealizəni orqanik olmaqdan çıxararaq başqa faktorlara bağlayıb. Sistem insanların potensialının açılmasına xidmət etmir.

Beləliklə, “Maslow” piramidasına, nəzəriyyəsinə görə məmləkəti “yarımçıq” adlandırmaq olar, bu yarımçılıq da insanların gündəlik davranış qaydalarına birbaşa təsir edən əsas elementdir – ilkin ehtiyaclar az-çox ödənilir, fiziki təhlükəsizlik qorunur, amma aidiyyat, sevgi, hörmət, özünürealizə məsələləri ciddi axsayır. Ölkənin qarşısında duran ən mühim çağırış yarımçılıqdan qurtulmaq, bütün fizioloji, mədəni, psixoloji ehtiyacları ödəyən sistem qurmaqdır – Xoşbəxt ölkə qurmağın yolu məhz belədir. Düşünün xanımlar və cənablar, düşünmək zərərli deyil...

 





17.02.2019    çap et  çap et