Vaxt.Az

Yeni bəşəri çağırışlar ...


 

... Yaxud ““Maslow” piramidası” tərsinə dönür

Yeni bəşəri çağırışlar ... Bəşəriyyətin son 100-150 ilini götürsək maraqlı tendensiyaları izləmək mümkündür və bu gün baş verənləri daha aydın analiz etmək üçün kiçik tarixi ekskursa ehtiyac var. Çünki, bu gün dünyada baş verənləri sadəcə “xeyirlə şərin” mübarizəsi kimi baxmaq doğru deyil, problemlərin daha dərin kökləri var.

İkiqütblü dünya: SSRİ-nin yaranmasından, əsas da ikinci dünya savaşından sonra dünya siyasəti sadələşdi, ikiqütblülük yarandı, problemlərə baxış asanlaşdı. Ümumiyyətlə, “sovet xalqı” anlayışı və sovetin “dəyərlərinin” ixracı məhz 1945-ci ildən sonra yarandı (Hitler öz təcavüzü və müharibəsi ilə etnik mənsubiyyətindən asılı olmayaraq “sovet insanı” fenomenini yaratdı, bu gün də Putin Ukraynaya təcavüzü ilə Ukrayna xalqını birləşdirdi, millətindən asılı olmayaraq Ukrayna xalqı formalaşdı – bu ayrı, amma maraqlı mövzudur, növbəti yazılarda bu haqda düşüncələrimi bölüşəcəm). 1945-1990-cı illər arası beynəlxalq siyasətdə hər şey sadə idi – ABŞ və SSRİ dünyanı öz aralarında bölmüşdülər, hər birinin öz “hekayəsi” olsa da, metodları, aşağı-yuxarı, eyni idi. ABŞ (Qərb) öz hekayəsini insan haqq və azadlıqları, rəqabətli iqtisadiyyat, mülkiyyət toxunulmazlığı, seçkilər, söz və mətbuat azadlığı üzərində qurmuşdu və bu cəlbedici hekayə ilə dünyanın 70-ə yaxın ölkəsində sözü keçirdi. SSRİ-nin hekayəsi isə istismarsız cəmiyyət, bərabərlik, sülh, qardaşlıq, sosial ədalət, dövlət iqtisadi modeli idi – bu hekayə ilə dünyada 60-a yaxın ölkəyə nəzarət edirdi. Bu ideoloji savaşda, rəqabətdə ABŞ (Qərb) qalıb çıxdı, çünki SSRİ-nin hekayəsi yalan üzərində inşa edilmişdi və insan təbiətinə zidd idi (məsələn, özəl mülkiyyət insanlığın canındadır, tarixindədir) – ona görə də əvvəl hekayəsi, sonra da sistemi dağıldı. 

1990-2010-ci illər arası təkqütblü, ancaq ABŞ-ın (Qərbin) hegamoniyası altında olan dünya formalaşdı. Amma Çin sürətlə inkişaf edirdi, ayrıca bir, ən azı, iqtisadi qütbə çevrilirdi. 2008-də Gürcüstana təcavüzünə görə heç bir ciddi cəza almayan Rusiya öz qütbünü qurmağa başladı. ABŞ (Qərb) bunu ciddiyə almadı, daha betəri, öz bəşəri dəyərlərindən və cəlbedici hekayəsindən ayrı düşməyə başladı. Putin Rusiyası isə “rus dünyası” və “elitar konservatizm” üzərində hekayə qurmağa çalışdı. 

İndiki dünyada qarışıqlığın yaranmasının ən başlıca səbəblərindən biri aparıcı dünya ölkələrinin cəlbedici hekayə qura bilməməsidir, ideoloji və vizion boşluğudur. Son 20 ili götürək – əvvəl 11 sentyabr terror hadisəsindən sonra Qərb öz dəyərlərini qurban verməyə hazır oldu, təhlükəsizlik azadlıqları “yeməyə” başladı, nəticədə azadlıqlar təhlükəsizlik adı altında daralmağa başladı. Pandemiya isə bu vəziyyəti lap qəlizləşdirdi – Qərb nəinki vacib dəyərlərdən, hətta vətəndaşlarının konstitusion hüquqlarından vaz keçməyə başladı. Qərbin əsas cəlbedici dəyərləri arxa plana keçdi, indi isə tamam anlaşılmaz vəziyyət yaranıb: Özəl mülkiyyətin toxunulmazlığı, qanunun aliliyi Qərb sivilizasiyasının təməli, inkişafın motoru olub – indi nə görürük?! Son 30 ildə Rusiyalı iş adamlarının korrupsiya və digər üsullarla öz ölkələrindən oğurladıqları milyardlarla vəsaitə zamanında göz yuman Qərb, indi məhkəmə qərarları olmadan Rusiyalı oliqarxların özəl mülkiyyətinə əl qoyur, evlərinin adi insanlar tərəfindən tutulmasına, qapısının sındırılmasına göz yumur – bu çox təhlükəli məsələdir, Qərbin cəlbedici dəyərlərini gözdən salır. Bir daha: Bəli, bu oliqarxlar 30 ildir şübhəli yollarla qazandığını Qərbə daşıyıb – amma bunu indimi bildilər? Zamanında buna niyə imkan verirdilər?! Son 30 ildə Rusiyadan müxtəlif yollarla Qərbə 1 trilyon 280 milyard dollar vəsait çıxarılıb – buna niyə imkan verirdilər?! Və ya, Qərb mediasında da özünəməxsus senzura yaranıb, elə mövzular var ki, heç kimə müzakirə açmağa imkan vermirlər – bütün bunlar məni narahat edir. Çünki, mənim üçün Qərb dəyərləri məhz fundamental haqq-azadlıqlar, liberal iqtisadiyyat, qanunun aliliyi, söz-mətbuat azadlığı və seçkilərdir – bu hekayənin dağılmasına şahidlik edirik. 

Rusiya isə sivilizasion çağırışa faşistləşməklə cavab verdi, işğalçı mahiyyəti üzə çıxdı, ideya, ideologiya, cəlbedici hekayə təqdim etməyə gücü, intellektual potensialı çatmadı – nəticədə, ümumbəşəri ideoloji “tixac” yarandı.

Çin də güclü dövlətdir, güclü iqtisadiyyatı var, amma sivilizasion cəlbediciliyi yoxdur – həmişə belə olub, tarixən Çin həmişə ayrı “planet” olub, Çinin dünyaya ideoloji olaraq universal model təqdim etmək potensialı yoxdur, amma Rusiyanın var idi, öz mənasız sisteminə görə həm öz xalqını, həm də dünyanı böyük təhlükəyə atıb. 

Beləliklə, dünyada bu gün baş verənlərin kökündə sivilizasion böhran dayanır, dünya cəlbedici hekayələr qıtlığı, insanları səfərbər edəcək proqressiv ideyalar yoxluğunu yaşayır. Nəticədə bəşəriyyət “Maslow” piramidasının alt pillərinə yuvarlanıb – 21-ci əsrin 22-ci ilində bu gün bəşəriyyət aclığı, susuzluğu, sağqalmanı, təhlükəsizliyi müzakirə etmək məcburiyyətində qalıb. “Maslow” nəzəriyyəsinə görə, altda oaln iki pillə - 1) Fizioloji (physiological) ehtiyaclar: Hava, su, qida, istilik, sığınacaq, yuxu, 2) Təhlükəsizlik (security) ehtiyacları: Təhlükəsizlik, sağ qalma, sağlamlıq, iş, haqq və hüquqlar – bunlar olmasa, növbəti pillələrə çatmaq, rifaha və özünürealizəyə nail olmaq mümkün deyil. İndi sanki orta əsrlərə qayıdırıq – insanlıq fizioloji ehtiyaclar və sağ qalmaq üçün mübarizə aparır.

Faciədir, çıxış yolu isə insan övladının, bəşəriyyətin yeni cəlbedici və ədalətli ideyalar ətrafında birləşib sivilizasion çağırışlara cavab verməyi öyrənməkdən keçir...

 





27.03.2022    çap et  çap et