Onun sözlərinə görə Rusiyanın öz qazını rubla satmaq tələbi mövcud müqavilələrin şərtlərinə ziddir və “G7” qrupunun üzvü olan ölkələr bu barədə yekdil mövqe tutublar. “G7” qrupundan Rusiya qazının ən böyük alıcıları Almaniya və İtaliyadır.
“Əgər Rusiya öz qazını satmaqdan imtina edərsə” sualına nazir “biz bütün ssenarilərə hazırıq” cavabını verib. Avropa İttifaqı Rusiya qazına embarqo qoyulmasına qarşıdır. Bu, bəzi Aİ ölkələrinin Rusiya qazından asılı olması ilə bağlıdır.
Aİ son bəyanatlarında iki il müddətində Rusiya qazından asılılığını ləğv edəcəyini bildirir. Rusiya qazının rublla satılması üçün təkliflər hazırlanacaq
Rusiya qazının Avropa İttifaqı üzvləri daxil, “qeyri-dost ölkələr”ə rublla satılması üçün martın 31-dək təkliflər hazırlanmalıdır. Prezident Vladimir Putin bununla bağlı mərkəzi banka, hökumətə və “Gazprom”a göstəriş verib.
“Qazı pulsuz verməyəcəyik”
Kremlin martın 28-də bildirdiyinə görə, Rusiya qaz ixracı üçün ödənişləri rublla almağın metodlarını hazırlayır və əgər Avropa ölkələri Rusiya valyutası ilə ödənişdən imtina edərlərsə, bu zaman gedişatda qərarlar veriləcək.
“Qazı pulsuz verməyəcəyik, bu aydındır. Bizim vəziyyətimizdə avropalı alıcılarımıza xeyriyyəçilik mümkün və məqsədəuyğun deyil”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.
Böyük Yeddilik artıq bu tələbi rədd etməyə qərar verib. Almaniyanın enerji naziri Robert Habek martın 28-də deyib ki, ““G7”nin nazirləri bunun mövcud kontraktların birtərəfli və aşkar pozuntusu olacağına razılaşıblar”. O, qrup üzvlərinin mövqelərini koordinasiya etmək üçün martın 25-də görüşdüklərini deyib.
Habekin sözlərinə görə, “rublla ödəniş qəbuledlməzdir və aidiyyəti olan şirkətləri Putinin tələbinə əməl etməməyə çağıracağıq”.
Putin martın 23-də bildirib ki, Rusiya bir həftə ərzində dəyişikliklər edəcək və “etibardan düşmüş” valyutalarla ödənişlərin qəbulunu dayandıracaq.
Bu o deməkdir ki, Rusiyaya sanksiyalar tətbiq etmiş Britaniya, Kanada, Yaponiya, ABŞ, İsveçrə, Ukrayna Rusiyanın göndərdiyi qaz üçün ödəniş etməkdən ötrü Rusiya mərkəzi bankının təyin etdiyi məzənnə ilə rubl almalı olacaqlar. Bu addım rubla tələbatı artıraraq onu möhkəmlədəcək.
***
Aİ liderlərinin martın 25-də keçirdiyi iclasda Rusiyanın tələbilə bağlı ümumi məxrəcə gəlinməyib.
Almaniyanın Maliyyə naziri Kristian Lindner martın 25-də ölkənin enerji provayderlərinə tövsiyə edib ki, Rusiya qazını rublla almasınlar.
İtaliya ödənişi avro ilə edəcəyini, rublla ödənişin kontraktda nəzərdə tutulmadığını bildirib. Polşa da eyni mövqe sərgiləyib. Aİ 2027-ci iləcən Rusiyadan yanacaq idxalını tamamilə dayandırmağı hədəfləyir. Bu il asılılığın üçdə ikisinin ixtisarı gözlənir.
Birləşmiş Ştatlar martın 25-də bildirib ki, bu il Aİ-yə 15 milyard kubmetr mayeləşdirilmiş qaz (LNG) çatdırılması üzərində işləyəcək.
Hazırda ABŞ-ın LNG zavodları tam gücüylə işləyirlər. Təhlilçilərin fikrincə, ABŞ-ın Avropaya göndərəcəyi əlavə qaz həcmləri başqa yerlərə ixracın hesabına gerçəkləşdiriləcək.