Vaxt.Az

Parlamentdə gərginlik


 

Siyavuş Novruzov Amerikaya hücum etdi, Qənirə Paşayeva ultimatum verdi

Parlamentdə gərginlik Martın 4-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirildi. Spiker deputatlara dedi-qodular və qəzet yazıları barədə müzakirə açmamağı tövsiyə edib cari məsələlər ətrafında danışmağa imkan yaratdı. (musavat.com)

Deputat Qüdrət Həsənquliyev 17 yaşlı gənc Nərmin Həsənlinin ağır durumundan danışdı və vətəndaşların tibbi sığortası ilə bağlı işləri sürətləndirməyə çağırdı. Deputat ağır xəstəliklərin müalicəsinə yardım olunması üçün xüsusi fondun yaradılmasını təklif etdi. Bildirdi ki, son zamanlar Azərbaycanda uşaqlar müxtəlif xəstəliklərə tutulurlar: “Heydər Əliyev Fondu buna köməklik edir. Tanınmışların da ölkədən kənarda müalicə almasına yardım göstərir. Müxtəlif elm, sənət xadimlərinin xaricdə müalicə olunmasının şahidi olmuşuq. Amma bu kifayət deyil. Bunun üçün Azərbaycanda xüsusi fond yaradılmalıdır. Bu çox yaxşı olar. Səhiyyə bazar iqtisadiyyatına uyğun qurulsun. Bu qədər səhiyyə obyektlərinə ehtiyac yoxdur. Onların əksəriyyəti özəlləşdirilməlidir”.

Deputat Fərəc Quliyev Ukrayna hadisələri barədə danışaraq “bu hadisələrin bizə aidiyyəti yoxdur desək düzgün çıxmaz” dedi. 

F.Quliyevin fikrincə, biz seyrçi qalsaq, gələcəkdə Ukrayna da Qarabağ məsələsində seyrçi qala bilər. 

O.Əsədov isə buna ehtiyac olmadığını bildirdi: “Ukrayna və Rusiya dost-qardaş ölkələrdir, onlar hər hansı problemi həll edə bilər. 300 mindən çox azərbaycanlı Ukraynada, 2 milyondan çox azərbaycanlı isə Rusiyada yaşayır. Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Onlar böyük, qohum dövlətlərdir, bu məsələləri özləri həll edəcək. Bir az hövsələniz olsun”. 

Deputat Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxdı: “Bayraq Azərbaycanın dövlət atributudur, onu hər yerdə ucaltmaq olmaz. Bəlkə də qanuna dəyişiklik etmək lazımdır ki, Azərbaycan bayrağını hər kəs istədiyi yerdə ucalda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli olmalıdır”.

O.Əsədov isə onun dediklərinə əsəbiləşdi: “Ay Etibar müəllim, elə bayaq mən bu məsələlərdən danışdım. Elə bil tormozunuz yoxdur e. Qardaş, sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Sovetski”dəki problemlərdən danışdı: “Əlbəttə, bir kvadratmetr əvəzində 1500 manat yaxşı rəqəmdir. Amma iş ondadır ki, ”Sovetski"də evlərin kvadratı çox azdır. 20 kvadratmetr olan əraziyə 35 min manat verilir. Bu pulla Bakıda heç birotaqlı mənzil almaq mümkün deyil. Dövlət elə siyasət aparmalıdır ki, insanlar evsiz qalmasın. Mənə müraciət edilib. Hətta 17 kvadratmetr sahəsi olan evlər var. Fikrimcə, dövlət bu haqda düşünməli, belə ailələrə kompensasiya deyil, mənzil təklif etməlidir. Milli Məclisdən xahiş edirəm ki, Nazirlər Kabinetinə müraciət etsin".

O. Əsədov isə dedi ki, “Sovetski”də heç kimi zorla evindən çıxarmırlar: “İki-üç gündən sonra Nazirlər Kabinetinin iclası keçiriləcək. Orada bu məsələyə baxılacaq”.

Deputat Asim Mollazadə ABŞ-ın daha bir ştatı İndiana ştatının Xocalı ilə bağlı qətnamə qəbul etməsindən danışdı.  Deputat Qarabağ müharibəsi veteranlarının statusunu artırmağa da çağırdı. 

Vitse-spiker Ziyafət Əsgərov Xocalı soyqırımı ilə bağlı deputatların iştirakı ilə keçirilən tədbirlərdən danışdı: “Bu gün artıq biz bu soyqırımı dünyaya çatdıra bilmişik”.  

Deputat Elmira Axundova internetin sürətindən və qiymətindən danışdı, təkliflər verdi.

Deputat mobil telefonlara müxtəlif şirkətlərdən mənasız məlumatların, reklam xarakterli məlumatların gəlməsindən şikayətləndi: “Nəzərinizə çatdırım ki, hər mesajdan sonra balansdan kontur çıxılır. Özü də belə hallar daha çox ”Baksell"dən gəlir. Təklif edirəm ki, bu cür mesajlar dayandırılsın, Rabitə Nazirliyi isə bu cür halların qarşısını alsın". 

O.Əsədov dedi ki, o da bu fikirlərlə razıdır: “Həqiqətən də vətəndaşın razılığı olmadan ona hansısa belə mesajların göndərilməsi düzgün deyil”. İnternetin durumuna gəldikdə, spiker dedi ki, bütün rayonlarda internet var, inşallah, sürət də olar, tələsmək lazım deyil. 

YAP-çı deputat Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin son hesabatında Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalının Ermənistan tərəfindən deyil, Ermənistan separatçı qüvvələrinin köməyi ilə işğal olunması barədə bəndin yazılmasına etiraz etdi: “Yalanın böyüklüyünə baxın, yazır prezidentliyə namizəd İlqar Məmmədov həbsdədir. İlqar Məmmədov nə vaxt prezidentliyə namizəd olub?”

O.Əsədov isə “Sevmirlər də bizi. Amma bu məsələlər öz-özünə həllini tapacaq, zaman bunu yerinə qoyacaq. Amma biz zorla bu məsələlərin həllinə nail ola bilməyəcəyik” - deyə, bildirdi.  

İclasda çıxış edən deputat Zahid Oruc isə ABŞ-ı sərt tənqid etdi, bu ölkədəki məhbuslar ordusundan, vətəndaşın şəxsi həyatına müdaxilə ilə bağlı məsələləri xatırlatdı. Eyni zamanda Azərbaycanda sağlam mühitin yaradılmasına stimul verən əməllərin davam etdirilməsini zəruri saydı. Z.Oruc vaxtilə sabiq nazir Füzuli Ələkbərovu istefaya çağırmasını xatırlatdı: “Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyatla məşğul olub. Yaxud Zakir Həsənovun fəaliyyəti göstərdi ki, kabinet naziri olmaq olmaz”.

Siyavuş Novruzov dünyadakı ikili standartlardan danışdı: “İki dələduz gedib hardasa şuluq salıb, hansısa siyasi partiyanın üzvüdür, onların hüquqları əsas hüquqlar olur. Hansı təşkilata ki, qrant veriblər, öyrədiblər ki, get belə hesabat hazırla. Sən hakim, prokuror, məhkəməsən, sənin nə hüququn var ki, istintaq qurtarmamış adamın azadlığa buraxılmasını tələb edirsən. Bunların iğtişaş törətmək üçün hazırladığı adamlar bir-bir ortaya çıxır”. Müxalifət təmsilçilərindən birinin “hakimiyyət bizə qarşı yox, xarici qüvvələrə qarşı mübarizə aparmalıdır” çağırışına reaksiya verən S.Novruzov "Birinci sizə qarşı heç kim mübarizə aparmır. İkincisi də öncə daxildəki xainlərimizlə məşğul olmalıyıq ki, onlar arxadan kürəyimizdən bıçaq vurmasınlar" dedi. 

Z.Əsgərov isə Krılovun “Qurd və quzu” təmsilini xatırlatdı: “Qurd deyir ki, sənin günahın odur ki, mən səni yeməliyəm. Belədir, Siyavuş, beynəlxalq hüquq belədir”.  

Deputat Musa Quliyev Xocalı soyqırımı ilə bağlı görülən işləri yüksək dəyərləndirdi. Həmçinin ombudsmanın hesabatı ilə bağlı təkliflərini verdi.

AVP sədri Fəzail Ağamalı isə Xocalı soyqırımının tanınması ilə bağlı Bakıda dünya ölkələri ombudsmanlarının konfransının keçirilməsini təklif etdi. 

Deputat Qənirə Paşayeva Ombudsman İnstitutunun fəaliyyətini təqdir etdi. Həmçinin Xocalı soyqırımı ilə bağlı iştirakçısı olduğu tədbirlərdən danışdı. Deputat Hepatit-C virusu ilə bağlı təhlükədən danışdı və bununla bağlı dövlət tərəfindən proqramın hazırlanmasını zəruri saydı. Q.Paşayeva məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin balansına qaytarılmasını vacib saydı. Q.Paşayeva dedi ki, bəzi qüvvələr mətbuatdan çirkin məqsədləri üçün istifadə edirlər: “Bu gün söz və mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə xidmət edən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail olurlar. 

Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə,  hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı  aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər.

Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insanı ”Sən niyə türk məktəblərinə dəstək veribsən" deyə nurçuluqda  ittiham edən, millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir. Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm". Q.Paşayeva onu hədəfə alanlara səsləndi: “Nə etməliydik?  Uşaqlarımızı Suriyada döyüşlərə səsləyənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliydik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan hocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam.  Uşaqlarımızı Suriyada döyüşə səsləyənlərinmi yanında olmalıydım? Bu parlamentdə onların haqqında danışan kimi başlayıblar üzərimizə düşməyə. Bu gün mənə olan bu məsələlər sabah başqalarına qarşı da olacaq. Onlara qarşı mübarizəni gücləndirməliyik”. 

Spiker O.Əsədov isə “müraciət edibsiniz, öz işinizdir. Amma bu məsələni parlamentə çıxarmağa ehtiyac yox idi” dedi.

“Dünyada doğrudan da ikili standart var, bu, inkarolunmazdır. Amma biz ikili standart şəraitində yaşamağı və işləməyi öyrənməliyik. Bəzən biz çıxış yolları aramaq əvəzinə başqalarını ittiham etməyə başlayırıq. Nə edək ki, qüsurlarla bağlı növbəti ittihamlar deyilməsin”.  Bu fikirlər isə xalq şairi Sabir Rüstəmxanlıya məxsusdur. Deputat çıxışında beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanla bağlı əksini tapan tənqidlərə arqumentli cavab verməyi zəruri saydı: “Biz nə vaxt mükəmməl bir sənəd hazırlayıb beynəlxalq təşkilatlara göndərmişik? Yoxsa öz aramızda ”Amerika düz eləmir" deməyə ehtiyac yoxdur. 

Azərbaycan insan haqları məsələsində dünyaya nümunə ola bilər. Azərbaycanda irqçilik, milli, dini azlıqlara dözümsüzlük  yoxdur. Ona görə də biz dünyanın aparıcı dövlətləri ilə də üz-üzə oturub sözümüzü deməliyik". S.Rüstəmxanlı ölkədə olan problemləri həll etməyə çağırıb: “Öz içimizdəki problemləri həll etməliyik. İnsanların mülkiyyəti zorla əllərindən alınır. 

Hətta orta əsrlərdə şahların dövründə birinin mülkinə toxunmaq olmazdı, qazilər məsələni həll edərdi. Ölkədə söz azadlığı, sahibkarlıq fəaliyyəti, gənclərin iş hüququ qorunmalıdır.  Xüsusilə də gənclərin məhkəməsi olmadan həbsi düzgün deyil. Küçədə uşaqları saxlayırlar, kimi saxlayırlar cibindən narkotik çıxır. Görünür, bir narkotik 50 cibdən keçir. Bunlar bizim övladlarımızdır, onları qorumaq lazımdır”.

O.Əsədov “ay Sabir müəllim, elə dediniz ki, elə bil bu gəncləri Azərbaycan dövləti yetişdirmir, kənarda yetişdirilir, Azərbaycana gəlir” deyə, reaksiya verdi.

Vitse-spiker Bahar Muradova isə S.Rüstəmxanlının dediklərinə reaksiyasında dedi ki, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda daimi nümayəndə heyətləri var: “Hesabatlar tərtib olunarkən QHT-lərin, siyasi partiyaların hesabatlarına  üstünük verirlər. Azərbaycandan bu məsələlərə bənd-bənd cavab verirlər və o da sənədlərdə əksini tapır. Amma görməmişəm ki, bir dəfə QHT-lər, siyasi partiyalar, o cümlədən konstruktiv siyasi partiyalar belə hesabatlara cavab versin. Mən çox istərdim ki, siz də belə sənədlərə cavab verəydiniz”.

Gərgin atmosferdə keçən iclasda deputatlar Ombudsman Elmira Süleymanovanın illik hesabatını da qəbul etdilər.

 





05.03.2014    çap et  çap et