Bu barədə “dörd anonim mənbəyə” istinad etdiyini bildirən “The Financial Times” qəzeti yazır.
Hazırda Moskva ilə Kiyev arasında gedən danışıqlarda Ukrayna NATO üzvlüyündən imtina etməsi müqabilində təhlükəsizlik qarantiyası və Avropa İttifaqına üzvlük istəyir.
Qəzet yazır ki, saziş layihəsində Rusiyanın üç ilkin tələbi yoxdur.
Bunlar Ukraynanın “demilitarizasiyası”, “denasifikasiyası” və rus dilinin müdafiəsi məsələləridir.
Lakin qəzet yazır ki, Ukrayna və onun Qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin niyyətlərinə skeptik yanaşırlar.
Onlar narahatdırlar ki, Putin danışıqlar prosesinin uzanmasından Rusiya qoşunlarının yeni hücuma hazırlanması üçün istifadə edə bilər.
Ukrayna danışıqlar heyəti üzvlərindən David Araxamiya “The Financial Times” əməkdaşına deyib ki, tərəflər təhlükəsizlik qarantiyaları və Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələlərində razılaşmaya yaxındırlar, lakin o, bu danışıqlarda böyük irəliləyişə nail olunacağına inanmır.
İndiyədək müzakirə olunan razılaşma layihəsində Moskva Ukraynanın nüvə silahı istehsalından çəkinməsini, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsindən və NATO-ya üzvlük niyyətlərindən imtina etməsini tələb edir.
Bunun müqabilində Ukraynaya veriləcək təhlükəsizlik qarantiyası 11 ölkə - Rusiya, Çin, ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Türkiyə və İsrail tərəfindən imzalanmış sənədlə təmin olunmalıdır.
Araxamiya bildirib ki, bu qarantiyalar NATO-nun Nizamnaməsindəki 5-ci maddəyə yaxındır.
Bu maddə NATO-nun bir üzvü üzərinə hücuma bütün qalan üzvlərin reaksiyasını tələb edir.
Rusiya və Ukrayna arasında danışıqların yeni raundu martın 29-30-da Türkiyədə keçirilməlidir.
Danışıqlar bundan əvvəl Belarus ərazisində, daha sonra isə videoformatda keçirilib.
FT yazır ki, Moskva və Kiyev Türkiyə danışıqlarında Ukrayna ərazisində hərbi əməliyyatlara fasilə verilməsi məsələsini də müzakirə etməlidirlər.
Məqalədə xatırladılır ki, Rusiya qoşunlarının Ukraynadakı hücumları son günlərdə dalana dirənib.
Putinin sözçüsü Dmitri Peskov martın 28-də “İnterfax” agentliyinə deyib ki, Moskva hazırda danışıqlar prosesində “tərəqqidən” danışa bilməz, çünki bu danışıqlar prosesinə “ziyan vura bilər”.
Peskov təəssüflə bildirib ki, indiyədək keçirilmiş danışıqlarda əhəmiyyətli irəliləyiş olmayıb.