Vaxt.Az

Sovetlər və Rusiyanı birləşdirən xətt


 

Onun adı rus şovinizmidir

Sovetlər və Rusiyanı birləşdirən xətt Bəli, çox maraqlıdır, cəmi bir həftədən sonra Ukrayna şairi Taras Şevçenkonun anadan olmasının 200 ili tamam olacaq. Bunu ona görə xatırladım ki, indi bir nəfər kimi hamı Ukrayna ilə yaşayır, onunla nəfəs alır.

Məsələ bundadır ki, Rusiya-Ukrayna müharibəsi başlasa, bu, keçmiş sovetlərin bərpası yolunda birinci böyük savaşın başlanğıcı olacaq. Ona görə də nə Qərb, nə də Ukrayna bu qovğanı uduzmamalıdır.

Bu bir neçə gündə Rusiya dərgilərinə, nəşrlərinə olan azacıq sayğım da azaldı.

Nələr yazmırlar? Ukraynalıları daha hansı rəngdə təsvir etmirlər? Millətçilərin lideri D.Dontsovu faşist kimi anırlar. Doğrusu, mən bu ukraynalını heç tanımıram, haqqında da oxumamışam, mübahisə etmək fikrim də yoxdur. Gəl, onun və başqalarının haqqında rusların yazdıqlarını oxuyanda adam lap başını itirir, düşünürsən ki, doğrudanmı, bunlar həqiqətdir?

Guya D.Dontsov Ukrayna millətçilərinin proqramında yazıbmış ki, təcavüzkar və işğalçı olun, təbiətə baxın, orada humanizm və ədalət yoxdur!..

Bəlkə də elə doğrudanda da belə adam olub, bəlkə elə həqiqətən də o, millətçilərin hansısa qanadına liderlik edib, amma onun bugünkü ukraynalılara nə dəxli var? Həm də sovet istilasının da ukraynalıların başına açdığı oyunlardan, genosiddən də yazsaydılar bəlkə də deyilənlərin, yazılanların bir qisminə inanmaq olardı. Əvvəllər yazırdılar. Amma indi bütün Rusiya mətbuatı bir rupor kimi işləyir, hamı “bir nöqtəyə vurur”! Məqsəd də hökuməti Ukraynaya ciddi müdaxilə etməyə təhrik etmək, bunun üçün bəraət tapmaqdır.

Mən slavyanist deyiləm. Bilmirəm ukraynalılarla ruslar arasında nə qədər etnik, dini, linqvistik yaxınlıq var? Onu bilirəm ki, ukraynalılar özlərini ayrı bir xalq kimi təsəvvür edirlər.

Bu hadisələr başlayandan Ukrayna haqqında bir-iki yazı oxudum. Başa düşdüyüm bu oldu ki, bu xalq istiqlaliyyət uğrunda digərlərindən heç də az zillət çəkməyib.

Əvvəldə T.Şevçenkonun adını çəkməyim də heç təsadüfi olmadı. Bizə SSRİ tarixi adı altında Rusiya tarixi öyrədirdilər. Həmin SSRİ tarixi kitabında ittifaq respublikalarının keçmişi və mədəniyyəti bir paraqrafda verilirdi. Birinci dəfə T.Şevçenko haqqında da həmin kitabdan oxumuşdum.

Ruslar indi səhvlərini düzəldə bilərdilər. Amma istəmirlər. Deməli, indiki və keçmiş Rusiyanın milli siyasətində elə bir fərq yoxdur, onların hamısını ümumi bir xətt birləşdirir - rus şovinizmi...

Elə bu xətt də indi hamını narahat edir. Özünə missiya düşünənlər həmişə təhlükəli olurlar, çünki onlar öz təxəyyüllərinə o qədər inanırlar ki, azacıq da olsa tənqid və təftiş üçün yer qoymurlar. Bunlar özünəməxsus fanatlardır.

V.Putinin keçmiş sovetlərə sevgisi hamıya bəllidir. O, tənbəllik etməyərək müxtəlif dövrləri SSRİ-nin birləşdirilməsi mərhələsi adlandırmışdı. İndi baş verənlər, Federasiya Şurasının yarımca saata Ukraynaya müdaxiləyə icazə verməsi də bəlkə bu mərhələnin başlanğıcıdır?

Ümid edək ki, belə olmayacaq. İndi faktiki olaraq Gürcüstana qarşı işlədilən ssenari işə düşüb. O vaxt Qərb Gürcüstanın işğalını dayandırdı. İndi də bunu etməlidir.

Keçmiş sovet ölkələri də birlik nümayiş etdirə bilərdilər. Amma bu ölkələrin Qərblə inteqrasiya dərəcəsi və gələcək planları müxtəlifdir. Həm də böyüklərin meydanında kiçiklərin əl-ayağa dolaşmasının elə də əhəmiyyəti və mənası yoxdur. İndi söz ABŞ-ındır, Avropanındır, NATO-nundur. NATO-nun Yaxın Şərqdə, Əfqanıstanda sahman yaratmağı yetər, qoy, bir az da qapısının kandarında səliqə-sahman yaratsın. Ona görə ki, Ukrayna Avropanın qapısıdı.

O ki qaldı Rusiya mətbuatının Ukrayna və ukraynalılar haqqında yazdıqlarına, qaradan tünd rəng olmur. Bu gün qara rəngdə təsəvvür edilən, görünən isə heç də Ukrayna deyil, Rusiyanın özüdür.

Doğrusu, mən Rusiyadan məntiqi ardıcıllıq gözləmirəm. Bəli, Suriyaya, Liviyaya müdaxiləyə qarşı çıxdı. Amma özü Gürcüstana müdaxilə etdi. Bəli, o, Kosovonun tanınmasına qarşı idi. Amma bu, ona Abxaziyanı və Osetiyanı tanımağa mane olmadı. Özünü kiçik xalqların hamisi hesab edir. Amma gəl Çeçenistanı qan içində boğdu. Bundan sonra ondan məntiq gözləmək olarmı?

 





05.03.2014    çap et  çap et