Vaxt.Az

“Stop!” qoyula bilər


 

Rusiya telekanallarını və “Sputnik Azərbaycan”ı gözləyən təhlükə

“Stop!” qoyula bilər Rusiyanın Azərbaycanın informasiya resurslarının yayımladığı xəbərlərə qarşısında dözümsüzlük nümayiş etdirməsindən sonra Kremlə bir neçə söz ünvanlamağa əşhədü-ehtiyac yaranır.

Dünya Ukrayna müharibəsinin yaratdığı ağrılı mənzərə fonunda Rusiyaya qarşı tuşlanan ağır informasiya artilleriyası şəbəkəsinə qoşularaq Moskvanın beynəlxalq informasiya platformasında sıxışdırır, onu təcrid edir.

Rusiyanın bir neçə saytı, telekanalı bloklanır, haqlı qərardır, yəni səbəblərdən asılı olmayaraq verilən qərarlar nəticə etibarı ilə Kremlin təbliğat dilini kəsir.

Ağır sanksiyalar tətbiq edilir, Rusiyada iqtisadi mənzərə korlanır, bunun paralelində isə Qərb Moskvanı daha sərt cəzalar gözlədiyini bəyan edir.

Belə bir məqamda isə nə Azərbaycan, nə də Türkiyə Rusiya ilə münasibətlərin xarakterinə neqativ məzmun yükləmək cəhdlərinə girişmir, ancaq Ukraynanın ərazi bütövlüyünə də dəstək nümayiş etdirir, qısası müharibənin tərəfinə çevrilmədən Kiyevlə də, Moskva ilə münasibətlərini qoruyub saxlayır.

Bu azmış kimi, Azərbaycan da, Türkiyə də Ukraynaya humanitar yardım göndərir, Ukrayna Prezidenti Vladimir Zelenski buna görə təşəkkürü təşəkkürə calayan bəyanatlar verir.

Ancaq Rusiya xoflu davranır, özünü dahi ingilis yazıçı Corc Oruellin “1984” romanındakı amansız repressiya aparatını təcəssüm etdirən dövlət kimi aparır. Hətta özünə qarşı olmayan addımlardan da dərin narahatlıq keçirir və Azərbaycanı da narahatlıq gətirən siyahıya salır.

Azərbaycan dövlətinin siyasəti bərabərtərəfli münasibətlər sisteminə əsaslanır və balanslı qamət Bakının strateji xəttinin qayəsidir.

Bəs Rusiyanın ruhuna hansı səbəbdən qorxu düşüb və Azərbaycana qarşı gah deputatın dili ilə hədyanlıqla dolu təhdidə imkan verir? O deputatın adını belə çəkmək istəmirəm, o da bəllidir ki, Rusiya demokratik ölkə olmadığından həmin deputatın Azərbaycana hədə yağdırması fikir plüralizmi kontekstində dəyərləndirilə bilməz.

Bu həmin zamana təsadüf edir ki, Rusiya Azərbaycana məxsus bir neçə sayta girişi öz ərazisində bloklayır, ardınca isə belə təhdidlər səslənir.

Həmin deputatın beyninə yedirtmək lazımdır ki, Azərbaycan elə ölkə deyil ki, kimsə, istədiyi zaman, istədiyi raketi ərazimizə atıb, Bakını bombardman altında qoysun. Hərbi cəhətdən isə buna cavab vermək vaxt itkisidir.

Rusiya özünü çətin seçim qarşısına qoyur, çünki Azəraycan da analoji addımlara gedib öz ərazisində Rusiya saytlarının, telekanallarının girişinə “stop” qoya bilər.

Moskva bundan razı qalmaz, amma bu halın yaranması onun öz qərəzli iradəsindən doğan reaksiyalara qarşı cavab tədbiridir.

İndi Azərbaycan da öz ərazisində Rusiyanın təbliğatını aparan kanalların yayımını dayandırsa, necə olacaq?

Onu da nəzərə alaq ki, Rusiyanın Bakıda “Sputnik Azərbaycan” redaksiyası da fəaliyyət göstərir, yəni Rusiyanın propaqandasını aparan, ara-sıra erməni maraqlarını önə çəkən bir agentliyin Azərbaycan redaksiyası.

Moskva ictimai-siyasi üfüqlərində Azərbaycana qarşı qeyri-adekvat davrandıqca “Sputnik Azərbaycan”dan tutmuş, Rusiya telekanallarına qədər – hamısının Azərbaycanda “qara siyahı”ya salınması da aktuallığını itirməyəcək.

 





29.03.2022    çap et  çap et