Hal hazırda, hər hansı bir məlumatı bir neçə saniyədə əldə etmək mümkün olduğu dövrdür, buna görə bu cür yaddaş oyunlarının böyük əhəmiyyətinin olmadığı ortadadır. Normal universitetlərdə imtahana hər hansı bir məlumat daşıyıcısını gətirmək mümkündür, önəmli olan onu xatırlamaq yox, onunla işləyə bilməkdir. Hal hazırda beynin analitik düşünmə funksiyası, yadda saxlama funksiyasından çox daha önəmlidir. Müasir təhsil məhz bu funksiyanın inkişafına önəm verir.
Əvvəllər universitetdə aldığın ixtisas dövlət təyinatı üzrə işə başlayıb həyatın sonuna kimi orada işləyirdin. İndiki uşaqlar bəlkə də hal hazırda hələ də mövcud olmayan ixtisas sahəsində işləyəcəklər və həyatları boyunca ixtisaslarını bir neçə dəfə dəyişdirməli olacaqlar. Buna görə nəyisə ömürlük öyrənmək yox, öyrənməyi öyrənmək çox daha vacibdir.
Ola bilsin ki, biz, xarici dillərin öyrənilməsinə əhəmiyyət verən son nəsilik. Hazırda, 3-4 dili yaxşı səviyyədə bilən şəxs bəxtəvər hesab olunur. Sabah isə, alnınıza yapışdırılan 10-15 dollarlıq bir cihaz sizə dünyanın hər hansı bir dilində rahat oxumağa və ünsiyyət yaratmağa imkan yaradacaq.
Bəli, bunu dərk etmək bizim üçün hal hazırda çox çətindir, çünki bütün dünyamızı alt-üst edir. “Kitab oxuma, get kompüterlə işlə”, “əzbərləmə, get İnternetdə tap”, “məktəbə gedirsən, telefonun yadında çıxmasın, dərsdə telefonsuz oturma”, “tarixi oxumaqdansa get oyununu oyna qurtar” uşağa deyiləcək yeni nəsihətlərdir.
Ənənəvi təhsil sistemində tədris almış tədris işçiləri üçün isə, dərsdə telefondan, İnternetdən istifadə, imtahanlarda açıq mənbə və s. tamamilə ağlasığmaz kimi görünür, çünki görməyiblər, öyrəşməyiblər, fərqli düşünə bilmirlər. Danışanda belə, dilləri “Azərbaycan SSR” tərəfə sürüşür. Hər şey dəyişməlidir... Dəyişəcək...
Dəyişmə prosesi nə qədər tez başlasa, bir o qədər xeyrimizədir. Pandemiya sağ olsun, bir təkan verib.. Amma bu yetərli deyil. İl 2022... Gecikirik...