Vaxt.Az

Vüqar Səfərli həbsdə qaldı


 

Məhkəmə apelyasiya şikayətlərini təmin etmədi

Vüqar Səfərli həbsdə qaldı Dünən (martın 29-da) Bakı Apelyasiya Məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun barələrində olan hökmdən verdikləri apelyasiya şikayətlərini təmin etməyib.

Vüqar Səfərlinin vəkili Hikmət Əliyev məhkəmənin qərarından kassasiya şikayəti verəcəyini bildirib.

Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasından məhkəmənin qərarı ilə bağlı şərh almaq mümkün olmayıb. Belə ki, dəftərxananın əməkdaşı məhkəmənin qərarının şərh edilmədiyini və narazı tərəfin yuxarı məhkəməyə şikayət etmək hüququna malik olduğnu bildirib.

Vüqar Səfərli və onunla birgə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Məhkəmənin hökmü ilə həmçinin Bakı şəhərində Mətbuat prospektində yerləşən ümumi sahəsi 12 535,9 kvadrat metr olan, dəyəri otuz milyon manatdan çox qiymətləndirilən Beynəlxalq Mətbuat Mərkəzi və prokurorluğun depozit hesabına qoyulan 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Bina Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olub.

Eyni zamanda məhkəmənin hökmü ilə Vüqar Səfərlinin Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesablarına həbs qoyulub. Bundan başqa, Ədalət Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları müsadirə olunub.

İstintaq tərəfindən mənimsəmənin ümumi məbləği 18 milyon manat müəyyən edilib. Pullar Bakının Səbail rayonunda jurnalistlər üçün yaşayış binasının tikintisi zamanı mənimsənilib. Mənimsəmə 2015-2018-ci illərdə baş verib.

 





30.03.2022    çap et  çap et