Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçiriləcək.
Əsas müzakirə mövzuları Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı vəziyyət, Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlər və sülh prosesinin vəziyyəti olacaq. Nazir minatəmizləmə sahəsində əməkdaşlığı da müzakirə edəcək.
***
14:09
Prezident İlham Əliyev Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib. Görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulandı və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu münasibətlə Birləşmiş Krallığının baş naziri Boris Consonun prezident İlham Əliyevə və dövlətimizin başçısının Boris Consona ünvanlanmış təbrik məktublarının əhəmiyyəti qeyd edildi.
Bildirilib ki, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata keçirilməsi əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı zəmin yaradır.
Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edilib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən proseslər barədə danışıb.