Kremlin təbliğat “quşları” da çaşqın vəziyyətdədirlər, iş o yerə çatıb ki, onlar Rusiyanın Ukrayna ilə danışıqlarında qrup rəhbəri Medinskiyə efirdən çəmkirirlər, hətta Lavrovun açıqlamaları belə bəyənmirlər. Amma, onlar da artıq ictimai rəyi hazırlamağa başladılar, Putin öz xalqına “qələbəni” sırımalıdır, bunun üçün “hədiyyə paketinin” içi doldurulur, deyəcəklər ki:
1. Ukraynanın başını əzdik, bütün hərbi infrastrukturunu məhv etdik;
2. Ukraynanın NATO-dan imtinasını təmin etdik, Qərbin arzularını ürəyində qoyduq;
3. Qondarma “DXR və LXR”-i azad etdik;
4. Azov dənizini Rusiyanın daxili sularına çevirdik;
5. Qondarma “respublikalar” vasitəsi ilə Krıma quru yol, koridor açdıq, Krımın su təminatı məsələsini həll etdik.
Vəssalam, indi bu “paketə” qoyulası başqa heç nə yoxdur, yaxın gələcəkdə də olması görünmür, bəs bu kifayətdirmi? Bir müddətdən sonra orta statistik rusiyalı TV “zombisi” ayılıb, “bəs bunlara görə bu qədər müsibətə, itkilərə, iqtisadi çətinliklərə dəyərdimi”, sualını verməyə başlayacaq – bu mütləq baş verəcək. Ona görə də, “paketin” içinə başqa “hədiyyələr” də qoymaq lazımdır, artıq bunun da konturları görünür. Məsələn, Gürcüstanın suveren torpaqları olan Osetiya bölgəsində yaradılmış Kremlin növbəti oyuncağı, qondarma qurumu olan “Cənubi Osetiya Respublikasını” da Rusiyaya qatmaq istəyirlər, çox güman, Abxaziyanı da həmin “hədiyyə paketinin” içinə daxil edəcəklər.
Kreml niyə bu “paketə” ümidlidir? Çünki, orta statistik rusiyalının beyni, düşüncəsi elə Solovyov kimi çalışır – böyük dövlət, İmperiya olmaq ərazi genişlənməsi, yeni torpaqlarla ölçülür. Bir daha, söhbət orta statistik rusiyalıdan gedir, təbii ki, hamı elə deyil, Rusiyada yeni nəsil, böyük şəhərlərdə yaşayanların bir çoxu başqa cür düşünür, onların kritik düşüncə qabiliyyəti daha yüksəkdir, Kreml də ən çox o kəsimdən çəkinir. Amma, orta statistik rusiyalının ayılması da mümkündür, Kreml öz təbliğatının tələsinə düşə bilər – illərdir ki, Kreml Ukrayna ilə bağlı dedikləri, rusiyalıların beyninə yeritdikləri əks effekt verəcək. Çünki, ən azı 8 ildir ki, hər gün mərkəzi TV-lərdən Ukraynanın zəif, faşist, narkoman, əyyaş, Qərbin əl qulluqçusu olduğu söylənilir və Ukraynanı cəmi 72 saata diz çökdürəcəklərini aşılayırdılar. Bunlar alınmır, ona görə də, bir müddət sonra orta statistik rusiyalı da sual verməyə başlayacaq, zaman keçdikcə soyuducusu televizoruna qalib gələcək.
P.S.: Bizim – Azərbaycan üçün yaxın gələcəkdə əsas hədəf dəyişmir, tezliklə Rusiya “sülhməramlılarının” ölkə ərazisindən çıxarılmalıdır. Çünki, Kremlin iştahası arta, gələcəkdə Xankəndində de-fakto tanıdığı qondarma qurumu de-yure də tanıyaraq o “hədiyyə paketinə” salmağa çalışa bilər.