- «Qəbələ»nin son dövrlərdəki çıxışını necə dəyərləndirərdin?
- Sonuncu 2-3 tur çox ağır keçdi. İstər heç-heçələr, istər məğlubiyyətlər bizim üçün gözlənilməz oldu. Mən deyərdim ki, son turlar bizim üçün, yəni çempionluğa oynayan komanda üçün uğursuz oldu. Yəni burada söhbət təkcə «Rəvan» və «Simurq»la oyunlardan getmir. Bütün komandalara hörmətlə yanaşıram. Biz çempionluğa oynayırıq və bu nəticələr bizim üçün gözlənilməz oldu. Deyərdim ki, son 2 turda biz 4 xal itirdik.
- Qeyd etdin ki, çempionluğa oynayan komandayıq. Son 6 turdan 8 xal toplayan komandanın çempionluğundan danışmaq olar?
- Mən sizinlə razıyam, təbii ki, bu, bizə kifayət etmir. Lider «Qarabağ»dan 6 xal geridəyik. Sona 12 tur qalıb, bu da böyük fərqdi. Bu gündən sonra biz xal itirməli deyilik. Əgər biz çempionluğu düşünürüksə, məğlub olmağa haqqımız yoxdu. Rəqibdən asılı olmayaraq, hansını udsaq, bu da 3 xal edir.
- «Neftçi», «Bakı» və «İnter»lə ardıcıl oyunlarınız var. Bu 3 oyundan maksimum, yəni 9 xal qazanmaq olacaq?
- Hələ «Qarabağ»la da kubok oyunumuz var. Amma bunu çempionat oyunlarına daxil etməyək. 3 oyundan maksimum xal toplamalıyıq ki, ən azından mövqeyimizi gücləndirək. «Neftçi», «Bakı» və «İnter» turnir cədvəlində bizdən aşağı pillədə yerləşən komandalardır. Təbii ki, «Qarabağ»ın da çətin oyunları var. Onlar da xal itirə bilər. Lakin biz rəqibin xal itirməsini gözləməməliyik. Sadəcə, öz oyunumuzu oynayıb, qələbə qazanmalıyıq. Bizim qarşımıza məqsəd qoyulub. Biz də özbaşına komanda deyilik ki, nə istəsək, onu da edək. Hər bir komandanın yaxşı və pis günləri olur. Bu səbəbdən də biz çalışmalıyıq.
- Son 6 oyunun 2-də 90 dəqiqə meydanda oldun. Digər 4 oyunda isə ya əvəzləndin, ya da əvəzetmədən oyuna daxil oldun. Tez-tez əvəzlənməyinin səbəbini nədə görürsən? Bu Yuri Syominin sənə qarşı etibarsızlığından irəli gəlmir?
- Yox mən buna etibarsızlıq deməzdim. 2 oyun 90 dəqiqə meydanda olmuşam. AZAL-la oyunda 3-cü sarı vərəqəni aldığıma görə əvəzlənmişəm. Hər halda məşqçi belə məsləhət bilir. Bir mövqedə 4-5 futbolçu var. Bu da bugünkü gündə normaldı. Hər bir böyük komandada bir mövqedə 4-5 futbolçunun olması normal olmalıdı. Mənim elə bir düşüncəm yoxdu ki, məşqçi mənə qarşı etibarsızdı. Əgər bu, belə olsaydı, onda məşqçi məni heç heyətə də salmazdı. Onun buna ixtiyarı çatır. Syomin hər kəsə inanır. Biz də ona inanırıq.
- Düşünmürsən ki, Marat İzmaylov tələb olunanı verə bilmir? Kamran Ağayev də daha çox səhvlərlə yadda qalır...
- Mən bu haqda nə deyə bilərəm? Məşqçi onları əsas heyətə daxil edirsə, deməli nəyisə bizdən yaxşı bilir. Əgər mən məşqçi olsaydım, bəlkə də bunu izah edə bilərdim. Özüm də hazır olmadığım vaxtlarda məşqçi start heyətində mənə şans verirdi. Bunu müzakirə etsəm, mənə deyərlər ki, sən də hazır olmayanda çıxıb oynamısan. Marat İzmaylov komanda yoldaşımdır. Mən hər zaman onu dəstəkləməyə hazıram. İstərsə də, Kamran Ağayev olsun. Millinin qapıçısıdır, məşqçi belə məsləhət görürsə, deməli belə də olmalıdır. Azərbaycan çempionatında İzmaylov səviyyəsində oynayan futbolçu demək olar ki, çox azdı.
- Bir müddət əvvəl Polşa klubuna keçidin gündəmdə idi. Amma keçmədin. Yayda Hacıyevi hansısa əcnəbi klubda görmək olacaq?
- Polşaya getməməyimdə səhv özümün oldu. Yəni qərarı mən belə vermişəm. Nə Polşa klubu, nə də «Qəbələ» tərəfi mənə heç bir problem yaradıb. «Qəbələ» rəhbərliyi mənim üçün hər cür imkan yaradıb. Əgər mən getmək istəsəydim, heç bir problem də yaşanmazdı. Seçimi mən etmişəm və düşünürəm ki, doğru seçim etmişəm. Bundan sonra yenə fikirləşəcəm. Başqa ölkələrdə oynamaq şansı var. Buna yayda aydınlıq gələcək.
- Premyer Liqada keçiriləcək «Neftçi» ilə oyundan sonra «Qarabağ»la kubok oyunu var. Şansları necə dəyərləndirirsən?
- Bu gün kubok qazanmağa hər bir komandanın şansı var. Kubok Avropaya gedən ən qısa yoldu. Ümumiyyətlə mart ən çətin aydı. Biz də əlimizdən gələni edəcəyik ki, həm kubok, həm də çempionatda uğur qazanaq. «Qarabağ» güclü komandadı, amma dünyanın heç bir ölkəsində məğlubedilməz komanda yoxdu. Əvvəlki məğlubiyyətdən nəticə çıxarıb, qələbə qazanmalıyıq.