Vaxt.Az

Tunel...


 

...Yaxud hərəsi bir hekayə olan qətliam qurbanları

Tunel... 3 sentyabr 2021-ci il... Avtomobil dayandı. Kimsə dilləndi: Bu da məşhur tunel!

Mən aşağı enəndə artıq ətraf insanla dolu idi...

Çəkiliş qrupumuz, bizimlə birlikdə gedən başlıbellilər, hərbçilər, Baş Prokurorluğun nümayəndələri, Başlıbelə dəfnə gedən digər heyət... Hər kəs sevinə-sevinə ətrafa baxır, tunelin qarşısında qucaqlaşıb şəkil çəkdirirdi...

Kəlbəcərlilər məni də onlarla dayanmağa dəvət etdilər... Danışa bilmədim, başımla etiraz edib, göz yaşımı gizlətmək üçün maşına qayıtdım...

Titrəyirdim... Möcüzə yaşayırdım... Tuneldə idim! O tuneldə ki, hekayəsini yazmışdım...

O tuneldə ki, 2014-cü ildə “Cəhənnəmdə böyük çığırtı” kitabını yazanda dəqiq təsviri üçün onlarla insanı danışdırmışdım...

O tuneldə ki, “Əsir Düşərgəsi” layihəsinə məhz buradan yola çıxmışdım...

Təbii, sonradan özümü ələ aldım... Film çəkilişimiz bir neçə gün davam etdi... Ağlamadan tuneli o başa da keçdim, bu başa da... Hətta bu ilin fevralında Kəlbəcərə ikinci səfərimdə oradakı dəyişikliyi görəndə sevindim ki, bütün kəlbəcərli, laçınlı və orada xidmət edən hərbçilər kimi, mənim də yaddaşımda HƏMİN TUNEL var...

Bu gün həmin tunel qırğınının 29 ili tamam olur...

Unutmayaq...

1993-cü il martın 31-də Livan əsilli erməni terrorçu Monte Melkonyanın başçılıq etdiyi dəstə Kəlbəcər tunelinin qarşısında 4 avtomobili pusquya salıb atəşə tutdu. Hadisə yerində 63 mülkü şəxs və 1 hərbçi (balakənli əsgər) var idi.

5 nəfər qaçıb xilas ola bildi.

Qalan 59 nəfər öldürüldü və girov götürüldü. 

29 nəfər müxtəlif vaxtlarda girovluqdan azad edildi. Digərləri barədə isə ən son məlumat hələlik ki, ancaq İTV-nin “Tunel” filmindədir. Filmi şərhdə paylaşıram.

Ümid edirəm ki, tezliklə 30 nəfərin taleyi barədə məlumat əldə edə biləcəyik. Arzulayıram ki, onların içində hələ də sağ qalanlar olsun. Ümidimi itirmirəm, çünki tuneldən girov götürülənlər arasında yaralanmayanı da olub. Məsələn, biz Tunel filmini hazırlayanda məlum oldu ki, öldüyü düşünülən bir qadın sağlam vəziyyətdə girovların arasındaymış. Ailə üzvləri də bu barədə filmin çəkiliş prosesində öyrəndi...

Tunel qətliamında öldürülənlərin, girov götürülənlərin və itkin düşənlərin hərəsinin ayrıca hekayəsi var. Qismət olsa, bütün bunları sizə indi üzərində işlədiyim “Tunel” kitabında təqdim edəcəyəm.

Qətliam qurbanlarının ruhuna sonsuz sayğılarla...

İtkinlərin taleyinə aydınlıq gətiriləcəyinə ümidlə...

Həyatda olanların sağlam və uzun ömür yaşaması diləyilə... 

Tunel qarşısında yaşadığım möcüzəni Kətikdən Xocalıya enərkən yaşamaq arzusu ilə...

 





01.04.2022    çap et  çap et