Vaxt.Az

Sudan ucuz?


 

Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...

Sudan ucuz? Bu günlərdə Nazirlər Kabineti “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nda dəyişiklik etdi. Yeni qərar haqqında 3 məsələyə diqqət çəkmək istərdim:

1. Qərarın mahiyyəti

2. Müsbət tərəfləri

3. Mənfi tərəfləri

Mənfi tərəfini sona saxlayaq, genişdir. Başlayaq qərarın mahiyyətindən:

Yeni qaydalara görə müxtəlif texniki vasitələrlə, eləcə də avadanlıqlardan istifadə etməklə yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödəniş edəcəklər.

Amma texniki qurğulardan istifadə etmədən su götürmə pulsuz olacaq.  Eyni zamanda çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması üçün kimi hallar üçün ödəniş nəzərdə tutulmur. Ümumiləşdirsək deyə bilərik ki, hamı üçün istifadəsi mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə istifadəsi ödənişsiz  olaraq qalacaq. 

Eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.

Müsbət tərəfləri:

Kimsə deyirsə ki müsbət tərəfi yoxdur, onda bu ədalətdir ki, biri çayın mənbəyində oturub çayın suyunu səmərəsiz axıdır, digəri  50-60 km uzaqda qurumuş çaydan nə özünə, nə də mal-qarasına su götürə bilmir.

Cənubi Qafqazın su ehtiyatlarının 90%-i erməni və gürcülərin ixtiyarındadır. Bizə cəmi 10% pay qalır. Bunun da 75 faizi transsərhəd sularının payına düşür, yəni qonşu ölkələrin istifadə edib bizə buraxdığı çaylardan asılıyıq. Odur ki, su ehtiyatlarından səmərəli (həm də ədalətli) istifadə edilməsi üçün ciddi mexanizmə ehtiyac var. Bu qərar özünü necə doğruldacaq bunu zaman göstərəcək. Amma hazırkı durumda su ehtiyatlarından necə gəldi istifadə edilmənin qarşısının alınması üçün nəsə etmək mütləq idi. 

Çünki, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf tendensiyası, kənd təsərrüfatı sahələrinin genişlənməsi, eləcə də əhali sayının artması suya olan tələbatı gündən-günə artırır. Buna görə də bəzi ölkələrdə suya  təbii sərvət kimi yanaşaraq dəyər müəyyən edilmişdir. Bəzi ölkələr də isə belə bir dəyər müəyyənləşdirilmədiyi üçün sudan qənaətlə istifadə edilməsi təmin etmək, eyni zaman da suyun dəqiq hesabatının aparılmaq mümkün olmur.

Mənfi tərəflərinə gəldikdə isə...

Bəs bu qaydaların mənfi tərəfləri yoxmu? Təbii ki var. Birinci mənfi tərəfi psixoloji amillərdən yaranan mənfi təsirdir. İnsanlar evlərinin yanından axan çaydan nasosla su vurub təsərrüfat fəaliyyətlərində istədikləri kimi istifadə edə bilməyəcəkləri üçün qərardan məyusluq təbiidir. Niyə Allahın suyunu da doyunca istifadə edə bilmərik? –deyə  sual da gözləniləndir. Amma gəlin etiraf edək ki, birinin çaydan necə gəldi istifadə etməsi, 50 km uzaqdakı digərinin susuz qalmasını da Allah ədalətli hesab etməz. Və ya çayın başında oturan bir kəndin fermeri çaydan su götürəndə bir qəpik ödəmirdi. Amma suyu kanallardan götürən  o biri kəndin fermeri hər min kubmetr üçün pul ödəyirdi. (Çay pulsuz, kanal pulludur) Təbii ki bu ikili yanaşma da doğru deyildi.

Qərarın ən böyük mənfi tərəfi isə sudan istifadəyə görə ödəniş tarifləri müəyyən edildikdən sonra bilmək olacaq. Hələ ki tariflər müəyyən edilməyib. Amma qiymətlər o qədər minimal həddə müəyyən edilməlidir, təsərrüfat subyektlərinin fəaliyyətinə mənfi təsir etməsin. Əsas da kənd təsərrüfatına zərər vurmasın. Onsuz da günü gündən qiyməti artan kənd təsərrüfatı məhsullarının qiymətinin daha da artmasına səbəb olmasın. 

Bir sözlə, qaş düzəldən yerdə göz çıxarmayaq. Suya qənaət edilməsini təşviq etmək üçün ən minimum həddə məbləğ  müəyyən etmək olar. Məbləğ 3-5 qəpik də olsa belə pul ödəyən insan suyun havayı olması və nə qədər istəsən axıda bilməsi düşüncəsindən daşınacaq.

Ən vacib məsələ isə tariflərin differensasiya məsələsidir. Müxtəlif qiymət kateqoriyalarının yaradılmasıdlr. Burada tariflərin müəyyənləşdirilməsi üçün 3-5 kateqoriyaya bolünməsi yetərli olmayacaq. Tariflər həddən artıq differensasiyalı olmalıdır: suyun keyfiyyəti, istifadəyə görə təyinatı, suyun götürülmə və nəqledilmə üsulları, şəhər, kənd, transsərhəd çayları, daxili çaylar, qapalı hövzələr, yeraltı sular, sənaye məqsədləri, kənd təsərrüfatı məqsədləri, ev təsərrüfatlı, kənd sakinlərin adi məişət istifadəsi, əhali kateqoriyaları və sair və ilaxır.  Ciddi təhlillər əsasında üst tarif kateqoriyaları və onların özlərinin alt kateqoriyaları yaradılmalıdır. 

Bir sözlə, əgər sudan ödənişli istifadənin tətbiq edilməsinində əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması və suyun dəqiq uçotunun aparılmasıdırsa onda tariflər ən minimum səviyyədə müəyyən edilməlidir. Yox su təsərrüfatına qaş düzəldən yerdə kənd və ev təsərrüfatlarının gözünü vurub çıxaracağıq.

 





01.04.2022    çap et  çap et