Vaxt.Az

Kremlin qısqanclığı


 

Rusiya Ermənistandakı dayaqlarına aranı qarışdırmaq üçün işarə verib

Kremlin qısqanclığı Gələn həftə, 6 aprel tarixində Brüsseldə Əliyevlə Paşinyanın görüşü gözlənilir, məncə, çox vacib, əhəmiyyətli hadisədir. Konkret sənədlərin imzalanmasını gözləmək çətindir, amma sülh danışıqlarının daimi olması üçün masanın qurulması qərarı mümkündür. Yəni, hər iki ölkənin rəsmi şəxsləri Azərbaycanın təqdim etdiyi və Ermənistanın da inkar etmədiyi 5 təməl prinsiplər ətrafında geniş sülh müqaviləsinin bağlanması üçün daimi fəaliyyətdə olan işçi qrupu təsis edilə bilər. Bu qrup Avropa şəhərlərinin birində, ya da, çox güman, Tiflisdə fəaliyyətə başlaya bilər, məncə, belə bir qərarın olması bölgəmizdə sülhün təsisinin sürətlənməsi üçün vacib bir addım olardı.

Görünən odur ki, Ermənistan özlərinin “Qarabağ problemi” adlandırdıqları  məsələdən tamamən çəkilmək, danışıqları ancaq dövlətlərarası müqavilələrin bağlanmasına fokuslamaq istəyir ki, bu bizə də sərfəlidir. Rusiyaya qarşı kəskin sanksiyaların uzunmüddətli olması artıq şübhə doğurmur, iqtisadiyyatının 70 faizinin Rusiyadan asılı olması Ermənistan üçün əlavə çağırışlar, problemlər yaradır. Ermənistanın Qərbə doğru inteqrasiya istəkləri də aydın görünür, amma bu yol Azərbaycan və Türkiyədən keçir ki, bunu da Paşinyan və komandası aydın dərk edirlər, addımlarını strateji olaraq bu yöndə atmağa çalışırlar. 

İki ölkə arasında Moskvanın iştirakı və moderatorluğu olmadan istənilən görüş və təmaslar Kremli qəzəbləndirir, Rusiyanın xoşuna gəlmir – ona görə də, bacardıqca bu görüşə mane olmağa, və ya, Moskvanın iştirakı olmadan hansısa anlaşma mətninin ortalığa çıxmamasına çalışır. Ona görə də, Kreml Ermənistandakı dayaqlarına aranı qarışdırmaq üçün işarə verib – aprel ayının 5-də, həftənin ikinci günü, Brüssel görüşündən həmən əvvəl ruspərəstlərin İrəvanda mitinqi təyin edilib. Mitinq üçün həmişə həftə sonu seçilirdi, indi bilərəkdən gün həftəiçi seçilib, həm də adıçəkilən görüşdən bir gün əvvələ salınıb.

Açığı məmləkətdə də bənzər provokasiyalar ola bilər, durduq yerdə vətəndaş cəmiyyəti fəalının saxlanılması, mənasız təqiblər görüş öncəsi bizdəki “ruspərəstlərin” davranışına bənzəyir. Bəzi siyasi qüvvələr də ya avamlıqdan, ya da bilərəkdən heç bir ehtiyac olmadan “aksiya” təyin etməyə girişməkləri də, ən azından, suallar yaradır. Azərbaycan cəmiyyətində Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı sıfıra yaxındır – toplum Ukraynanı dəstəkləyir, dövlət səviyyəsində səs-küysüz Ukraynaya yardımlar edilir və buna görə Ukrayna xalqı və dövləti, prezidenti dəfələrlə nümayişkaranə şəkildə təşəkkürünü bildirir, vətəndaşların orqanik olaraq təşkil etdiyi Ukrayna səfirliyi qarşısındakı dəstək aksiyasına hökumət tərəfindən heç bir maneçilik olmadı və bu aksiya çox gözəl və təbii alındı (baxmayaraq ki, bəzi “siyasətçilər” özlərini orda da “yandırdılar”). Yaxşı, bu mövzuda el birliyi, cəmiyyət bütövlüyü varsa, nədən kimlərsə bundan təşvişə düşdülər?! Nə səbəbə orqanik aksiyalar baş tutmuşkən süni gündəm yaratmağa girişdilər?! Nədən bəziləri özlərini “mitinq monopolisti” sayırlar, orqanik aksiyalara qarşı qısqanc yanaşırlar?! 

Bu suallar legitimdir, düşündürücüdür, Brüssel öncəsi hakimiyyətin içində (tək orda da deyillər) olan “ruspərəstlərin” provokasiyalarına qarşı diqqətli olmalıyıq...

 





02.04.2022    çap et  çap et