Vaxt.Az

Cəsədlər həftələrlə küçələrdə qalıb


 

Rusiya işğalçılarının tərk etdiyi Buça dinc sakinlərin meyitləri ilə doludur

Cəsədlər həftələrlə küçələrdə qalıb Rusiya qoşunları Kiyev vilayətində işğal etdikləri yaşayış məntəqələrindən geri çəkildikcə, jurnalistlər və Ukrayna rəsmilərində işğal zamanı orada nə baş verildiyi barədə məlumatlar artır.

Şənbə günü AFP və Reuters jurnalistləri Ukrayna paytaxtının yaxınlığında yerləşən Buça şəhərində olublar. Onlar şəhər küçələrindən təkcə birində 20-dək mülki insanların meyitlərini görüblər.

AFP jurnalistləri tərəfindən çəkilmiş fotoşəkillərdə həlak olanların cəsədləri və dağıdılmış şəhərin görüntüləri əks olunub. Ukrayna hakimiyyəti bu həftə Buça şəhərinə nəzarətini bərpa edib. Bənzər şəkilləri “Reuters” müxbirləri də çəkiblər, həmin şəkillərdə də mülki geyimli insanların cəsədləri, yandırılmış avtomobillər, mərmi və raketlərlə zədələnmiş evlər görünür.

Şənbə günü Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna ordusu Kiyev vilayətinə nəzarəti tamamilə bərpa edib.

Buça ətrafında uzun müddət şiddətli döyüşlər gedib.

AFP agentliyinin fotomüxbiri 20 meyitin səki və ya səkinin qırağından yaxınlıqda olduğunu görüb. Daha üç cəsəd yolun ortasında, digəri isə dağıdılmış evin həyətində qalıb.

Buça şəhərinin meri Anatoli Fedoruk AFP-yə telefonla bildirib ki, “280 nəfər artıq kütləvi məzarlıqlarda basdırılıb”.

Onun sözlərinə görə, şəhərin küçələri meyitlərlə doludur.

Rusiya Müdafiə Nazirliyi ona qarşı şübhələri şərh etməyib. BBC hazırda bu məlumatları təsdiq edə bilmir.

***

Mer Fedorukun sözlərinə görə, ölənlər arasında həm kişilər, həm də qadınlar var, o, həmçinin 14 yaşlı yeniyetmənin cəsədini də gördüyünü söyləyib.

Fedoruk iddia edir ki, şəhərin küçələrində “icərisində uşaq, qadın, nənə və kişi daxil, bütün ailənin öldüyü” maşınlar hələ də qalmaqdadır.

“Reuters”in yaydığı fotolarda ən azı bir qadının cəsədinin qalıqları görünür.

AFP və “Reuters” jurnalistlərinə görə, cəsədlərin bəziləri ola bilsin ki, günlərlə və ya hətta həftələrlə yolda qalıb.

Yerli sakinlər Reuters agentliyinə bildiriblər ki, bu insanlar bir ay ərzində şəhəri işğal altında saxlamış Rusiya hərbçilərinin əməlləri nəticəsində ölüblər.

AFP Buça şəhəri merinin sözlərini iqtibas edir: “Bu insanların hamısı başından güllələnərək qətlə yetirilib”.

Rusiya Müdafiə Nazirliyi bu ittihamlara cavab verməyib, BBC onları təsdiq edə bilmir.

Bu insanların hansı şəraitdə öldürüldüyü barədə dəqiq nəticə çıxarmaq çətindir. “Reuters” müxbirləri yazır ki, onlar partlayış, qəlpə və ya odlu silahdan açılan atəş nəticəsində həlak ola bilərdilər.

Ölənlərdən birinin cəsədi velosipedinin yanındadır. Başqa bir şəxsin cəsədi evindən bir neçə metrliyindədir - bu barədə “Reuters” müxbirinə həmin mərhumun Vasili adlı qonşusu danışıb.

Vasili Reuters müxbirinə işğal altındakı həyatı belə təsvir edib: “İki həftə zirzəmidə oturduq. Nə yemək var idi, nə işıq, nə də isinmək üçün istilik. Suyu şamla qızdırırdıq”.

Buça şəhərinin meri iddia edir ki, həlak olan insanların bir qismi Ukraynanın nəzarətində olan əraziyə çatmaq üçün Buçanka çayını keçən zaman öldürülüblər. Onun dediklərini qısa bir zamanda yoxlamaq mümkün deyil.

***

Fedoruk AFP-yə bildirib ki, şəhər hakimiyyəti Rusiyanın işğalı zamanı həlak olan 280 nəfəri artıq kütləvi məzarlıqda basdırıb.

“Reuters” agentliyinə müsahibəsində o, həlak olan mülkilərin sayının 300 nəfər olduğunu deyib.

***

Ukrayna mətbuatı Buçada kütləvi məzarlıqların olduğu barədə məlumatı artıq martın 13-də yayıb, o zaman İrpin şəhər ilkin tibbi-sanitar yardım mərkəzinin direktoru Andrey Levkovski kütləvi məzarlıqda 67 mülki şəxsin dəfn edilməsi barədə yazıb.

Fedorukun sözlərinə görə, insan cəsədi qalıqları hələ də küçələrdə qalmaqdadır. Şəhərdə mina axtarma işləri davam etdiyindən onları yalnız “üç-dörd günə” yığmaq mümkün olacaq.

“Reuters” Rusiya prezidenti administrasiyası və Rusiya Müdafiə Nazirliyindən şərh istəyib, lakin onlardan hələlik cavab olmayıb.

Bu həftə BBC-nin müxbiri Ceremi Bouven Kiyev vilayətinin başqa bir hissəsində, Mriya və Mıla kəndləri arasındakı yolda daha 13 cəsəd görüb - onlardan bəziləri, mümkündür ki, Ukrayna əsgərlərinə aiddir.

 





04.04.2022    çap et  çap et