“Reuters” xəbər verir ki, Ukrayna “Kiyev ətrafındakı 30-dan çox şəhər və kəndi geri alıb”.
Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq edib ki, Rusiyanın Kiyevdə və ona yaxın ərazilərdə qoyub getdiyi “tam fəlakət”, minalanmış torpaqlar, evlər və avadanlıqlar olan ərazidir. Prezident hətta meyitlərin minalandığını iddia edib.
Zelenski şənbə günü gecə çıxışında deyib: “Rusların sadəcə torpaqlarımızı tərk edəcəklərinə” dair boş ümidlər bəsləməməliyik. Onun sözlərinə görə, sülh yalnız “ağır döyüşlər”, “danışıqlar” və “gündəlik gərgin iş” yolu ilə əldə edilə bilər.
Ukraynanın Qara dəniz sahilində yerləşən Odessadan gələn xəbərlərə görə, Rusiyanın Odessa neft emalı zavoduna endirdiyi raket zərbəsi obyekti məhv edib.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhəri yaxınlığında bir neft emalı zavodunu və yanacaq-sürtkü materialları üçün üç anbarı məhv edib”.
Britaniya hərbi kəşfiyyatı bazar günü bildirib ki, Qara dənizdəki minalar dəniz fəaliyyəti üçün ciddi riskdir. Agentlik minaların mənşəyinin mübahisəli və aydın olmadığını, lakin çox güman ki, Rusiyanın hərbi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
“Associated”ə görə, Ukraynanın baş müzakirəçisi Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqların “Moskva müzakirəçiləri ilə keçən həftə İstanbulda üzbəüz danışıqlar zamanı müzakirə edilən təklif layihəsinin əksəriyyətinə qeyri-rəsmi şəkildə razılaşdıqdan” sonra mümkün ola biləcəyinə işarə edib.