Vaxt.Az

««STOP» yazmaq kifayətdir»


 

«Bakcell»dən Elmira Axundovanın şikayətinə cavab

««STOP» yazmaq kifayətdir» Milli Məclisin dünənki iclasında millət vəkili Elmira Axundova mobil telefonlarda reklam xarakterli bezdirici mesajlardan gileylənib. «Mənim telefonuma gün ərzində «Dobramed», «Sabina», «Melamaldi» və s. kimi mesajlar gəlir. Bundan başqa bu mesajlarda insanları aldatmaq, insanları oyunlara cəlb etmək kifayət qədərdir.

Əsası da odur ki, bu mesajları açanda balansdan pullar silinir. Bu kimi hallar daha çox «Bakcell»də müşahidə olunur. Mən mobil operatorlardan xahiş edərdim ki, müştərilərin razılığı olmadan bu kimi mesajların göndərilməsi dayandırılsın. Rabitə Nazirliyi isə bunun qarşısını almaq üçün əməli tədbirlər görsün».

Modern.az məsələ ilə bağlı «Bakcell» şirkətinin mövqeyini öyrənib: «Abunəçimiz millət vəkili xanım Elmira Qafarovanın xidmətlərimizdən narazı olması bizim üçün narahatçılıq və təəssüf doğuran bir haldır və qeyd olunan məsələnin həlli üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini bildiririk. 

Reklam və digər xarakterli qısa mesajlarının göndərilməsi məsələsinə gəldikdə isə bildiririk ki, bu mürəkkəb prosesdə adətən bir neçə tərəfin iştirakı tələb olunur. Məsələn, abunəçilərə göndərilən «kütləvi SMS»lər adətən Bakcell tərəfindən deyil, digər şirkətlər tərəfindən göndərilir. Kütləvi SMS-lərin isə 3 növü mövcuddur:

- Operator tərəfindən yeni tarif və ya məhsullar barədə göndərilən məlumat;

- Üçüncü tərəflər (yəni məzmun və xidmət təchizatçıları) tərəfindən təqdim olunan xidmətlər;

- Dükan, bank və digər şirkətlərin reklam xarakterli mesajları»

Şirkət reklam xarakterli mesajlarla bağlı şikayətlər aldığını da bildirib:

«Aldığımız şikayətlərin əksəriyyəti reklam xarakterli mesajların göndərilməsi ilə bağlıdır. Buna səbəb isə abunəçilərimizin ticarət və satış nöqtələrində və həmçinin banklar və digər obyektlərdə müəyyən məhsulların əldə edilməsi zamanı satıcılara (və ya satış nümayəndələrinə) öz mobil nömrələrini təqdim etməsidir. Bu kimi mesajlara «Bakcell» tərəfindən nəzarət edilmir, çünki bu SMS-lər həmin şirkətlərin öz müştərilərinə göndərdiyi məlumatlardır və onların tərəfimizdən bloklaşdırılması müqavilənin şərtlərinin pozulması kimi qəbul olunacaq. Həmçinin qeyd etmək lazımdır ki, müəyyən şirkətlər və ticarət nöqtələri öz müştərilərinə reklam xarakterli mesajların göndərilməsi üçün üçüncü tərəflərlə (xidmət və məzmun təchizatçıları) ilə müqavilə bağlayır. Bu halda həmçinin, müştəri barədə məlumat (telefon nömrəsi və s.) elə müştərinin özü tərəfindən satıcılara təqdim edilir (məsələn reklama cavab verməklə və yaxud güzəşt və s. kimi kartların əldə edilməsinə dair ərizə formasını doldurmaqla).

«Bakcell» olaraq müştərilərimizə tövsiyə edirik ki, arzu etmədikləri reklam mesajlarının qarşısını almaq üçün gələcəkdə öz nömrələrini digər tərəflərə təqdim edərkən bir qədər diqqətli olsunlar.

«Bakcell» şirkətinə abunəçilərdən yuxarıda qeyd olunan məsələ ilə bağlı şikayət daxil olduqda, müvafiq üçüncü tərəflərə (provayderlərə) dərhal məlumat verilir və SMS-lərin həmin nömrəyə göndərilməsi dayandırılır. «Bakcell» tərəfindən göndərilən SMS-lərə gəldikdə isə, bildiririk ki, müəyyən SMS-in göndərildiyi nömrəyə «STOP» sözünü göndərməklə mesajların göndərilməsinə qadağa qoymaq olar. Bundan əlavə, istənilməyən mesajlar məsələsinin həllinə dair məlumat «Bakcell» tərəfindən müntəzəm olaraq şirkətin rəsmi sosial media kanalları vasitəsilə abunəçilərə çatdırılır».

«Bakcell» şirkəti bildirib ki, ödənişli xidmətlər abunəçinin yalnız özü tərəfindən SMS və yaxud müəyyən İnternet səhifələri vasitəsilə aktivləşdirilə bilər:

«Yalnız «Bakcell» tərəfindən keçirilən «pulsuz həftələr» tipli kampaniyalar zamanı mütləq qaydada abunəçilərə balansdan məbləğin çıxılmasından əvvəl məlumat verilir. Digər provayderlər isə çox vaxt məlumat vermədən tələb olunan məbləği abunəçinin hesabından silirlər.

Buna görə bütün müştərilərə tövsiyə olunur ki, hər hansı məzmun və ya xidmət təchizatçısının xidmət və ya kampaniyasına qoşulmazdan əvvəl (və yaxud iştirakını təsdiq etməzdən qabaq) həmin xidmətin və ya kampaniyanın müvafiq şərt və qaydaları ilə diqqətlə tanış olsunlar. Bir daha bildiririk ki, Bakcell xidmətlərinə aid olan SMS-lərin dayandırılması üçün müvafiq nömrəyə «STOP» sözünü göndərmək kifayətdir.

Şirkətimiz tərəfindən göndərilən SMS-lər ödənişli deyil və müştərinin balanısa təsir etmir. «Bakcell» şəbəkəsində qısa mesajların alınması pulsuz olan bir xidmətdir. Ödənişli xidmətlərdən istifadə üçün isə mütləq qoşulma tələb olunur. Bəzi hallarda isə müştərilər yeni SİM və yaxud tarif paketinin hissəsi olaraq müəyyən xidmətlərə qoşulmuş olurlar, bu isə yeni paketin şərt və qaydalarında qeyd edilir və yalnız «Bakcell» xidmətlərinə aiddir.

Sonda isə qeyd etmək istərdik ki, «Bakcell» şirkəti yuxarıda qeyd olunan məsələnin dövlət tərəfindən tənzimlənməsini dəstəkləyir. İnanırıq ki, müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə görüləcək işlər «Bakcell»in öz müştərilərinə göstərdiyi xidmətlərin keyfiyyət və səviyyəsinin artırılmasına kömək edəcək».

 





05.03.2014    çap et  çap et