Vaxt.Az

“121-i azyaşlı uşaqdır”


 

BMT: “Rusiyanın hücumu başlayandan Ukraynada 1417 dinc sakin öldürülüb”

“121-i azyaşlı uşaqdır” BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Ukraynada baş verənlərlə bağlı hesabat yayıb. Beynəlxalq təşkilatın məlumatına görə, Rusiya qoşunlarının ölkəyə hücumu başlayandan bəri azı 1417 dinc sakin həlak olub, 2038 nəfər isə ağır yaralanıb.

Təşkilat həmçinin 121 azyaşlı uşağın ölümünü müstəqil şəkildə təsdiqləyə bilib. Belə ki, müharibə zamanı 22 qız və 40 oğlan həlak olub, 59 uşağın cinsini müəyyənləşdirmək mümkün olmayıb. Təşkilatın məlumatına görə, 171 uşaq ağır yaralanıb.

BMT-nin məlumatına görə, ölümlərə ən çox səbəb “ağır artilleriya və raket sistemləri, eləcə də hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı qurğulardan istifadə” olub.

Təşkilatın yaydığı rəqəmlərdə Rusiya qoşunlarının çıxarılmasından sonra Kiyev vilayətində aşkar edilən mülki şəxslərin cəsədlərinin daxil edilib-edilmədiyi barədə məlumat verilmir. Ukraynanın baş prokuroru İrina Venediktovanın sözlərinə görə, Buçada azı 410 mülki vətəndaşın cəsədi tapılıb.

Aprelin 3-də səhər saatlarında jurnalistlər və Ukrayna rəsmiləri Kiyevin şimal-qərbində yerləşən Buça şəhərinin küçələrində onlarla insanın öldüyü barədə məlumat verib. Mülki geyimli, bəzən əlləri bağlanmış insan cəsədlərinin şəkilləri “Reuters”, UNIAN, AFP xəbər agentlikləri tərəfindən yayımlanıb.

Həmin gün beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” təşkilatı Rusiya qoşunlarının müvəqqəti nəzarətində olan Ukrayna ərazilərində hərbi cinayətləri haqqında hesabat dərc edib. Bunlar Çerniqov, Xarkov və Kiyev vilayətləridir.

“Bizim sənədləşdirdiyimiz hallar Ukraynanın mülki əhalisinə qarşı qəsdən törədilən qəddarlığı və zorakılığı əks etdirir. Onlar müharibə cinayətləri kimi araşdırılmalıdır”, - deyə, “Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

 





04.04.2022    çap et  çap et