Xüsusi olaraq, qeyd edim ki, bu durumda əndişəyə düşəcək qeyri-adi heç nə yoxdur. Çünki eyni coğrafiyada yaşayan müsəlmanlar Ramazan ayına eyni gündə başlasa belə, məsələn, ABŞ-da yaşayan müsəlmanlar bu ayın ibadətinə bir gün sonra başlayacaqdı.
Ramazan ayının orucu ilə bağlı Qurani-Kərimdəki ayələrdən biri belədir: “Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar” (“Bəqərə” surəsi, ayə 185).
Bu ayənin bir çox məallarında “yetişən” ifadəsinin əvəzinə şahid olan kəlməsi istifadə olunub. Hilalın (Ayın ilk günü) müşahidə edilməsi fiqh olaraq bir də fərdi qaydada olması göstərişi var.
Ramazan ayının başlanması ilə fiqhi məsələlərdə iki müxtəlif yanaşma var: Ayın çıxması ilə Ramazan orucuna başlamaq və Ayın görünməsi ilə oruca başlamaq.
Qeyd edim ki, bu il Ramazan ayının hilalı Şimali və Cənubi Amerika qitələrinin ortasında müşahidə edilib. Amerikada müşahidə olunan Ay təbii olaraq, Azərbaycan səmasında bir gün sonra görünəcək. Həmin gün Ay Günəşdən 23 dəqiqə sonra batacaq. Amerikada görünən Ayın optik cihazlarsız Azərbaycanda müşahidə etməyin mümkünsüzlüyü də bəllidir.
Fiqhi məsələlərə geniş toxunmadan bildirmək istəyirəm, İslam coğrafiyası dünyanın elə böyük qismini əhatə edir ki, bizim istəyimizdən asılı olmayaraq, Ramazan ayına eyni gündə başlamaq mümkün də deyil. Necə ki, Azərbaycanda yaşayan müsəlman Uzaq Şərqdə yaşayan müsəlmanla məsələn, sübh namazını eyni vaxta qıla bilməz, eləcə də Ramazan ayının gün fərqi ilə elan olunması heç bir əndişəyə yol açmır. İslam müxtəlifliyi sevən dindir, bu müxtəlifliyi ilə də gözəldir. Xahişim də budur: bu məsələdə qeyri-adi səbəblər axtarmayın!
Bir də onu xatırladım ki, müsəlmanların eyni gündə orucluğa başlaya bilməyib, eyni gündə bayram etmədiyini irad tutanlar xristianların Pasxa bayramlarının qeyd olunduğu tarixlərə də nəzər salsınlar. Katolik, pravoslav və s. cərəyanların Pasxası bir-birindən ən azı 10 gündən çox fərqli vaxta qeyd olunur.
Ramazan ayı insanın nəfsi üzərində mücadilə olduğundan heç bir halda başqaları ilə qovğa deyil. Günün bəlli saatlarında halal olanlardan kənar durmaq insana ruhun bədən üzərində qələbəsinin təntənəsini aşılayır bu ay.
Bir də onu qeyd edim ki, çox böyük ehtimalla müsəlmanlar Fitr (Ramazan) bayramını mayın 2-də keçirəcək, inşəallah. Ramazan ayına müxtəlif vaxtlarda başlayanların bir qismi Şaban ayının 30, başqa bir qismi isə 29 gün olduğunu elan ediblər. Bu hesablamaya da uyğun olaraq, Ramazan ayının orucunu 29 və 30 gün tutmaqla bayram gününün eyni tarixə uyğun olacağı daha böyük ehtimallar sırasındadır. Hər kəsin dilindən qopan dua, etdiyi ibadət yalnız Allahın verəcəyi mükafata dönsün. İlahi feyz qəlblərimizi işıqlandırsın!
Oruc elə ibadətdir ki, onu göstəriş üçün etmək mümkün deyil. Çünki kimin oruclu olub, olmadığını Allahdan başqası bilməz. Orucluğun məsuliyyətini dərk edən insanlar “orucluyam” deməz, “niyyətliyəm” deyər. Əməllər də niyyətlərə bağlıdır.
Sonda onu da qeyd edim ki, Ramazan orucu ixtilaflara dayana biləcək ibadət deyil. Hətta aprelin 3-də Ramazan ayının başlandığını bəyan edənlərin çoxu aprelin 2-də də oruclu olacaqlar. Ramazan orucu Allaha xatir edilən ibadətdir, mükafatını da Allah verəcək.