ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 22-də keçirdiyi brifinqdə “çətin hesab edilən qərarları qəbul etmək vəzifəsi Tehranın üzərinə düşür” deyib.
“Bu danışıqların dayandırılmasına görə Amerika cavabdehdir. Razılaşma çox yaxındır”, Xətibzadə həftəlik mətbuat konfransında bildirib.
Ən böyük və ən mürəkkəb maneə İranın Birləşmiş Ştatlardan iqtisadiyyatda mühüm rol oynayan və İran silahlı qüvvələrinin bir qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Xarici Terror Təşkilatları (FTO) siyahısından çıxarmasını tələb etməsidir.
Tehran SEPAH-ın qara siyahıdan çıxarılmasının “qırmızı xətt” olduğunu deyib. Vaşinqton məsələni birbaşa şərh etməsə də, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyalarının istənilən razılaşma əsasında qüvvədə qalacağını bildirib.
Birləşmiş Ştatlar rəsmilərinin regionda qeyri-sabitlik yaratmaqda və silahlı qruplaşmaları dəstəkləməkdə ittiham etdiyi SEPAH məsələsi mübahisəli olaraq qalır. SEPAH eləcə də İranın mübahisəli raket proqramına cavabdehdir.
İran 2015-ci ildə ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə əlamətdar saziş imzalayıb. Bu, İranın nüvə proqramlarını məhdudlaşdırmaq müqabilində sanksiyaların yumşaldılmasına imkan verib.
Lakin şərtlərin İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını alması üçün kifayət qədər sərt olmadığını və Tehranın regionda ekstremist fəaliyyətlərə dəstək verdiyi iddia edən sabiq Prezident Donald Tramp 2018-ci ilin mayında ABŞ-ı sazişdən çıxarıb.
İran nüvə silahı əldə etmək istədiyini təkzib edib. Nüvə proqramının mülki məqsədlər üçün olduğunu bildirib və ekstremistlərə dəstək ittihamlarını rədd edib.
Vaşinqtonun sazişdən çıxmasından sonra İran sazişdə müəyyən edilmiş məhdudiyyətləri pozub və ABŞ-ın razılaşmaya qayıtmasından əvvəl sanksiyaların ləğv edilməsində israr edib.