Bu fikirləri Ermənistanın “Hraparak” qəzeti yazıb.
Qəzet qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin xüsusilə Xocalının Fərrux kəndi ətrafındakı ərazilərdə və bəzi yüksəkliklərdə möhkəmlənməsindən sonra mülki ermənilər pessimizmə yuvarlanıb.
“Onlar artıq tədricən əmin olmağa başlayıblar ki, vəziyyət daha əvvəlki kimi olmayacaq, əksinə, getdikcə pisləşəcək. Bir tərəfdən Rusiya sülhməramlıları hələ də azərbaycanlıları Fərrux ətrafından əvvəlki mövqelərə qaytara bilməyib, digər tərəfdən də onlar (Azərbaycan Ordusunun bölmələri – red.) müxtəlif istiqamətlərdə yavaş-yavaş irəliləyir və hətta yeni mövqelər tutur. “Artsax xalqı” ümidsizliyə düçar olur, artıq başa düşürlər ki, Ermənistan hökuməti tədricən onları unudur. Nikol Paşinyanın hər çıxışından sonra əhval-ruhiyyə daha da pisləşir”, – deyə “Hraparak” Qarabağ erməniləri arasındakı hazırkı vəziyyəti bədbin fonda təsvir edib.
Eyni zamanda qeyd olunur ki, bir müddət əvvəl Xankəndidə yaranmış qaz problemindən sonra mülki şəxslər bir daha əmin oldular ki, bundan sonra Azərbaycan dövlətindən asılılıqları getdikcə güclənəcək.
Qəzetin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin son iclasındakı çıxışından sonra Qarabağdan mühacirət etmək istəyənlər xeyli çoxalıb.
“Hraparak” qeyd edir ki, Qarabağdakı separatçı rejimlə rəsmi İrəvanın maraqları da gündən-günə bir-birindən uzaqlaşır. Ermənistan hökumətinin nümayəndələri son vaxtlar Qarabağa gəlib-getməyi yaddan çıxarıblar.
“Arayik Arutunyan da anlayır ki, həm xaricdə, həm də daxildə çətin sınaqlarla üz-üzə qalıblar”,-deyə məqalədə vurğulanıb. Qeyd olunur ki, separatçıların başçısı Qarabağın ermənilərdən boşalmaması üçün idarəetmə və vəsaitlərinin xərclənməsi prioritetlərini dəyişməlidirlər.
Qəzet yazır ki, əgər ötən il Ermənistandan xeyli qaçqın Qarabağa qaytarılmışdısa, bu il prosesi bərpa etmək mümkün olmayıb. Qarabağdan köçüb gedənlər geri qayıtmağa maraq göstərmirlər. Qarabağdakılar isə çıxıb getməyə meyilləniblər… (modern.az)