Vaxt.Az

“Putin anladı ki, Qərb sınmadı”


 

Rusiya qüvvələri şərqdə və cənubda qruplaşdırılır

“Putin anladı ki, Qərb sınmadı” ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib ki, Rusiya hazırda Ukraynadakı qoşunlarını ölkənin şərqində və cənubunda yenidən qruplaşdırır.

Sallivan aprelin 4-də Ağ Evdə keçirdiyi brifinqdə deyib: “Bu mərhələdə biz əminik ki, Rusiya özünün müharibə məqsədlərinə yenidən baxır və hazırda diqqətini bütün Ukrayna ərazisinə yox, onun şərq və cənub hissələrinə yönəldib”.

Sallivan deyib ki, böyük bir ehtimalla Rusiyanın məqsədi bu regionda Ukrayna qüvvələrinə üstün gəlmək və onu mühasirəyə salmaqdır:

“Rusiya bunun ardınca hər hansı taktiki uğurdan özünün qələbə qazandığı barədə təsəvvür yaratmaq və bundan əvvəlki hərbi uğursuzluqlarını pərdələmək üçün istifadə edə bilər”.

***

Salivan xəbərdarlıq edib ki, Rusiya Kiyev ətrafındakı qüvvələrini geri çəkərək moskvayönlü separatçıların Donbasda nəzarətində olan əraziləri genişləndirmək məqsədi ilə səylərini ikiqat artırmağa çalışır.

ABŞ milli təhlükəsizlik müşaviri bunu da bildirib ki, Rusiyanın hərbi qüvvələri Xerson şəhərini nəzarətdə saxlamaq üçün əlindən gələni edəcək.

Lakin Sallivan Rusiya qüvvələrinin Kiyev ətrafından çıxarılmasını məhz “geri çəkilmə” adlandırıb və deyib ki, Moskva Kiyev istiqamətində məqsədlərinə çata bilməyib.

O deyib ki, ABŞ Ukraynaya hərbi və humanitar dəstəyini bundan sonra da davam etdirəcək: “Ruslar anladılar ki, Qərb sınmadı”.

Sallivan habelə bildirib ki, ABŞ Buçada törədilmiş qətliamla bağlı Rusiya üzərinə yeni sanksiyaların qoyulması üçün müttəfiqləri ilə məsləhətləşmələr aparır.

 





05.04.2022    çap et  çap et